Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / “Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” – İsgəndər Həmidov

“Gərək Rəsul Quliyev kimilərinə vəzifə verilməyəydi” – İsgəndər Həmidov

Rəsul Quliyevin AXC iqtidarına ittihamlarına sərt reaksiya

Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin jurnalist Emin Hüseynova verdiyi müsahibədən sonra onunla Xalq Cəbhəsi hakimiyyətinin təmsilçiləri arasında yaranan qarşıdurma səngimək bilmir. Hər iki tərəf bir-birilərinin ünvanına nəinki ən sərt ittihamlar yağdırır, hətta ən ağır formada təhqirlər səsləndirirlər.

Son olaraq, sabiq spiker ovqat.com-a müsahibəsində narazılıqları daha da alovlandırıb. O, AXC hakimiyyətinin ünvanına növbəti sərt ittihamlarını dilə gətirib. Geniş müsahibənin əsas diqqətçəkən yerləri bunlardır: “Elçibəyin komandasında ən az olmuş (20 günə yaxın) adam mənəm. Mən Elçibəylə bir insan kimi dostluq etmişəm, ona demokratik dövlət qurmaq istiqamətində səmimi şəkildə kömək etmək istəmişəm, ancaq ”onun silahdaşı olmuşam” – desəm, yalançı pafos olar. Mən qəti sürətdə onun xarici, kadr və s. siyasətlərini, iqtisadi reformalar istiqamətində süst mövqeyini heç vaxt dəstəkləməmişəm və bunu hər zaman onun nəzərinə çatdırmağa cəhd etmişəm. Müstəqillik sütunu üzərində əsə-əsə dayanmış bir ölkənin prezidentinin RF-nın əleyhinə danışması, Türkiyənin bir vilayəti olmasını arzu etməsi, Təbrizə Şimali Azərbaycanın bayrağını taxacağından danışması ümumiyyətlə heç bir xarici siyasətinin olmamasından xəbər verir.

Rəsul Quliyev ile ilgili görsel sonucu

Və ya heç 25 ildən sonra belə, bir rayonun JEK-də işləyə bilməyəcək birini gətirib baş nazir qoymaqla nəyə ümid bəsləyirdi Elçibəy? Nəticədə Sürət Hüseynov 3 tankı və 70 nəfər nəşəli adamları ilə dövlət çevrilişi etdi. 1992-ci ilin mayında hakimiyyəti ələ keçirmiş Xalq Cəbhəsi liderlərinin bir aya yaxın gördükləri işlər millətin böyük əksəriyyətinin onlardan üz döndərməsi ilə nəticələnmişdi. Əgər parlamentin sədri Yaqub Məmmədov namizədliyini geri götürməyə məcbur edilməsəydi, birinci turda Elçibəy maksimum 35 faiz səs toplayardı. Digər namizəd Nizami müəllimlə rəqabətdə keçən seçki əslində 2-ci tura qalmalıydı; çünki Elçibəy ən çoxu 47 faiz səs toplamışdı. Bu açıqlamaları mən o JEK müdiri-baş nazirlərin yekə-yekə danışmaqlarına görə verirəm”.

R.Quliyevin AXC hakimiyyətinin baş naziri kimi hədəf aldığı şəxs AXP sədri Pənah Hüseyndir. Keçmiş nazir qısa olaraq bunları dedi: “Rəsul Quliyevin dediklərinə cavab verməyə ehtiyac duymuram. Məndə bu barədə xüsusi bir maraq da yoxdur”.

İsgəndər Həmidov ile ilgili görsel sonucu

Xalq Cəbhəsi iqtidarı dövründə daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidov R.Quliyevin dediklərinin cəfəng olduğunu bildirdi: “Yəqin ki, Pənah bəy barəsində deyilənlərə cavab verəcək. O bizim hakimiyyətin ən savadlı, dünyagörmüş şəxslərindən biridir. Əvvəl Pənah bəy dövlət katibi, sonra isə baş nazir oldu. Rəsul Quliyev onun müavini idi. Yəni o, həmin hakimiyyətdə təmsil olunurdu. Ondan qabaq Neft Şirkətində müavin idi, ondan öncə də Neftayırma Zavodunun müdiri idi. Özünü indi niyə kənara çəkir? O fikirlərində tarixləri təhrif də edib. Çünki Yaqub Məmmədov o zaman namizədliyini geri götürmədi. Seçki zamanı bir nəfər iddiasını geri götürdü, o da Tamerlan Qarayev idi, Əbülfəz bəyin xeyrinə namizədliyini geri götürmüşdü. Əbülfəz bəy demokratik yolla qalib gəlib ölkə rəhbəri oldu. Tarixi təhrif etmək kimə və nəyə lazımdır? Rəsul Quliyevin dedikləri boş və cəfəng fikirlərdir. Yaqub bəy daxil olmaqla beş nəfər namizəd var idi və onlardan yalnız biri iddiasını geri götürdü. Rəsul Quliyev unutmamalıdır ki, bizim hakimiyyətdə təmsil olunub. Əbülfəz bəyin böyüklüyü onda idi ki, hakimiyyət naminə qarşıdurmaya getmədi. Rəsul Quliyev niyə belə yalanlar danışır? Açığı çox təəccüb edirəm. O seçkilərdə heç kəs məcbur edilməyib ki, iddiasından geri çəkilsin. Tamerlan Qarayev öz istəyi ilə geri çəkildi. O, Xalq Cəbhəsinin üzvü idi və Xalq Cəbhəsinin rəhbərinin namizədliyi veriləndən sonra geri çəkildi. Bu dünənki tarixdir, sənədlər də itməyib. 20 gün AXC hakimiyyətində təmsil olunduğunu deyir, açığı bu fikirlərinə də məəttəl qalmışam. Neft Şirkətində müavin olmaq, Neftayırma Zavodunda müdir, baş nazirin müavini olmaq hakimiyyətdə təmsil olunmaq deyilmi? Kadr islahatlarını dəstəkləmədiyini deyir, gərək onun kimilərinə vəzifə verilməyəydi. Yəqin indiki iqtidara yarınmaqdan ötrü belə açıqlamalar verir, iyirmi neçə ildən sonra yenidən bizi hədəfə gətirir. Xarici siyasətimizdən də danışıb. Bunun barədə deyə bilərəm ki, Əbülfəz bəy Təbrizə bayraq asmaq söhbətini prezident seçilənə qədər edib. Digər tərəfdən Türkiyə bizə qardaş ölkədir, bizi iki dəfə xilas edib, yenə də qardaş ölkə olaraq qalır, amma heç vaxt Əbülfəz bəy deməyib ki, Azərbaycan Türkiyənin bir əyaləti olsun.

Boris Yeltsinlə Elçibəy görüşüb ile ilgili görsel sonucu

Boris Yeltsinlə Elçibəy görüşüb, rus qoşunlarını da bəli ölkədən biz çıxarmışıq. Müstəqil bir ölkənin ərazisində nə üçün kənar bir dövlətin qoşunları olmalıdır? Rəsul Quliyev burada da tam mənasız və təhrifedici fikirlər səsləndirib. Hakimiyyətimizin ilk ayında gördüyümüz işlərə görə xalqın bizdən üz döndərdiyini deməsi də çox gülməlidir.

AXC-nin hakimiyyəti ələ keçirdiyini də deyir. Bu da tam yalandır. 1990-ci ilin 15 mayında Azərbaycan Konstitusiyası pozulmuşdu, xalq qalxıb konstitusiyanı bərpa etdi. Biz də xalqın önündə getmişik. Xalqın konstitusiyanı bərpa etməsi və hakimiyyəti devirmək tam ayrı-ayrı anlayışlardır. Burada da Rəsul Quliyev nəyisə qarışdırır. Mənə təəccüb gələn odur ki, AXC hakimiyyəti dövründə Rəsul Quliyevin incik düşdüyü hallar olmayıb. Hətta rəhmətlik Əbülfəz bəy onu çox himayə edirdi. Sadəcə düşünürəm ki, o indiki hakimiyyətə xoş gəlməkdən ötrü belə açıqlamalar verir. Bu şəxsin təzadına baxın. Axşam ona sual verirlər ki, çağırsalar bugünkü hakimiyyətlə bir yerdə işləyərsən, deyir xeyr. Səhəri gün isə deyir ki, baxır kimin çağırmağı. Səni yalnız bir şəxs çağıra bilər ki, o da ölkənin rəhbəridir. Deməli burada əl yeri qoyur ki, çağırsa gedib işləyə bilərəm”.

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …