Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Gərək əlimizə düşən bu TARİXİ ŞANSDAN sona qədər yararlanardıq – Keçmiş “zamkombriq”

Gərək əlimizə düşən bu TARİXİ ŞANSDAN sona qədər yararlanardıq – Keçmiş “zamkombriq”

Dünən elan olunmuş atəşkəs haqqında razılıqla əlaqədar çoxsaylı fikirlər, çoxlu müzakirələr gedir deyə mənim də bir peşəkar hərbçi, birinci Qarabağ savaşı dönəmində ən uğurlu döyüş əməliyyatını – 23 yaşayış məntəqəsini rus-erməni işğalından azad edən Füzuli döyüş briqadasının komandir müavini kimi fikrimi soruşan çoxsayı keşmiş hərbçi dostlarım və sosial şəbəkə istifadəçiləri var. Onların çoxsaylı müraciətlərini nəzərə alaraq aşağıdakıları bildirməyi zəruri sayıram.
Bəli əzizlərim, mən də baş verənlərdən dolayı ikili hislər keçirirəm. Həm sevinirəm, həm də çox, həddən çox kədərlənirəm. Sevinirəm ki, nəhayət ki, 23 ildən sonra biz dünyanın söz sahibi olan ölkələrini – Amerikanı, Çini, Rusiyanı, İngiltərəni, Fransanı və adını çəkmədiyim digərlərini başa sala bildik ki, bizim işimiz haqq işidir və gec-tez biz bu haqqımıza nail olacağıq. Hətta dünənə kimi Qarabağ düyününün açılmasında o qədər də maraqlı olmayan dövlətlərlə yanaşı BMT, ATƏT, NATO və digərləri də dilə gəlib Azərbaycanın başladığı haqq savaşının dayandırılmasını xahiş və bəzən də tələb etməyə başlamışdılar. Halbuki indiyə kimi onların səsi belə çıxmırdı və soruşanda da deyirdilər ki, bu məsələ ilə ATƏT və onun bivec Minsk qrupu məşğul olur. Və ən maraqlısı o idi ki, onlar bu vicdansız və ədalətsiz bir qrumun fəaliyyətini dəstəklədiyini qeyd edirdilər. Adam əsəbdən özünə yer tapa bilmirdi ki, axı bu ATƏT-in üç həmsədri ortalığa hansı nəticəni qoyublar ki, bunları belə dəstəkliyirlər? Sən demə ortalıqda tamam başqa niyyət və məqsəd varmış deyə, bunlar belə cənfəşanlıq edir və danışırdılar. Baş verənlərdən çox, həddən çox məyusluq hissi keçirirəm ki, biz gərək əlimizə düşən bu TARİXİ ŞANSDAN sona qədər yararlanardıq. Sözümün canı odur ki, gərək işğalçını torpaqlarımızdan qovub çıxara-çıxara danışıqlara razılıq verərdik. Yəqin ki, bu müddət ərzində indiki dəqiqələrdə, ən azından Füzuli, Cəbrayıl və Ağdərə rayonları Azərbaycan ordusunun tam nəzarətində olardı. Bunu çəkinmədən deyirəm və bütün Azərbaycan xalqı bu şad xəbəri gözləyirdi. Ancaq və yenə ancaq, ortalığa rus siyasətinin Putin-Lavrov tandemi düşdü və biz yenə də humanistlik numayiş etdirərək belə gözlənilməz qərar verdik. Mən əsla ölkə rəhbərliyinin bu qərarına hörmətsizlik kimi yanaşmıram, sadəcə daxilimdə olan inam və daxilimdə olan narahatçılıq onu deməyə əsas verir ki, ortalıqda çox ÇİRKİN və MƏKRLİ bir plan var. Düşmənə, hansı ki, bu son 4-5 gündə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin gücünü, əzmini gördü, vaxt udmaq və onun yenidən üstümüzə gəlməsi üçün havadarları tərəfindən bir şans əldə edilmiş kimi görürəm baş verənləri. Təki mən yanılım öz mülahizələrimdə, düşüncələrimdə, amma varlığım qədər inanıram ki, bu dəfə Rusiyanın Putin-Lavrov cütlüyü bizim xalq üçün çox məkrli bir plan hazırlamaq fikirindədirlər və artıq onlar bu zəhəri altdan-altdan bizə tərəf püskürməyə başlayıblar. Beynəlxalq qurumlardan da heç bir gözləntim yoxdur. Sadəcə intensiv bir danışıq, müzakirə, bəzən reallığa yaxın, bəzən isə reallıqdan çox uzaq “siçan-pişik” oyunu oynanılmağa başlayacaq.
Məni Bakıda rahat şəraitdə oturub guya real vəziyyəti düzgün qiymətləndirməməkdə qınasalar da deməliyəm ki, biz çox, həddən çox TARİXİ ŞANSI – doğma Qarabağımızı qısa bir müddətdə Azərbaycanın yurusdiksiyasına qaytarılması məsələsini bir qədər sonrakı, bəlkə də daha uzun bir arxa vaxta keçirdik. Hamınızdan çox-çox üzr diləyərək, təvazıkarlıqdan uzaq da olsa demək istəyirəm ki, birinci Qarabağ savaşında Füzuli döyüş briqadasının komandir müavini kimi aşağıdakılar qeyd etməyə bilmərəm. Sözdə deyil, real döyüşdə cəngavər əsgər və zabitlərimizlə bərabər çox qısa bir zamanda 23 yaşayış məntəqəsini düşməndən azad olunmasında birbaşa iştrakçı kimi deyirəm ki, Silahlı Qüvvələrimiz, Müdafiə Nazirliyimiz də bu dəfəki əməliyyatda bəzi çox ciddi məsələləri hesab edirəm ki, nəzərə almadı. Bu haqda geniş danışmaq istəməzdim, amma peşəkarlar mənim nə demək istədiyimi yəqin ki, anlıyırlar. Bütövlükdə, Silahlı Qüvvələrimiz çox böyük qəhrəmanlıq və şücaət göstərdilər.
Tanrıdan 31 nəfər Müqəddəs Şəhidlik Zirvəsinə ucalan zabit və əsgərlərimizin, bacı və qardaşlarımızın əziz ruhlarına Ulu Tanrıdan rəhmət diləyirəm. Doğmalarına və əzizlərinə səbr və dözüm arzulayıram. Yaralı hərbçi və mülki vətəndaşlarımıza Allahdan tezliklə şəfa diləyirəm.
Tanrı Azərbaycanımızı, onun Silahlı Qüvvələrini qorusun!!!
Üzeyir Cəfərov, hərbi ekspert
moderator.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın