Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “Fransadan, İngiltərədən, Rusiyadan bütün namussuzlar üzərimə gəldi” – Deputat

“Fransadan, İngiltərədən, Rusiyadan bütün namussuzlar üzərimə gəldi” – Deputat

“Proses alınmadı. Tələb səsləndirdilər ki, qanunu pozmuş polislər cəzalandırılsın. Məsələ araşdırılandan sonra dövlət dərhal günahı olan polisləri cəzalandırdı. Zərərçəkmiş ailə üzərindən dövləti ittiham altında tutmaq istədilər, yenə də alınmadı. Ailənin başçısı xanım çıxıb prezidentə təşəkkür etdi. Bu əzabkeşlik variantını da davam etdirə bilmədilər”.

Bu sözləri BQP sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Qeyd edib ki, polisin evinə daxil olduğu xanım yaxasını cıranların hamısından daha şüurli və dövlətçi vətəndaşdır: “İmkan vermədi ki, bu qaragüruhçu qüvvə ölkənin polisinin üzərinə məqsədyönlü çirkab kampaniyası yönəltməklə iğtişaşlar yaratsın. Azərbaycan polisi də bir çox davranışları ilə məsuliyyətli vətəndaşlarla hər hansı problemin olmadığını sübut etdi. Əlacları qaldı bu qaragüruh sürüsünün qarşısında öz sözü və qələmi ilə Azərbaycan polisinə zibil atanları qınayan şəxsləri hədəf almağa.

Gör nədən mədət ummağa başladılar: Polisə zibil atan şəxsləri dəstəkləyən bir neçə profil sahibinin şəxsimizə qaşı təhqirlərinə cavab olaraq yazdığımız “it sürüsü” ifadəsinin aidiyyatını təhrif edərək “deputat xalqa it küçüyü dedi” başlıqları ilə paylaşaraq cahil və başıboş kütləni öz alətləri üçün istifadə etdilər. Bu dəfə bir neçə xuliqanın obrazını xalq obrazı ilə eyniləşdirərək istiqaməti dəyişməyə çalışdılar. Olsun, bu bizim cəmiyyətin reallığıdır, yazılı mətn ənənəsi olmayanda dini də, tarixi də bu cür əzbərləyib öyrənirsən və sonradan anlayırsan ki, nələrsə mahiyyətə uyğun gəlmir. Hansısa məqsədli insanlar artıq bu yalanları ona görə ictimailəşdirə bilir ki, özü kimilərin psixologiyasını tam əsartəi altına alıb. Sabah bu sürüdə olanlar öz dəstəkçilərinə belə hansısa rasional mövqe çatdıra bilməzlər, əks halda dərhal öz kütləsinin gözündə ən yaramaz birisinə çevriləcəklər”.

Millət vəkili daha sonra daxildə və xaricdə fəaliyyət göstərən adamlardan danışıb: “Daxildə və xaricdə sosial şəbəkəyə doluşmuş Fransadan, İngiltərədən, Rusiyadan bütün namussuzlar üzərimə gəldi. On il öncə dünyasını dəyişmiş və hamısının böyüklərindən daha şərəfli və ləyaqətli ömür yaşamış, Naxçıvan şəhərinin əksər binalarını inşa etmiş, ölkənin əməkdar inşaatçı olan atamın ruhunu incitdilər. Mənim qələmimin və sözümün qarşısında duruş gətirə bilməyən, sözün bütün mənasında bizim böyük xalqın adından danışmağa çalışan it sürüsü bir suala cavab verə bilmədi ki, bəs on il sonradamı böhtan atdığınız vəfat etmiş adam sizin əzizlərinizin pozğun həyatını o dünyadan necə tənzimləyə bilir? Mən hər zaman siyasi mübarizəni insanın özü ilə aparıram, heç vaxt Qurbanın atası Cəlal kişi barədə böhtan da olsa, doğru da olsa fikir söyləsələr, deyərəm ki, ləyaqəti olanlar insanın özü ilə mübarizə apararlar, onun valideyinləri, ailəsi, uşaqları ilə deyil. O isə müraciət edir ki, buyursun hansısa naxçıvanlı, əzizlərindən kimin hansısa hoteldə zərərçəkən olması barədə bilgi versin. Sizi gidi it sürüsü, hansı namussuz üsullara əl atsanız da, bu xalqın, bu dövlətin maraqlarını daha qətiyyətlə qoruyacağam. Əmin olun, nə intellektiniz, nə əxlaqınız, nə də şəxsiyyətiniz mənimlə savaş aparmağa yetərli deyil. Sizi şüursuz sürü üzvü kimi yetişdirmiş öz atanızın (əminəm ki, bundan da bixəbərsiniz!) əxlaqını təftiş edin, məni bu xalqın, bu millətin haqqını müdafiə edən, qaragüruçuluğun, nadanlığın qarşısında duruş gətirə bilən bir vətəndaş kimi yetişdirən bir atanın övladı olmağımla yalnız fəxarət duyuram.

Vaxtilə 30 il öncənin qaragüruhunun lideri Nizami Süleymanov qondarma sənəd çıxarmışdı ki, bəs Elçibəyin atası Qədirqulu kişi ermənidir və bunu Ordubadda qoyulmuş abidənin altında yazıblar. O zaman bu ittihamla üzərimizə gələn siz qaragüruhçuların, dedi-qoduçuların ataları da bu yalanı böyük həvəslə tirajlayır, mətbuatda ittiham mövzusuna çevirirdilər. Prezident seçkilərində 15 gün ərzində meydana çıxmış bir qaraguruhçu akademikin gözlənilmədən yüksək səs almasını eşidəndə həyatını bu millətin azadlığına həsr etmiş mərhum Elçibəy deyirdi ki, bir xalq üçün azadlıqdan daha böyük mədə dəyərləri olanda güclü dövlət yaratmaq mümkün deyil”.

Deputat daha sonra vurğulayıb ki, illərdir siyasi çalışmaların içində dəfələrdə müxtəlif mövzularda qaragüruha dirəniş göstərib: “Bunu həyati əhəmiyyətli məsələ hesab edirəm, çünki Azərbaycanın başına gələn bütün bəlalar məhz bu amillə bağlıdır. Xatırlayıram, Gəncədə dövlətə qarşı 1993-cü ilin iyun qiyamı baş qaldıranda populyar bir mövzu vardı: “qardaş qırğını”. Ağdamdan olan bir ziyalı dostumuz mənə zəng edib irad bildirirdi ki, nahaq qardaş qırğınına getmisiniz. Deyirdim ki, öldürülən dövlətin adamlarıdır, bu dövlətə qarşı qiyamdır, dar düşüncəli insanlar, yəni qaragüruhçular buna hakimiyyətdən qisas alınması hadisəsi kimi yanaşırlar, ancaq bədəlini mütləq ödəyəcəklər. Az keçmiş Surət Hüseynovun guya xilaskar kimi Ağdama girən başıpozuq dəstələri məqsədyönlü şəkildə bu Vətən torpağını ermənilərin qaşısında müdafiəsiz qoyanda həmin ziyalı dostumun telefonda ağlaya-ağlaya söylədiyi sözlər indiyədək qulağımdadır: “Bu qardaşı niyə qırmadınız, təkcə hakimiyyət getmədi, həm də Ağdam getdi”. İndi də təqribən bu hadisəyə bənzər reallıqdır. Niyə bütün hücumlar əsasən polisə yönəlib? Burada iki il öncə Gəncədə baş verənlərin uyğun ssenarisini sezmək elə də çətin deyil. Maraqlıdır ki, son illərdə polisdə xeyli müsbət yöndə davranış dəyişiklikləri baş verib, vətəndaşla münasibətdə mədəni üslub artıb, iş adamlarına qanunsuz müdaxilələr demək olar ki, yox səviyyəsindədir. Karantin dövründə isə Azərbaycanın qəhrəman tibb işçiləri ilə yanaşı ən böyük fədakarlığı edən peşə sahibləri məhz Azərbaycan polisləri və daxili qoşunların əsgərləri oldu. Eyni fədakar davranış Dövlət Təhlükəsizlik Xidməti personalı və Silahlı Qüvvələrimizin təmsilçiləri tətəfindən sərgiləndi. Etiraf edək ki, bu gün mühacirətdə olan insanların bir qisminin incik vəziyyətə düşməsinin səbəbi həm keçmiş MTN şüfinin cinayətkar bandası, həm bəzi polis məmurları və prokurorluq orqanlarının vəzifəli şəxsləri, həm də qanunsuz qərralar verən məhkəmə hakimləri ilə bağlıdır. Kiminsə mülkiyyətinə, kiminsə gəlirinə qanunsuz müdaxilə olunub, bir sıra sahibkarlar hər şeyini atıb ölkənin tərk ediblər. Yəni çox az bir hissə siyasi mövqeyinə görə mühacirətə üz tutub, sosial-iqtisadi səbəblər daha çox üstünlük təşkil edir. Ona görə də ölkəmizdə elə azad iqtisadi mühit yaratmalıyıq, inhisarçılığa son qoymalıyıq ki, bu insanların öz ölkəsində rifah içində yaşaması mümkün olsun. Əslində polis qanunların icraçısıdır. Vətəndaşın əsas problemi başında korrupsionerlərin durduğu məhkəmə sistemidir, bu sistemdə də ölkə prezidenti tərəfindən ciddi islahatlara start verilib və məhkəmə ədalətinə inamı bərpa edərsək, polis- vətəndaş münasibətlərində etimad amili xeyli yüksələcəkdir”.

Fazil Mustafa fikirlərinə daha sonra belə davam edib: “Əlbəttə, polis vətəndaşı incitməməlidir, qanunlara əməl etməlidir, öz içində formanı daşımağa layiq olmayanlardan təmizlənməlidir, daha peşəkar kadrlar işə götürülməlidir. Ancaq polisin tələblərinə tabe olmaq istəməyən şəxslərə qarşı olsa belə, qanunauyğun davranmayan bir neçə polisin hərəkətini böyük bir ajiotaja çevirərək məqsədyönlü şəkildə bütövlükdə polis təşkilatını hədəfə alanlar dövlətin ən mühüm qoruyucu zirehini deşmək məqsədi güdürdülər və bir çox yayılmış videolardan yaranan emosiyalardan təsirlənən vətəndaşlarımızı da öz çirkin əməllərinə alət etmək istəyirdilər.

Dövlətdə hansısa bizi narazı salan boşluqlar varsa, onu dağıdaraq düzəldə bilmərik, onu təmir edərək düzəltməliyik. Bunun da inqilabi variantını düşünənlər, məhz polisə zibil atanları dəstəkləyənlərdir. Yenə də deyirəm, unutmayın, istənilən dövrdə, xüsusilə də karantin dövründə polisimizə zibil atmanın arxasınca güllə atmaq gələcəkdir. Zibil atmanı təşviq edənlər, məhz o güllə atmanı təqdir edənlərdir, məhz Gəncədə günahsız polis qardaşlarımızı qətlə yetirənlərlə həmrəy olanlardır. Məsuliyyətli vətəndaşlar islahatlardan başqa yolu düşünməzlər, çünki bir inqilab, bir hakimiyyət boşluğu hansı nəticəni doğura bilər, artıq bunu yetkinlik yaşına çatmış hər bir azərbaycanlı dəqiq anlayır. Mənim həmin o ağdamlı dostum da bunu anlayacaqdı. Fəqət Ağdam işğal olunduqdan sonra ürəyi partlayıb dünyasını dəyişməsəydi…

Bu arada günün gərginliyinə rağmən cəmiyyətdə ziyalı adı ilə tanınan bir neçə şəxsdən mobil telefonuma zəng gəldi. Hamısının söyləşisinin özəti təqribən belə idi: “Bu qaragüruh dalğası cəmiyyətimiz üçün çox təhlükəlidir, mövqeyinizi dəstəkləyirik, lakin bunu açıq ifadə edə bilmirik. Çünki yığışıb pis-pis söyüşlərlə söyəcəklər”. Mən də anlayıram ki, bu qaragüruhu idarə edən narazılıq duyğusunun təməlində mütləq hansısa inciklik hadisəsi var, bir çox hallarda normal düşüncəli fərdlərdir, ancaq sürü içində tərbiyəsizləşməyə məhkumdurlar. Burada söyüş söyməyəni sürüdən qovurlar. Yəni dövlətdən inciklik üçün əsaslar onlarda hər şeyə, hər kəsə nifrət sterotipi yaradıb. Ancaq bizim qaragüruhdan da acınacaqlı gündə olanımız bu ziyalı adı altında başını cəncələ soxmaq istəməyən və savaşı kənardan seyr edən bir zümrədir. Bunların sosial şəbəkələrdə Rəsulzadədən, Elçibəydən bir şeylər paylaşmasına çox da aldanmayın, profil çərçivəsinə yerləşdirdikləri bu və ya başqa büt şəkilləri sizləri çaşdırmasın, əksəriyyəti həmin qaragüruhun səssiz müdafiəçilərdir. Bunu yazar Şərif Ağayarın söyüş terroruna qarşı ürək yanğısı ilə yazdığı yazısından daha aydın sezmək olur. Bir yazar, bir şair, bir alim qaragüruhçu zehniyyətin diqtə etdiyi hay-küyün qarşısında qorxudan öz fərqli və faydalı sözünü deyə bilməyəcəksə, narahat olmayın, bu boşluğu doldurmağa hər cür zərərli axının qarşısında durmağı ömür kredosuna çevirmiş bir millət vəkilinin cəsarəti çatacaqdır. Bu küy bir neçə günə yatandan sonra doğruları söyləyən səsimizi daha aydın eşidəcəksiniz. O zaman içinizdə azacıq səmimiyəti və insanlığı olanlar “xalqı təhqir etdi” yalanının altında hansısa ifadənin olmadığını görəcək və həmin o it sürüsündən ayrılıb Azərbaycan xalqını və dövlətini canıyla, qanıyla, idrakı ilə müdafiə edən ləyaqətli insanlara qoşulacaqsınız.

Bir Allah şahididir ki, biz, parlamentdə, dövlət vəzifələrində iqtidar nemətlərindən illərdir yararlanaraq titullarının yastığında mürgüləyənlərdən olmadıq, xalqı düşündürən ən ciddi mövzuları gündəmə gətirdik, bəlkə də elmi, siyasi, dini, tarixi mövzularda xalqımızın düşüncə həyatına töfhəsi olacaq məsələləri canlandırdıq və bu ziyalıların əksəriyyətinin təşəbbüslərini və özlərini dəstəklədik, problemlərinin həllində yardımçı olduq. Ancaq yazdığım yazılara qaragüruhun qorxusundan bəyənmə işarəsi qoymaqdan çəkindiyini etiraf edən, kənarda öz prikollarını paylaşmaqla başını qatan “dostları” görəndə bir daha düşündüm ki, tək də olsaq, on da, yüz də, qətiyyən durmaq olmaz, sona qədər xalqımızı içindən dağıdacaq bu qaragüruh virusuna qarşı Mirzə Fəthəli dəyanəti ilə savaşmaq lazım, bu məxluqları tərbiyələndirərək müqəddəs saydığımız xalqa qazandırmaq lazım. Yalandan düzüb-qoşduğunuz və bizə aid etdiyiniz ifadəni özünüzə geri çevirirəm: Bu xalqa qarşı ən böyük təhqir sizlərin başımıza, beynimizə, düşüncəmizə sözün bütün mənası ilə oturmanızdır. Məhz sizə görə bu xalqın son 50 ildə dünya arenasına çıxacaq yazarı, filosofu, alimi yetişmədi. Çünki fərqli fikir söyləməyə qoymadınız, söydünüz, susdurdunuz. Qarşınızda bu dövlətin gücü durmasa hamısını məmnuniyyətlə məhv edərsiniz. Ona görə də Azərbaycan polisi üzərindən, Azərbaycan hakimiyyəti üzərindən Azərbaycan dövlətini hədəf seçmisiniz, onu zəiflətmək, çökdürmək üçün ən çirkin vasitələrə əl atırsınız. Siz düşüncə hanniballarısınız, siz nizam hanniballarısınız, bu dövləti yemək istəyən dişləriniz mütləq qırılacaqdır.

Bilirəm, bu xeyli çətin olacaq, xeyli namussuzun böhtan və şantajları ilə üzləşəcəksən, ancaq bu millətin və dövlətin varlığını qorumaq üçün ya bu virusun peyvəndini tapmalıyıq, ya da mutasiya olunmasını gözləməliyik… Əminəm ki, peyvənd tapılmayacaq, çünki bizim də daxil olduğumuz Şərq ölkələrində məhz bu qaragüruhun sayəsində düşünən başlar kəsildiyinə, danışan dillər susdurulduğuna görə elmi kəşflər uzun əsrlərdir olmur. Bəs mutasiya? Əslində mən sizlərə maariflənməniz üçün yazdığım yazılarla məhz bu işlə məşğulam. Bu qədər öz dövlətinə kin püskürən ruhu xəstənin mütailəsini təmin etmək, eyni zamanda mutasiyanın həyata keçirməsi üçün şərait yaratmaqdır. Bu qaragüruhçuların başlarına döyə-döyə, söyə-söyə də olsa yazılarımı oxumağa məhkum etmişəm, bu onları ağıllandıracaq, dəyişəcək, öz dövlətlərinə sayğılarını artıracaq. Eyb etməz, əvvəl böhtan üçün, şantaj üçün işlərinə yaraya biləcək sözlər, ifadələr axtaracaqlar, ardınca keçəcəklər düşündürücü məqamlara. Dəyişəcəklər, ağıllanacaqlar, əxlaqlı olacaqlar. O zaman xalqımız və dövlətimiz üçün bu virusun təhlükəsi yoxa çıxacaqdır, ən azı qaragüruh başımızda və ürəyimizdə oturmayacaqdır. Həm də qaragüruhun söyüşlərindən qorxaraq danışığını qısmış bəzi zavallı ziyalıların da düşüncə həyatına dönüşünə imkan yaranacaq.

Bir də adam kimi oturub düşünsəniz, hər şey yaxşı ola bilər!”

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …