Bazar ertəsi , May 10 2021
Ana səhifə / Siyasət / Fikrət Sadıxov: “ATƏT-in Minsk Qrupunun köməyinə ehtiyacımız yoxdur”

Fikrət Sadıxov: “ATƏT-in Minsk Qrupunun köməyinə ehtiyacımız yoxdur”

“Kiminsə bizim torpaqlarımıza göz dikməsi, eyni zamanda bizi revanşist adlandırması və erməniləri tamamilə məhv etmək mövqeyində olduğumuza dair günahlandırması ən azından reallığı görməməkdir”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonuncu səhifəsi çoxdan oxunulub.

Onun fikrincə, belə sərsəm bəyanatlar, doğrudan da, Paşinyanın psixi stabilliyinin olmaması ilə əlaqədardır: “Bildiyimiz kimi, Nikol Paşinyan parlament iclaslarında xüsusilə müharibədən əvvəl və müharibə dövründə yaranmış vəziyyətlə bağlı bir sıra sərsəm bəyanatlar verib. Təsadüfi deyil ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyan Paşinyanın psixi durumunun normal olmadığını bildirib. Çünki bütün bunlar faktiki olaraq onun göstəricisidir. Dağlıq Qarabağ heç vaxt Ermənistana məxsus olmayıb. Azərbaycanın əzəli torpaqlarıdır, Azərbaycan öz gücü və qüdrəti ilə bu torpaqları işğaldan azad edib. İndi artıq nə Paşinyan, nə Ermənistanın keçmiş ya gələcək rəhbərləri heç vaxt Qarabağın Ermənistanda olmasını görə bilməzlər. Çünki Azərbaycan buna imkan verməz”.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də münasibət bildirən F.Sadıxovun sözlərinə görə, Qrup üzvləri anlayırlar ki, “offsite” vəziyyətinə düşüblər, yəni kənarlaşdırılıblar.

Politoloq əlavə edib ki, Azərbaycan 30 il gözləmə mövqeyindən sonra heç kəsin köməyi olmadan özü bu məsələni həll edib: “Başa ATƏT-in Minsk Qrupu funksiyalarını yerinə yetirməyib. İndi özlərinə hansısa dayaq nöqtəsi axtarmağa çalışırlar: müəyyən bəyanatlarla çıxış edirlər, müxtəlif təkliflər irəli sürürlər və s. Lakin bizim Minsk Qrupunun burda olmasına və onların köməyinə ehtiyacımız yoxdur. Əgər onlar, həqiqətən də, regionda stabillik və təhlükəsizliyin qorunmasını istəyirlərsə, o zaman Ermənistana müəyyən təzyiq göstərsinlər. Ermənistanı ağla gətirsinlər ki, belə sərsəm bəyanatlar verməsin və birdəfəlik ərazi iddiasından əl çəksin. Başa düşsünlər ki, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan bir sıra maddələri yerinə yetirməlidir. Təkrar edirəm, Minsk Qrupu bu istiqamətdə nəsə bir iş görmək istəyirsə, görsün, bizim etirazımız yoxdur”.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …