Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / FHN-in institut direktoruna və polis polkovnikinə şok ittihamlar – 600 minlik qalmaqal

FHN-in institut direktoruna və polis polkovnikinə şok ittihamlar – 600 minlik qalmaqal

Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.

Bu gün ölkədə dələduzların qurbanına çevrilmiş xeyli sayda insan haqqının bərpa edilməsi üçün hara müraciət etmək lazım olduğu sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdırmaq üçün mətbuata üz tutur.

Elə Zərdab rayon Qoruqbağı kənd sakini, uzun illər Rusiyada biznes fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycana qayıtmış Mustafayev Sadiq Möhübbət oğlunu da belələrindən biri hesab etmək olar.

Mətbuat vasitəsilə səsini Prezident İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova çatdırmaq istəyən Sadiq Musatafayev də, məhz vəzifəli şəxsin və onun yaxınlarının dələduzluğunun qurbanına çevrildiyini iddia edir.

Onu aldadıb, külli miqdarda pulunu mənimsəyənlərin isə Fövqəladə Hallar Nazirliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Aslan oğlu Qarayev və onun kürəkəni, DİN-in əməkdaşı (Artıq sabiq-red), polis polkovnik-leytenantı Əli Faiq oğlu Məlikov olduğunu bildirir.

“140 min dollarımı qaytardılar, 460 mini qaldı”

Beləliklə, “ənənəvi” dələduzluq sxemi ilə “tələyə” salındığını iddia edən Sadiq Mustafayev deyir:

“Mənim “Azkommunlayihə” İnstitutunun direktoru Sahib Qarayevlə tanışlığım onun kürəkəni Məlikov Əli Faiq oğlu vasitəsilə olub. Əli ilə mənim dostluğum hələ gənclik illərindən – 1996-cı ildən başlayır. Sonradan onunla ailəvi dost olmuşuq, xeyrimiz-şərimiz bir olub. Yəni bu dostluğa görə bir-birimizə qarşı etibarımız, inamımız olub.

Ona gərə də, uzun illər dostluq etdiyim Əli Məlikov 2012-ci ilin sonlarında mənə birlikdə iş görməyi təklif edəndə, bunu bir dost təklifi kimi qarşıladım. O bildirdi ki, qayınatası ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin layihə işləri ilə məşğul olur, müxtəlif layihələr həyata keçirirlər. Təmir işləri, obyektlərin mebellə təchizatı, müəyyən ərazilərdə santexnika işlərinin görülməsi layihələri olur.

Əli dedi ki, bu layihələri həyata keçirməklə müəyyən qazanc əldə etmək mümkündür. Ancaq layihələri əldə etmək üçün əvvəlcədən pul vermək lazımdır. Mən də dedim ki, hazırda məndə belə bir işə qoşulmaq üçün pul yoxdur. Onda Əli mənə dedi ki, bir yerdən tap gətir, birlikdə iş görək, qısa müddətdə qazanıb borcumuzu qaytararıq. Mən də getdim dostdan-tanışdan bu pulu topladım”.

Sadiq Mustafayevin sözlərinə görə, o, qohumlardan, dost-tanışdan toplamaqla 3-4 dəfəyə Əli Məlikova 600 min dollar pul verib: “Bu pulun 385 min dollarını Rövşən Quliyev, 140 min dollarını Rafiq Bağırzadə, 70 min dollarını da Xəyyam Əsgərov adlı dostumdan alaraq, Əli Məlikova vermişəm. Pulu verdikdən sonra xeyli müddət Əlidən bir xəbər çıxmadı. Mən də hər dəfə soruşduqda, “darıxma, bu həftə, gələn həftə düzələcək” deyirdi. Beləcə bir müddət keçdi. Mən də artıq narazılıq etməyə başlamışdım. Həm özümə, həm də borc götürdüyüm dostlarımdan birinə pul lazım idi. Əli Məlikova dedim ki, iş gecikirsə pulun bir hissəsini qaytarsın. Əli də məsələni qaynı, Sahib Qarayevin oğlu Məhəmmədə danışmışdı. Məhəmməd Qarayev həmin vaxt 9-cu polis bölməsində kapitan idi. Onlar birlikdə 140 min dolllar düzəldərək, mənə qaytardılar. Bundan sonra mənim onlarda 460 min dollarım qaldı.

Sahib Qarayevlə ilk görüş…

Xeyli vaxt keçdikdən sonra bir gün Əli Məlikov gəldi ki, qayınatam Sahib Qarayev səninlə görüşmək istəyir, get onun yanına. Mən də getdim onun iş yerinə – direktoru olduğu ”Azkommunlayihə” İnstitutuna. Sahib Qarayev məni çox yaxşı qarşıladı. Dedi səninlə çoxdan görüşüb, tanış olmaq istəyirdim. Bütün məsələlərdən xəbərdar olduğunu bildirdi. Mənə dedi ki, narahat olma, hər şey mənim nəzarətimdədir, elə bil pulları mənə vermisən. Bundan sonra həmin pulun qarşılığında mənə müxtəlif işlər təklif etdi.

Dedi ki, mən çoxdandır sənin kimi adam axtarıram ki, bu işləri verim. Əlimdə çoxlu layihələr olur ki, onları həyata keçirməyə adamlar lazımdır. Hətta dedi ki, bir az tez gəlsə idin Zaqatala-Balakən zonasında sel nəticəsində ziyan dəymiş evlərin təmiri ilə bağlı layihənin icrasını da sənə tapşırardım.

Sonra bildirdi ki, başqa layihələr var, onların icrasını sənə tapşıracam. Mənə çoxlu vəd verdikdən sonra, tikintidən anlayışı olan tanışımın, yaxınımın olub-olmadığını soruşdu. Dedi ki, “varsa gətir layihəni verim, gedin smeta dəyərini işləyin, hesablayıb mənə deyin. Mən də pul ayırım, işləyib həm qazanc götürün, həm də Əli Məlikovun sizdən aldığı pulu bağlayaq. Mən də belə bir qohumum olduğunu dedim. Elə ordaca Əkrəm Qasımov adlı qohumuma zəng edib, çağırdım.

Sahib Qarayev ona bir neçə sual verdi. Əkrəmin tikintidən yaxşı anlayışı olduğunu gördükdə, üzünü mənə tutub dedi ki, məndə sizə veriləsi iş çoxdur. “Torqovı”da Namiq Axundov adına 1 saylı məktəbin arxasındakı idman zalının sökülüb, yenidən müasir səviyyədə tikilməsi işini, Qəbələnin müəyyən hissəsində və Bakının Fatmayi kəndində kanalizasiya xətlərinin dəyişdiririlməsi işini, Qəbələdə kafe tikintisi işini və sairi bizə həvalə edəcəyini vəd etdi.

İlk olaraq isə Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı məktəb üçün 30 əlavə şagird otağının tikintisi layihəsini təqdim etdi. Dedi ki, gedin bu layihənin smeta dəyərini hesablayıb gətirin, pul ayırım işə başlayın.

Biz də həmin layihənin smeta dəyərini 15-20 gün ərzində hesablayıb, gətirdik. Baxdı, xoşuna gəldi”.

“Mənə bir qəbz imzalatdırdı…”

Sadiq Mustafayev bildirir ki, bu layihənin ona verilməsi ilə bağlı danışıqlar gedən zaman Sahib Qarayev ona bir qəbz də imzalatdırıb: “Bu layihə ilə bağlı söhbətlər gedən zaman Sahib Qarayev mənə dedi ki, aramızda bir qəbz imzalamağımız lazımdır. Dedim nə qəbz, mən pulu qəbzlə verməmişəm axı. Dedi ki, sənə verəcəyim layihələrin birindən 200 min, birindən 100 min, birindən də 60 min qazanc əldə edəcəksən. Bu da ümumilikdə 360 min edir. Belədə sənə 100 min borcumuz qalır. Gedin buna dair qəbz yazın, imzalayın, həmin 100 mini də mən sənə qaytaracam. Hətta and içdi ki, “getdiyim Məkkə haqqı sənin pulunu qaytaracam”. Mən də açığı layihələri gördükdən sonra, həm də Əli ilə olan dostluğumuza görə ürəyimə başqa nəsə gəlmədi, razılaşdım. 2013-cü ilin iyunun 2-də Şəxsiyyət vəsiqəmin surətini çıxartdılar, altına da yazdım ki, mənə Əlinin 100 min dollar borcu qalır. Qəbzi də Əli və qardaşı Vüqarla yanaşı, ortaq dostumuz Dindar Adıgözəlov da imzaladı. Sonradan aldadılaraq imzaladığım bu qəbzdən mənim özümə qarşı istifadə etdilər…”.

“Layihəni təsdiqlətmək üçün pul istədi, 20 min dollar verdim…”

Qayıdaq Sahib Qarayevin Sadiq Mustafayevə hazırlatdığı layihəyə. S.Mustafayevin sözlərinə görə, onlar tikintinin hər kv.metri üçün 500 manat verilməsini istəyiblər. Ancaq Sahib Qarayev 450 manatdan hesablanmasını istəyib: “Layihənin smeta dəyəri 921 min manat idi. Tikintinin hər kv. metrinə 450 manat ayıranda, təxminən 200 min manatdan artıq qazanc qalırdı. Odur ki, biz razılaşdıq. Sahib Qarayev dedi ki, həftənin 5-ci günü gələrsiz, pulu ayıraram işə başlayarsız (S.Mustafayev sözügedən layihəni də bizə təqdim edib -red).

Ancaq dedi ki, bu layihəni təsdiqlətmək üçün pul lazımdır. 30 min dolları sən ver, qalanını isə mən düzəldərəm. Mən dedim imkanın yoxdur. Lakin israr etdi ki, mütləq tapmaq lazımdır. Layihəni keçirmək üçün nazirlikdə, rəhbərlikdə müəyyən şəxslərə pul çatmalıdır. Mən də çarəsiz qalıb dost-tanışdan 20 000 dollar da tapdım və bu məbləği otağında Sahib Qarayevə təqdim etdim”.

Pulu alanda Sahib Qarayev əlavə vədlər verib: “Dedi ki, mən nə qədər burdayam, səninlə çox işlər görəcəyik. Əlavə olaraq mənə Fatmai kəndində kanalizasiya işlərini görməyi tapşırdı. Mən də Əkrəm Qasımovla birlikdə fəhlə tutaraq gedib həmin işi gördük. Öz vəsaitimiz hesabına 3 gün orda işlədik. Əkrəm fəhlələrin pulunu öz cibindən verdi. Ancaq nə onun pulunu verdi, nə də bizə hazırlatdığı layihənin.

5-ci gün yanına gələndə dedi ki, o işi bir başqasına 650 min manata satdım. Həftənin 2-ci günü gəl, sənin pulunu verəcəyəm. 2-ci gün gəldim, dedi get ayın 25-i gəl. Bu söhbət olub 2013-cü ilin iyun ayında. Ayın 25–i gəldim, dedi get sabah sənə zəng vuracaqlar, görüş sənə pul verəcəklər. Səhərisi gün zəng oldu, mən də getdim Nərimanovda həmin adamla görüşdüm. Gələn Sahib Qarayevin oğlunun qayınatası Gülbala idi. Əlində mənim yazdığım qəbz də vardı. Cibindən 3900 manat çıxardıb verdi. Dedi mənə bunu veriblər.

Qayıtdım yenidən Sahib Qarayevin yanına. Dedim mənim başıma niyə bu oyunu açırsız, niyə pulumu qaytarmırsız?

Qayıtdı ki, bəs imkan yoxdur, düzəldəndə verərəm.

Mən də bu zaman bir qədər əsəbləşdim. Dedim ki, pulumu verməməyiniz bir yana, 2-3 aydır məni yollarda süründürürsüz, gah layihə hazırlatdırırsız, gah kanalizasiya düzəltdirirsiz, bütün bunlar nə deməkdir?

edim ki, sizə verdiyim pulları qaytarmasanız şikayət edəcəyəm. Bu zaman S.Qarayev qayıtdı ki, get əlin hara çatır, ayağını da ora uzat. Şikayət edib, nə edəcəksən? Mənə heç kim heç nə edə bilməz!

“Mənim başımı qatıb, qızını sənəd üstündə boşatdırdı”

Mən deyəndə ki, dövlət var, qanun var, çıxarıb mənə qızının Əli Məlikovdan boşanmasına dair sənədi göstərdi. Məlum oldu ki, mənim başımı qatıb, qızını guya boşatdırıb ki, Əli Məlikovun adında heç nə qalmasın. Bütün əmlaklarını, evlərini keçiriblər qızının adına. Məsələn, Xətai metrosunun yaxınlığında 230 kv.metrlik bir ev almışdılar. Təsəvvür edin, bu evin təmirində 600 manatlıq divar kağızından istifadə etmişdilər. Evdən çox muzeyə bənzəyir. Yalandan deyirlər ki, Nəqliyyat Nazirliyinin departament rəisinə satmışıq. Yəni, bu boşanma formal xarakter daşıyır. Faktiki olaraq bu gün də bir yerdə yaşayırlar.

Bundan əlavə 9-cu mikrorayanda, başqa yerlərdə də evləri var. Əli anadan olduğu Ağdaşda 3 mərtəbəli villa tikdirir. Demək olar ki, tam başa çatdırıb (Bax aşağıdakı fotoya).

S.Qarayevin özünün isə paytaxtda 7 yerdə evi var. Novxanıda böyük bir villası. Dənizə yaxın. Bütün bunlar hardandır? Mənim kimi aldadılmış insanların hesabınadır”.

“Əli Məlikov həbs olundu, 1 aydan sonra azadlığa çıxdı”

Sadiq Mustafayev deyir ki, Sahib Qarayevlə bu söhbətdən sonra onların pulu qaytarmaq fikrində olmadıqlarına əmin olub. Əli isə onunla görüşməkdən qaçıb. Buna görə də vəkil tutaraq hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb: “Mingəçevirdən Sahib Əzizov adlı vəkillə müqavilə imzaladım. 2013-cü ilin sentyabr ayında Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazdıq. İş getdi “Bandotdel”ə. Ordan çağırıb həm məndən, həm də pul aldığım adamlardan izahat aldılar. İşi müstəntiq Canpolad Daanov aparırdı.

Bir müddət sonra iş göndərildi Səbail rayon Polis İdarəsinə. Getdik orda da yenidən hamıdan izahat aldılar. Amma real bir nəticə olmadı”.

Zərərçəkənin çoxsaylı şikayətlərindən sonra, iş Səbail Rayon Prokurorluğunda araşdırılmağa başlanılır: “Araşdırma zamanı mənim dediklərim təsdiqini tapdı və 29.11.2013-cü il tarixində cinayət işi açıldı. Əli Məlikova CM-nin 178.3.2. maddəsi ilə ittiham irəli sürdülər və həbs olundu. Ancaq Sahib Qarayev məsələni həll etdi, təxminən 1 ay sonra Əli azadlığa buraxıldı”.

“Müstəntiq dedi ki, get Kəmaləddin Heydərovdan qəbz al gətir…”

Sadiq Mustafayevin sözlərinə görə, cinayət işi açılsa da müstəntiq Sahib Qarayevi işə cəlb etmək istəməyib: “Mən Səbail Rayon Prokurorluğunun müstəntiqi Elşən Məmmədova dedim ki, niyə Sahib Qarayevdən izahat alınmır, niyə mənimlə üzləşdirilmir? Layihəni o verib, buna görə pul alıb. Dedi mənim FHN-in işçisini çağırmağa ixtiyarım yoxdu. Get nazir Kəmaləddin Heydərovdan bir qəbz al, icazə versin, mən də Sahib Qarayevi çağırıb izahat alım. Halbuki hamı bilir ki, Kəmaləddin Heydərov qanunu pozan, dələduz birini müdafiə etməz”.

Sahib Qarayev məsuliyyətə cəlb edilmədiyindən Sadiq Mustafayevin vəkili Bakı Şəhər Prokurorluğuna müraciət edir: “Bizi orda prokurorun müavini Azər Əsgərov qəbul elədi. Müstəntiq Elşən Məmmədovu da çağırdı. Mən nə baş verib, hamısını danışdım. Elşən Məmmədovun dediklərini də bildirdim. Bundan sonra Azər Əsgərov Elşən Məmədovdan soruşdu ki, onların mülklərini yoxlamısan, nə işlər gördüklərini araşdırmısan.
“Yox” cavabı alandan sonra Azər Əsgərov əsəbləşdi ki, “onda sən nə iş görmüsən? Ciddi səhvlər etmisən! Sənə 3 gün vaxt verirəm, Sahib Qarayevi çağırırsan, izahatının alırsan, üzləşdirirsən. Hamısının da video çəkilişini apar və mənə məlumat ver”.

Elşən Məmmədov həmin vaxt dəfələrlə “baş üstə”, “oldu” desə də, ordan çıxandan sonra yenə bu işə məsuliyyətsiz yanaşdı. Axırda bir hörmətli şəxslə danışdıq, o Elşən Məmədova zəng edərək, işə ciddi yanaşmağı tapşırdı. Bundan sonra Sahib Qarayevin ifadəsini aldı, həm Əli ilə, həm də Sahib Qarayevlə üzləşmə oldu”.

“Təklif etdi ki, məsələni yoluna qoyaq…”

Üzləşmədə Sahib Qarayev məsələni yoluna qoymağı təklif edib. “Mən də dedim ki, pulu qaytarın, mən də şikayətimi geri götürüm. Qayıtdı ki, bəs o puldan nə keçə bilərsən. Dedim mən sizinlə alver etmirəm ki, sizə inanıb camaatdan pul alıb vermişəm, qaytarmalıyam.

Vallah bu işə görə 2 bankdan 80 min dollar kredit götürmüşəm, maşınımı, ailə üzlərimin qızıllarını, valideynlərimin mal-qarasını satıb camaatdan aldığım pulların bir hissəsini ödəmişəm. Bu gün artıq elə vəziyyətdəyəm ki, bankın kredit faizini belə ödəyə bilmirəm. 3 aydır vaxt almışam.

Mən Sahib Qarayevə heç nə keçə bilməyəcəyimi dedikdə bildirdi ki, ağsaqqallar yığışsın, razılaşarıq. Dedi 5-ci günü Qəbələyə gedirəm, qayıdım söhbət edərik”.

Sahib Qarayev bu dəfə də vədinə əməl etmir. Əksinə, işi ört-basdır etmək üçün müxtəlif yollara əl atır: “Növbəti həftə görüş oldu. Mən rayonda idim. Bütün işləri bayaq barəsində danışdığım hörmətli şəxsin nümayəndəsinə həvalə etmişdim. Sahib Qarayev onu da ələ aldı! Məndə olan məlumata görə, həmin şəxsə 20 min manat verib ki, məsələ ilə bağlı hörmətli şəxsə Sahib Qarayevin istədiyi kimi məlumat versin. İstədiyinə də nail oldu.
Ümumiyyətlə, kim mənim tərəfimdən çıxış edirdi, haqlı olduğumu görürdü, S.Qarayev pulla onları ələ alırdı. Özü də mənə açıq dedi ki, sən məndən şikayət etdiyinə görə, pulunu verməyəcəm. Hara lazımdı, nə qədər lazımdı verəcəm, sənin pulun verməyəcəm! Hələlik onun dediyi kimi də olur.

Prokurorluqda adam var, mənə dedi ki, sonuncu dəfə Sahib Qarayev bu işi bağlatdırmağa 60 min pul verib. Hətta mənə təklif etdilər ki, 80 min ver, işi yenidən açaq. Məndə olan məlumata görə, indiyə qədər bu işlə bağlı hüquq-mühafizə orqanlarına 210 min manat pul verib”.

Qarşı tərəf nə deyir?

Qeyd edək ki, ötən həftə Sahib Qarayevin vəkili İkram Abdullayev bir sıra KİV-lərdə çıxış edərək, S.Mustafayevi böhtan və şantajda ittiham edib. Vəkil bu məsələdə Sahib Qarayevin heç bir günahının olmadığını bildirib. “Sadiq Mustafayev ondan borc alıb qaytarmadığını iddia etdiyi Əli Məlikovla 17 il dost və biznes ortağı olub. Sonra Sadiq Mustafayev biznesini genişləndirmək məqsədilə müxtəlif şəxslərdən 2012-ci ilin aprel ayından 2013- cü ilin mart ayınadək 100 min dolllar həcmində pulu 5 %-dən alıb, 7%-dən ödəmək şərtilə Əli Məlikova verib. 1 il müddətinə 7% pulu almaqla 5%- ni pul sahiblərinə, 2 %-ni isə özünə saxlamaqla gününü keçirib. O Əli Məlikovun müflis olduğunu gördükdən sonra isə hədəfi onun keçmiş qayınatası, Layihə İnstitunun direktoru Sahib Qarayevə və onun qardaşı Qalib Qarayevə çevirdi. Beləliklə də, pulu onlardan tələb etməyə başladı. 2013- cü ilin iyulun 2-də Əlinin qohumları ilə ilk dəfə görüş zamanı Sadiq Mustafayev özünün və iki nəfər yaxınlarının iştirakı ilə Əli Məlikovun ona 100 min ABŞ dolları borcu olduğunu öz xətti ilə şəxsiyyət vəsiqəsinin surətinin alt hissəsində qeyd etməklə qəbz yazıb, digər ona yaxın 2 şəxs tərəfindən şahid kimi imzalanıb.

26.07.2013-cü il tarixdə isə həmin 100 mindən 4900 manat alması barədə öz xətti ilə qəbz yazıb. Sahib Qarayev kürəkəninin əvəzinə qızının ailəsinin dağılmaması və nəvələrinin xatirinə maşınlarını satmaqla S.Mustafayevə daha 29 min ABŞ dolları ödəyib. Ümumilikdə isə, Əlinin keçmiş qaynatası Sahib Qarayev Sadiq Mustafayevə 41 430 ABŞ dolları ödəyib.

Daha sonra kürəkəninin daha bir neçə şəxsə borcu olduğu Sahib Qarayevə məlum olub. Bu vaxta qədər ailəsinə normal münasibət bəsləməyən Əli Məlikovu axtaranların və onun özünün hərəkətlərindən bezən xanımı 2013-cü ilin avqustunda ondan boşanaraq 3 övladı ilə atasının yanına qayıdıb. Səbəb isə onun ailəsinin yaşadığı evin də əri Əli tərəfindən banka girov qoyulması və bank tərəfindən evin onlardan alınması olub”.
Vəkil qeyd edib ki, Ə.Məlikovun keçmiş qaynatasından artıq pul ala bilməyəcəyini görən Sadiq Mustafayev müvəkkilini şantaj etməklə məşğul olmağa başlayır: “S.Mustafayevin bu cür şantaj və böhtan xarakterli hərəkətlərinə etiraz olaraq Sadiqin hüquqlarının qoruyan vəkil Əzizov Sahib Söhrab oğlu 26.11.2014-cü ildə Səbail rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət edərək Əli ilə Sadiq arasında borc problemi olduğunu və bu borcun 51 min ABŞ dolları civarında qaldığını qeyd edib. Əli Məlikovun qayınatası Sahib Qarayevin və digər qohumlarının Sadiqlə heç bir əlaqəsi olmadığını bildirib”.

Vəkil həmçinin xatırladıb ki, keçmiş kürəkəni Əli Məlikova görə şantaj və əziyyətlərə düçar olmuş Sahib Qarayev Sadiq Mustafayevə qarşı Zərdab rayon Məhkəməsində ona vurulan mənəvi zərərə görə 20 min manat pul tələbinə dair qaldırdığı iddiaya baxılıb və Sadiq Mustafayevdən 5 min manat pulun alınıb Sahib Qarayevə verilməsi barədə 08.06.2015-ci il tarixli 2(035)-233/2015 saylı qətnamə çıxarılıb.

“Vəkilimi pulla satın aldı, qətnamə ləğv olunub”

S.Mustafayev vəkil İkram Abdullayevin bu ittihamlarına da cavab verib. O, bildirib ki, həqiqətən də işin gedişində vəkili ondan üz döndərib. “Günlərin bir günü vəkilim Sahib Əzizov məni çağırıb açıq şəkildə bildirdi ki, təcili mənə 4 min manat pul ödəməlisən. Ödəməsən keçirəm onların tərəfinə. Mən imtina etdim. Sahib Qarayev vəkilimə 4 min manat verib, mənim əleyhimə ifadə verdirdi”.

Zərdab rayon Məhkəməsinin qərarına gəlincə, S.Mustafayev deyir ki, həqiqətən də belə bir hökm olub. “Lakin Sahib Qarayev və onun vəkili “unudurlar” desinlər ki, Zərdab rayon məhkəməsinin həmin qərarı Şirvan Apellyasiya Məhkəməsi və daha sonra Ali Məhkəmə tərəfindən ləğv olunub.

Yəni S.Qarayev qüvvədən düşmüş məhkəmə qərarı ilə özünü təmizə çıxarmağa çalışır. Zərdab rayon məhkəməsinin hakimi o qərarı təzyiq altında qəbul etmişdi. Özü mənə demişdi ki, təzyiqlərə davam gətirə bilmir, bu işə görə elə yerlərdən zənglər olunur ki…”.

Daha kimlərdən pul alınıb?

S.Mustafayev deyir ki, Əli Məlikov və onun havadarlarının dələduzluq əməllərindən zərər çəkən təkcə o deyil. “Mənim əmimdən 250 min dollar alıb, qaytarmayıblar. Pulun bir hissəsinin əvəzinə yeni tikililərdə bir ev veriblər. Nizami Qasımov adlı birindən 35 min manat, Qorxmaz Xəliliv adlı birindən isə 150 min manat alaraq qaytarmayıblar. Bundan əlavə Əli Məlikov mənim başqa bir yaxın qohumumu da aldadaraq, ondan 500 000 dollar pul alıb. Hələ də qaytarmır. Bunu təsdiq edən sənəd də var (Sənədin fotosurəti aşağıda təqdim olunur). Demək istəyirəm ki, bu adamlar mütəşəkkil şəkildə dələduzluqla məşquldurlar, insanların etibarından istifadə edərək, milyonlarla vəsait mənimsəyirlər. Ancaq barələrində heç bir tədbir görülmür”.

Sonda S.Mustafayev ümidinin Prezident İlham Əliyevə olduğunu bildiridi: “Möhtərəm Prezident! Sizdən xahiş edirəm ki, dövlətin kürsüsündə əyləşib ağır cinayətlər törədən Sahib Qarayevin cəzalandırılması və mənim pullarımın geri qaytarılmasının təmin olunması üçün aidiyyəti qurumlara göstəriş verəsiniz”.

AzNews.az

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın