Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Sarkisyanın simasında bir qatilə belə tribunanın verilməsi həmin qurumun öz adına həqarətdir”

Fazil Mustafa: “Sarkisyanın simasında bir qatilə belə tribunanın verilməsi həmin qurumun öz adına həqarətdir”

Fazil Mustafa: “Həmin imkanın kimin üçün yaradılmasından asılı olmayaraq, nümayəndə heyəti adından lazım olan sualları Sarkisyana verəcək”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvarın 22-26-sı tarixlərində keçiriləcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun bildirdiyinə görə, qış sessiyasında qurumun yeni prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək.

Deputat bildirib ki, sessiya ərzində Danimarka şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur. Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yeni tərkibdə yollanır. Nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Asim Mollazadə, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva , Elşad Həsənov, Vüsal Hüseynov daxildirlər.

Maraqlıdır ki, Ermənistan mətbuatı indidən AŞPA-nın sessiyasını hədəf alan məlumatlar tirajlayır. Sessiyada Ermənistan prezidenti S.Sarkisyanın çıxışı da gözlənir. Bəllidir ki, Sarkisyan əlinə keçən istənilən tribunadan öz işğalçı siyasətlərinə haqq qazandırmağa çalışır. Onun çıxışının bu notlar üzərində qurulacağına şübhə yoxdur. Ancaq Ermənistan mətbuatı fərqli taktika seçərək bütün diqqəti Sarkisyanın çıxışından yayındırmaq istəyir ki, Azərbaycan nümayəndə heyəti ona lazımi cavabı verə bilməsin. Onlar iddia edirlər ki, AŞPA-nın yanvar sessiyasında guya Azərbaycanla bağlı ciddi müzakirələr aparılacaq, ancaq Sarkisyanın edəcəyi çıxış barədə heç nə yazmırlar. Sarkisyanın həmin tribunadan çıxışının effektini azaltmaq üçün Azərbaycan nümayəndə heyəti nə etməlidir?

Azərbaycan nümayəndə heyətinin üzvlərindən olan Fazil Mustafa “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AŞPA-nın qış sessiyasında Sarkisyanın çıxış edəcəyilə bağlı məlumatları var: “Bilirsiniz ki, Azərbaycan nümayəndə heyəti belə məsələlərlə bağlı hər zaman fəallıq nümayiş etdirib. Ermənistan mətbuatının fikirləri başqa səmtə yönəltmək cəhdləri də alınmayacaq. Çünki bizim həmin qurumdakı vəziyyət, orada necə davranmaqla bağlı kifayət qədər təcrübəmiz var. Azərbaycan nümayəndə heyəti bütün mümkün vasitələrdən istifadə edəcək ki, Sarkisyanın cavabını versin. Ən başlıcası isə biz diqqətə çatdıracağıq ki, Sarkisyanın simasında bir qatilə belə tribunanın verilməsi həmin qurumun öz adına həqarətdir. Bəli, belə reputasiyada olan adamların mötəbər qurumlara ayaq açması heç də ürəkaçan deyil. Yaxşı olardı ki, Ermənistan mətbuatı bu eybəcərliklərə diqqət ayırsın. Konkret hansı addımların atılacağına gəldikdə isə, deyə bilərəm ki, nəyə icazə verilirsə, onu da edəcəyik. Prosedura görə, biz Sarkisyanın çıxışına əlavə məruzə ilə cavab verə bilmərik. Ancaq ona sual vermək imkanımız olacaq. Sual vermək üçün əvvəlcədən siyahıya yazılmalısan. Təbii ki, nümayəndə heyətindən çox adama bu şəraiti yaratmayacaqlar, amma bir-iki nəfərin sual vermək şansı olacaq. Həmin imkanın kimin üçün yaradılmasından asılı olmayaraq, nümayəndə heyəti adından lazım olan sualları Sarkisyana verəcək. Güman edirəm ki, verəcəyimiz suallardan çıxan nəticələrin Sarkisyanın çıxışının effektinin azaldılmasına təsiri olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …