Cümə , Sentyabr 18 2020
Ana səhifə / Siyasət / Fazil Mustafa: “İnsanlar klan söhbətlərinin cəfəng fikirlər olduğunu anlamalıdır”

Fazil Mustafa: “İnsanlar klan söhbətlərinin cəfəng fikirlər olduğunu anlamalıdır”

Son illərdə ölkədə aparılan kadr islahatlarını bəzi şəxslər “klanlararası savaş” kimi dəyərləndirilir. Belə iddialar var ki, əsasən “Naxçıvan klanı” sıxışdırılır.

Mövzu ilə bağlı Musavat.com-a danışan deputat Fazil Mustafa maraqlı məqamlara toxunub.

Deputat deyib ki, bu cür mövzuların ortaya atılması cəmiyyətdə parçalanma, fikir ayrılığı yaratmağa hesablanıb:

“Bu məsələlər Azərbaycan cəmiyyətində parçalanma yaratmaq üçün düşünülmüş dedi-qodu janrında fikirlərdir. Çünki xüsusi olaraq bir “Naxçıvan klanı”, “Ermənistan klanı”, “Cənub klanı” kimi anlayışlar bizdə bəlkə də məişət səviyyəsində işlənir. Bütöv azərbaycanlı düşüncəsi artıq dövlət möhkəmləndikcə hər kəsin içində daha sabit şəkildə yerləşməyə başlayıb. Klan söhbətlərini Azərbaycan cəmiyyətində daha çox görüntü olaraq, körükləmək anlamında diqqətə çatdırırlar.

Fikir verisinizsə, Tovuz hadisələrində, Naxçıvana hücumlar olanda, Qarabağda, cəbhə bölgəsində vəziyyət gərginləşəndə heç kim bölgə fərqi etmədən eyni duyğunu daşıyır, yaşayır”.

Fazil Mustafanın fikrincə artıq insanlar klan söhbətlərinin cəfəng fikirlər olduğunu anlamalıdır:

“İndi səviyyəli və səviyyəsiz kadrlar var. Bir məmurun, vəzifəli şəxsin naxçıvanlı, qazaxlı, lənkəranlı olması fərq etmir. Dövlətə sadiq, dövlətin maraqlarını güdən və korrupsiyaya bulaşmamış insan olması vacibdir.

Biz özümüz Azərbaycan cəmiyyətində meyarı fərqli istiqamətdə müəyyənləşdirməliyik. Bu da dövlətə bağlılıq, dövlətin şərəfini uca tutmaq olmalıdır. Bunlar əsas olmalı və önə çəkilməlidir.

Həm də bu məsələdə kiminsə naxçıvanlı olması düşüncəsini də fərqli anlamaq lazımdır. Kimsə 50 il qabaq Naxçıvandan Bakıya gəlib və sabit olaraq Naxçıvanı görməyib. Sadəcə şəxsiyyət vəsiqəsində doğulduğu yer olaraq Naxçıvan yazılıb”.

Deputat deyir ki, yerliçilik, klançılıq məişət səviyyəsində müzakirə olunmalıdır: “Məsələn, Qəbələnin plovu Naxçıvanın plovundan fərqlidir. Məsələn, Lənkəranda ləvəngi ilə bişirilən plov, Naxçıvanda aş-qara ilə bişirilən plovdan fərqlidir. Artıq bu fərqlilik plov məsələsidir. Yerliçilik, klançılıq bu səviyyəsində müzakirə olunmalıdır.

İdeya, dünya görüşü, vətən və dövlət anlayışında fərqləri qabartmaq yanlış bir yoldur. Buna görə də heç bir klandan söhbət gedə bilməz. Hansı bölgədən olmaq yox, dürüst, dövlət üçün çalışan biri olmaq önəmlidir”.

Deputat əlavə edib ki, korrupsiyaya bulaşan, “5-ci kalon”un nümayəndəsi olan şəxsin vəzifədən çıxarılması klanlar arası savaş kimi şərh olunmamalıdır:

“Kimsə korrupsionerdirsə, “3-ü kalon” və ya “5-ci kalon”un təmsilçisidirsə, kimsə öz dövlətinin yox başqa dövlətin maraqlarına xidmət edirsə, prezidentin etimadını doğrultmursa və işdən çıxarılırsa, bunun klanlar arası savaş kimi müzakirə olunması doğru deyil.

Azərbaycanda milli azlığın nümayəndəsi olan şəxslər var ki, ölkənin fəxridirlər, vəzifədədirlər. Amma bu məni də maraqlandırmır. Məni o maraqlandırır ki, strateji postlarda dövlətə sadiq insanlar olsun. “5-ci kalon”un təmsilçiləri olmasın. Hakimiyyətdə olan, amma dövlətin marağına xidmət etməyən şəxslər ola bilər. İndi onları öz yerlimiz olduğu üçün bağrımıza basmalıyıq? Belə bir anlayış olmamalıdır. Tovuz hadisələri göstərdi ki, artıq Azərbaycanda hər kəsdə artıq vətən duyğusu bütövləşib. Bunu pozmamaq lazımdır. Klançılıq qəsdlə ortaya atılır ki, guya ki, naxçıvanlıları, ermənistanlıları və ya digərlərini sıxışdırırlar. Əvvəl də deyirdilər ki, bakılıları sıxışdırırlar. Kimsə vəzifədə özünə yer tutmaq üçün naxçıvanlı adından istifadə edirsə, naxçıvanlı brendini qabartmağa çalışırsa, bu, bölücülükdən başqa bir şey deyil. Alt qatlarda insanları bu düşündürmür.

Hüquq pozulan bir naxçıvanlı üçün vəzifədə bir qabiliyyətsizin olması nəyi dəyişir? Onun üçün də vacibdir ki, vəzifədə qanunu bilən, vicdanla xidmət edən biri vəzifədə olsun. Həmin şəxs vətəndaşın hüququna sayğı göstərsə, naxçıvanlı deyəcək ki, bu pisdir?

Azərbaycanda 25-30 il əvvəl klan anlayış mövcud idi. İndi isə cəmiyyətdə bir bütövləşmə gedir, xarici təhlükə qarşısında bütövləşə bilir. Həm də daxildə separatçı meyllərin qabarmasına imkan verilmir. Bölgələrdə separatçı meyllərə qarşı ən çox reaksiya verənlər məhz həmin bölgələrin insanları olur. Məsələn, Lənkəranda sağlam düşüncəli insanlar separatçılığa qarşı öz dirənişlərini nümayiş etdirilər. Şimal bölgələrində də eyni vəziyyətdir. Ümumiyyətlə biz hər zaman bütövləşdirən, birləşdirən detallar üstündə dayanmalıyıq. Bununla da ölkəyə, dövlətə daha böyük fayda verə bilərik”.

Həmçinin oxuyun

Fətullah Gülənə qarşı çıxan kim olub? – Əli Həsənovun 11 il sonrakı “etirazı”

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Türkiyə mətbuatında FETO ilə əlaqələri barədə tirajlanan məlumatlardan narahat olub.  …