Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / Fazil Mustafa: “Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər…”

Fazil Mustafa: “Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər…”

Yenə başladılar. Sanki gözləyirdilər ki, bir zəif bəhanə tapsınlar, bir həlqədən yapışsınlar, sonra hücuma keçsinlər. Vətən müharibəsi başlayandan Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına görə Ali Baş Komandan İlham Əliyevə bir quruca sağ ol deməyən həmin adamlar ilk fürsətdə həmləyə başladılar.

Söhbət inkarçı və cığal müxalifət qruplarından gedir. Azərbaycan 200 il sonra ilk dəfə itirilmiş torpaqlarını işğaldan azad edir, bu tarixə rəşadətli Ordumuz və onun Ali Baş Komandanı imza atır, bizim üçün xəyallara çevrilməkdə olan Şuşa şəhəri, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli rayonları düşməndən geri alınır, Kəlbəcər, Laçın, Ağdam boşaldılır, Ermənistan rəsmi şəkildə hərbi kapitulyasiyaya qol çəkir, tarixinin ən bədbəxt aqibətini yaşayır, dünyanın gözü qarşısında sınır, lakin fürsətcillər bəhanələrindən əl çəkmirlər…

Biz Qarabağı işğaldan azad etməyi hədəfləmişdik və ona da nail olduq. Sülhməramlıların gəlişi də gözlənilməz deyildi, bunsuz sülh mümkün də deyil. Həmçinin, bəzilərinin dediyi kimi, bütün mülki erməniləri də Qarabağdan qovub, ermənisiz Qarabağ qurmaq da mümkün deyil.

Ancaq biriləri mahiyyəti – qələbəmizi kənara qoyub, həllini qarşıdakı müddətdə tədricən tapmalı olan bu detallar üzərindən provokatorluq edirlər.

“Yeni Müsavat” xəbər verir ki, hazırda sosial şəbəkələrdə Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan Böyük Qələbəyə kölgə salmaq cəhdləri edənlər də var.

İnkarçı müxaliflər rus sülhməramlı qoşunlarının Laçının 5 kilometrliyində yerləşdirilməsini “məğlubiyyət” kimi təqdim edirlər.

Onlara elə gəlir ki, Qarabağı erməni separatçılarından azad edib ruslara bağışlamışıq. Məsələnin mahiyyətini, hüquqi nüanslarını qəbul etməyən müxaliflər məqam gözləyirdilər ki, hakimiyyəti və rəhbərini tənqid etsinlər. Bu, siyasi qısqanclıqdır.

Şuşanın azad edilməsindən sonra məcbur qalıb Prezidenti təbrik edənlər indi bunun acığını çıxmaqdadırlar.

Bununla bütün cəmiyyəti çaşqınlıq içində saxlayıblar, ictimai rəyi tamam yanlış istiqamətə yönəltməyə cəhd göstərirlər. Belə mövqe yolverilməzdir.

Azərbaycan heç bir təslimçilik aktına imza atmayıb, heç bir kompromisə getməyib, Dağlıq Qarabağın statusu yoxdur, köçkünlərimiz bu ərazilərdə yaşayacaqlar, Rusiyaya hər hansı güzəştdən, Qarabağda rus hərbi bazasının yaradılmasından söhbət getmir.

Qarabağ alınıb və sadəcə, sülhməramlılar əraziyə yerləşdirilir. Deyəsən, bəziləri siyasətdə bu illər ərzində yetkinləşməyiblər, hələ də regionda Rusiya faktorunu, onun münaqişənin həllində açar rolu oynadığını bu günə kimi qavramayıblar. Faktiki olaraq təxribat xarakterli açıqlamalar verir, həmlələr edir və az qala Rusiya ilə savaşa başlamağı tələb edirlər.

Azərbaycanın siyasi rəhbərliyi siyasətdə uğur qazana bilməmiş həmin qüvvələrdən fərqli olaraq, məhz peşəkar diplomatiya və Rusiya ilə münasibətlərdə ölçü-biçili davrandığı üçün hərb meydanında da istədiyi nəticəni əldə edə bildi.

Faktiki olaraq, Rusiya-Azərbaycan-Ermənistan arasındakı məlum sənədə Ermənistan cəmiyyəti kəskin reaksiya verib, xalq Paşinyanı süngü ilə qarşılayır, bizdə isə bir qrup inkarçılar dirəşiblər ki, Ermənistan yox, Azərbaycan uduzur…

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, rus sülhməramlı qüvvələri əraziyə nəzarəti Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirəcək və burada təşvişə düşməli hal yoxdur.

Deputatın fikrincə, bir qrup adam müharibənin gedişində ümumi aurada guya dövləti dəstəkləyirdi:

“Amma fürsət gözləyirdilər. Məsələn, humanitar atəşkəs razılaşması olan kimi yenə öz amplualarına qayıdırdılar.

Belələri bununla özləri üçün maksimalist hədəflər cızıblar və onlara elə gəlir ki, nə düşünürlərsə Ordu da onların dediyini etməlidir. Yəni o dərəcədə yanaşırdılar ki, Ordu gedib İrəvana da keçməlidir”.

F.Mustafa realist yanaşmağı təklif edir: “Azərbaycan mümkün olanı etdi. Mümkün olan da Qarabağın düşməndən azad edilməsi idi və Ordumuz buna nail oldu.

Biz “erməniləri tamamilə yox edək” düşüncəsi ilə yaşayıb dünya ilə üz-üzə gələ bilmərik. Eyni zamanda bu hadisələrdə Rusiyanın addımlarını qiymətləndirməliyik.

İlk növbədə Rusiya Qarabağda gedən müharibəyə müdaxilə etmədi, hətta ermənilərin yalvarışlarına da baxmadı. Həmçinin Naxçıvandan dəmir yolunun bərpası mümkün deyildi. Bunu Rusiya edə bilərdi. Odur ki, Azərbaycanın qazandığı uğura kölgə salacaq heç bir addım yoxdur.

Fakt 7 rayon azad edilib, digər ərazilərimizdə də erməniləri etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təzyiqləri üzərimizə yönəldə bilmərik.

Ümumiyyətlə, bu yanaşmalar küyçülüklə siyasətin içində yer almaqdan qaynaqlanır. Əhali atılan addımı daha dərindən anlayır.

Sıradan adamlar siyasətdəki populist mövqe sərgiləyənlərdən daha yaxşı başa düşür. Sadəcə, bundan süni şəkildə istifadə edib, xal yığmağa çalışırlar. Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər, Rusiyaya qarşı kəskin mövqe tutmaqla daha çox azərbaycançıdırlar”.

F.Mustafanın sözlərinə görə, ortada Türkiyə var və Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur:

“Rusiyanın 2000 nəfərlik sülhməramlı qüvvəsi dəhliz üzərində nəzarəti həyata keçirməyə başlayacaq.

Bütün idarəetmə bərpa olandan sonra hər şey yoluna düşəcək. İnsanlarımız Xankəndinə, Ağdərəyə də köçəcəklər. Sənəddə bütün qaçqınların köçürülməsindən söhbət gedir. Ona görə panikaya gərək yoxdur”. 

Hakimiyyət bu mənzərəyə necə yanaşır? Bu məsələdə tənqidçi və inkarçı mövqe tutanlarla görüşüb, məsələnin mahiyyəti haqda danışmaq istəyirlərmi?

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, hakim partiyanın deputatı Musa Quliyev “Yeni Müsavat”a qeyd etdi ki, birmənalı olaraq Qarabağda qələbə qazanmışıq və ərazi bütövlüyümüz tam təmin olunub.

Deputat bildirdi ki, azad edilmiş bütün yerlərdə inzibati quruluş tam həyata keçiriləcək: “Prezidentin fərmanı ilə icra hakimiyyətləri, bələdiyyələr, nazirliklərin yerli şöbələri yaradılacaq.

İstər orada qalan dinc ermənilər, istər azərbaycanlılar olsun, bizim qanunlarla idarə olunacaq. Ən əsası birgə bəyanatda Qarabağın statusu yoxdur, Prezidentin də dediyi kimi, status cəhənnəmə getdi”.

M.Quliyevin sözlərinə görə, Naxçıvanla kommunikasiyanın açılması türk dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa olunmasıdır:

“Qarabağ turizm potensialı olan bölgədir. İqlimi, təbiəti, mətbəxi var və gözəl turistik obyektlər açılacaq. Bu zaman ora gələn qonaqlar pul xərcləyəcək. Hesab edirəm ki, bundan böyük iqtisadi layihə düşünmək olmazdı. Eyni zamanda Naxçıvan iqtisadiyyatı inkişaf edəcək.

Bütün bu uğurlara baxmayaraq, çox təəssüf ki, bəziləri yanlış şərhlər verməyə başlayıblar. Mən Əli Kərimlinin və başqalarının dedikləri ilə tanışam. Onların bəziləri Sorosun pulu ilə dolanan adamlardır.

Mən həmin adamlara Sorosun “nikahdankənar” uşaqları deyirəm. Onların söylədiklərinin heç bir əsası yoxdur.

Sən belə günlərdə xalqın zəfərinə qoşulmalısan. Əgər qoşulmursan, onda get evində yasını saxla. Niyə xalqı çaşdırırsan, şübhə toxumu səpirsən? Axı sənəddə Azərbaycan əleyhinə heç bir məqam yoxdur”.

Komitə sədri xatırlatdı ki, Azərbaycan Dağlıq Qarabağa ən yüksək statusu verməyə hazır idi:

“Bunun üçün bildirirdik ki, 5 rayon qayıtsın. Hələ bilmirdik ki, digər iki rayon nə vaxt qayıdacaq. Yəni ümidimiz qırılmışdı. İndi həmin müxalifətçilərin arqumeni odur ki, niyə müharibəni axıra qədər davam etdirmədik.

Əgər sülhlə, bir sənədlə Dağlıq Qarabağın üç rayonu güllə atılmadan azad olunursa, niyə də olmasın, biz yüzlərlə əsgərlərmizin həyatını xilas etdik.

Nəzərə almaq lazımdır ki, qışda, qarda müharibə aparmaq asan deyil. Üstəlik, bu fikirləri o adamlar deyirlər ki, Qarabağ zəfərində bir qram qatqıları olmayıb. Heç olmasa şəhid ailələrindən utanmırlar, xəcalət çəkmirlər?

Əgər Paşinyan təslim olmasaydı, biz axıra qədər gedəcəkdik. Müharibənin bir günü neçə milyona başa gəlir.

Amma 3 rayon boşaldılır, müharibəyə vəsait xərclənmir, əvəzində bu maliyyə  pensiyaya, Qarabağda infrastrukturun qurulmasına, şəhid ailələrinə yönəldiləcək”.

M.Quliyev sual edir ki, belə fikirlər irəli sürənlər elə düşünür ki, sanki etnik təmizləmə aparmalıydıq:

“Ermənilər hələ də Sumqayıt hadisəsinin davasını aparırlar. Biz nə etməliydik, Xankəndində mülki əhalini qırmalıydıq? Axı reallıq var, dünya gücləri var.

Prezident 44 gündə təkbaşına mübarizə apardı və o qüvvələri tərk-silah etdi, bizə dost münasibət bəsləməyən xarici jurnaistlər var idi ki, onların qərəzli suallarına məntiqlə cavablar verdi.

Ona görə də Rusiya olmasa, başqa ölkənin sülhməramlıları gələcəkdi. Bizim üçün Rusiya daha xeyirlidir ki, bitərəfliyi qoruyub saxlasın.

Əgər qoruyub saxlamasaydı, 90-cı illərin hadisələri baş verə bilərdi. Sosial şəbəkələrdə danışanlar reallıqları gözəl bilirlər, sadəcə, aldıqları qrant üçün anti-Azərbaycan mövqe tuturlar. Heç olmasa belə gözəl gündə xalqla bir yerdə olmağı bacarsınlar”.

Həmçinin oxuyun

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” – Sabiq səfir

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyinə baxsın. Hər keçən gün daha …