Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Siyasət / “Fazil Mustafa Elçibəyin çıxışını dərk etməyib” – Tarixçi alim

“Fazil Mustafa Elçibəyin çıxışını dərk etməyib” – Tarixçi alim

“1998-ci ildə Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasında Əbülfəz Elçibəyin möhtəşəm bir çıxışı oldu. Həmin çıxışında Böyük bəy Şah Xətai-Sultan Səlim mövzusuna geniş toxundu. Təəssüf edirəm ki, Böyük bəyin silahdaşlarının əksəriyyəti ondan heç nə öyrənə bilmədilər. Öyrənsəydilər bu gün Şah Xətaiyə dil uzada bilməzdilər…”

Bunu tarixçi alim Dilavər Əzimli deyib. O, bildirib ki, Elçibəy SSRİ-yə qarşı mübarizəyə başladığı ilk günlədən sufiyana bir təşkilat qurmaq istəyirdi. Bu təşkilat eşqə, sevgiyə söykənən bir təşkilat olmalıydı. 

“O zaman Şah Xətaini hakimiyyətə gətirən sufi dərvişlər belə bir təşkilatda birləşmişdilər. Bu təşkilatın adı “Əhl-i İxtisas” idi. İlk olaraq yeddi nəfər idilər. Hər birinin də öz vəzifəsi vardı. Məhz, onların hesabına sufi dəyərlərinə söykənən sekulyar Azərbaycan Səfəvilər dövləti quruldu. 

Şah Xətai də bu yeddi sufi dərvişlər tərəfindən yetişdirildi. Biri ona qılınc, qalxan, at minmək öyrətdi. Başqası şair kimi yetişdirdi. Başqası hökmdar məziyyətlərini öyrətdi. Başqası din və tarix elmlərini öyrətdi. O biri də xarici dilləri öyrətdi. Bu dillər yunan, ərəb, fars, firəng dillərindən də biri idi. Ümumilidə beş dil öyrətmişdilər. 

Başqa birisi də sufi kimi yetişdirdi. Hökmdar belə yetişirdi. Təəssüf ki, ondan sonra bu sistem işləmədi. Çünki sufilik demək olar ki, sıradan çıxarılmışdı. 

Şah Xətai vəfalı müridlərinin hesabına qüdrətli imperiya qurdu və özündən sonrakılara ərməğan etdi. 

Ondan sonra qurulan Nadir şah imperiyasında bu sədaqət olmadı. Əgər Xətainin qurduğu imperiyada bütün türk tayfa nümayəndələri təmsil olunurdusa, Nadir şah Əfşar imperiyasında isə təkcə Əfşarlar təmsil olunurdular. Bu da tarazlığı pozurdu. Nəticədə Nadir şah Əfşarı da ətrafı qətlə yetirdi. Onun qətlə yetirilməsi üçün sarayın 70 əmiri sənədi imzalamışdı. 

Ağa Məhəmməd şah Qacar da bu aqibətlə öldürüldü. Düzdü, onların qətlində xarici amil olduğunu da yazırlar. Amma mənbələrdə bu haqda məlumatlar yoxdur. Məlumat odur ki, ətrafları bu cəsur sərkərdələri satdılar. 

Xətaidə isə belə deyildi. Ətrafı ona müqəddəs ruh kimi, təcəlla edən varlıq kimi baxırdılar. Buna görə də qısa müddətdə Azərbaycan ən qədim coğrafiyasında bütövləşdi. Bu məsələyə elə-belə toxunmadım. 

Məsələ ondadır ki, Böyük ideyanı yalnız vəfalı, sədaqətli insanların hesabına həyat keçirə bilərsən. Təəssüf ki, Əbülfəz Elçibəyə də bu qismət olmadı. Mübarizəsinin ilk illərində ətrafına vəfalı, sədaqətli insanlar toplayan Böyük bəy hakimiyyət illərində və sonrakı dövrdə tənha idi. Bəlkə də faciəsinin başlıca səbəbi də bu idi. Onu başa düşən və dərk edən vəfali müridləri az idi, çox az. 

Misal üçün onun bütün görüşlərində iştirak edən Fazil Mustafa çox təəssüf ki, onun çıxışlarını dərk etməyib. Bunun müqabilində isə Xətaiyə nifrəti olan tarixçilərin yazdıqlarını əzbərləyib üstümüzə hücum çəkir. Unutmayaq ki, Elçibəy Azərbaycan tarixinin mahir bilicisi idi. Bu sözlər də məşhur tarixçi Ziya Bünyadovun onun haqqında dediklərindən götürülübdür. Yəqin ki, Fazil Mustafa buna etiraz edə bilməz. Bir də bu adam tarixçi deyil. Bəlkə də bu sözləri qəbul etməyə təfəkkürü yetməz.

Böyük bəy həmin çıxışında belə söyləmişdir: “Bizim tariximiz şərəfli bir tarixdir. Şah İsmayılın Sultan Səlimlə müharibəsi sünni-şiəlik üstündə deyildi. Beləydisə nə cür oldu ki, Şah İsmayıl və onun dövləti Hindistandakı sünni Moğol dövlətiylə qardaşlıq edirdi, amma Osmanlı dövlətiylə dava aparırdı? Bu, siyasətdir və məzhəbdən siyasət kimi istifadə edilib. 

Deyirlər ki, Çaldıran müharibəsi türkün dağılmasıdır. Elə deyil. Ankara ətrafındakı böyük döyüşdə Əmir Teymurun İldırım Bəyazidi yenməsi türkün türkə qəsdi deyil, dünya tarixinin gedişidir. Bu səndən və məndən asılı deyil. Bax, bu gün Ukraynanın Rusiyadan azad olmasına və müstəqillik qazanmasına çox millətlər baxıb deyir ki, mümkün deyil – hər ikisi slavyan xalqıdır; dünənə qədər ona lazımdı və panslavyanizmlə birləşib özünü meydana qoymuşdu, indisə deyir ki, müstəqil yaşayacağam. Deməli, dövlət problemi başqa şeydir, milli məsələ tamam başqa şey… 

Bu iki məzhəbin düşmən olduğunu desək, “hər şey səhv olub, İslamın belini bu sındırıb” söyləsək sonrası nə olacaq? Vəhabilər o tərəfdən çıxıb bəyan edəcəklər ki, elə biz deyəndir-sünni-şiə məsələsinin ərəbə dəxli yoxdur, onu müsəlmanların içinə farslarla türklər gətiriblər, ona görə də bunları rədd etmək, ilkin İslama qayıtmaq lazımdır. 

Bununla biz onda onlara bəraət qazandırırıq, halbuki onlar dindən ideoloji məqsədlə istifadə edirlər. Şah İsmayıl Xətayiylə Sultan Səlim bir-birinə qarşı mübarizə aparsalar da, bir-birini qılıncdan keçirsələr də hər ikisi türk tarixinin nəhəng, müqəddəs adamlarıdır. Gəlin onların siyasətinı din müstəvisindən yanaşmayaq”. 

Həmçinin oxuyun

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. …