Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Faytonçu Nazimi şikəst edən həkim necə cəzalanmalıdır?

Faytonçu Nazimi şikəst edən həkim necə cəzalanmalıdır?

Son vaxtlar həkim səhlənkarlığının qurbanı olan xəstələrin sayı artıb. Yalnız son faktlar bir sıra həkimlərin xəstələrə necə biganə yanaşdığını deməyə əsas verir. Tez-tez xəbər portallarında həkim terrorunun qurbanı olaraq şikəst qalan, yanlış əməliyyat edilən, kor olan, dünyasını dəyişən insanlarla bağı xəbərlərlə rastlaşırıq. Onların içərisində tanınmışlar da var. Onlardan biri də müğənni Nazim Pişyaridir. Bir neçə dəfə ölüm xəbəri yayılan Nazim Pişyarini (Faytonçu Nazim) həkimlər yanlış müalicə, səhv əməliyyat nəticəsində tanınmaz hala salıb.

Nazim mediaya açıqlamasında həkimin cəzalandırılması və 62 min manat pulunun geri qaytarılması üçün məhkəməyə müraciət edəcəyini deyib. İddialara görə, bu cür savadsız həkimlər hətta sadə əməliyyatları belə edə bilmir və insanları öldürürlər.

Musavat.com xəbər verir ki, bu cür həkimlərin cəzalandırılması isə həkim səhvinin qurbanı olan BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının vəfatı ilə başlandı. Qeyd edək ki, E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı anestezioloqun düzgün anesteziya əməliyyatı aparmaması nəticəsində ağciyərinin funksiyasının pozulması və tənəffüs çatışmazlığı ilə dünyasını dəyişmişdi.

Maraqlıdır, həkim səhvi əgər xəstənin vəziyyətini daha da pisləşdirir və ya onun ölümünə səbəb olursa, həkimi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquqşünas Səməd Vəkilov dedi ki, bu cür işlərdə həkim təəssübkeşliyi mənfi rol oynayır: “Bu zaman iki məsuliyyətdən söhbət gedir, birincisi cinayət məsuliyyəti, ikincisi isə mülki məsuliyyət. Müğənni Nazim əgər bu barədə şikayət edibsə, o həkim vurulmuş zərərlə bağlı cinayət məsuliyyətinə cəlb edilməlidir. İndi president var. İlk dəfə tənqidçi alim Elnarə Tofiqqızı ilə bağlı məsələdə Ali Məhkəmə sonuncu qərarı ilə klinika və əməliyyatda iştirak edən 3 həkimin 75 min manat mənəvi təzminat ödəməsi ilə bağlı qərar qəbul etdi. Ayrıca olaraq maddi zərərlə bağlı da 2 fərqli iddia qaldırılıb və hazırda biri Yasamal Rayon Məhkəməsində, digəri isə Bakı Apelyasiya Məhkəməsində davam edir. Yəni demək istəyirəm ki, bu işlə bağlı artıq məhkəmə təcrübəsi var. İlk fundamental president Elnarə Tofiqqızının ölüm işindən sonra yarandı. Azərbaycanda ilk dəfə olaraq həkim səhlənkarlığı nəticəsində pasiyentin dünyasını dəyişməsinə görə maddi, mənəvi zərərin ödənilməsi, cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı məhkəmə qəti tədbirlər gördü və təcrübə yarandı. Həkim səhlənkarlığı, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ilə qədər cəza tətbiq edildikdə, məntəqə rejimi seçilir. Məntəqə rejimli də həbs sayılmır. E.Tofiqqızının vəfatı ilə bağlı prosesdə CM-in 2 maddəsi – ehtiyatsızlıq və sənəd saxtalaşdırılması maddələri – üzrə ittiham elan olunduğundan, həkimin cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi barədə qərar verildi. Ancaq maddi və mənəvi təzminat üçün bunlar heç bir rol oynamır, o, tamamilə fərqli presedentdir və bu presedent də E.Tofiqqızının işi üzrə keçirilən məhkəmə proseslərində yaranmışdır. Bu tip məsələlərdə pis cəhət ondan ibarətdir ki, həkim təəssübkeşliyi burada mənfi mənada ciddi rol oynayır. Ekspertiza çalışır ki, həmişə həkimlərin xeyrinə qərar qəbul eləsin ki, burada həkim səhvi olmayıb. Ona görə də həkim səhlənkarlığına son qoyulması ilə bağlı cəmiyyətin ciddi təpkisi lazımdır. Bu işdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və jurnalistlərin üstünə böyük iş düşür”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın