Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Facebook statusunda 200-300 bəyənməsi olan fəalları nəzarətə alırlar”

“Facebook statusunda 200-300 bəyənməsi olan fəalları nəzarətə alırlar”

Qədir Aslanov: ““Layk”ların sərbəst toplaşma hüququ olmayan bir ölkədə insanların sərbəst toplaşma hüququndan söhbət gedə bilməz”

Bu yaxınlarda Ümid Partiyasında yeni müavinlik yaradıldı. Qədir Xıdır oğlu Aslanov Ümid Partiyası sədrinin İnsan hüquqları və əsas azadlıqların qorunması üzrə sədr müavini təyin edildi.  Qədir Aslanov mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik. 
 
– Qədir bəy, sizə uğurlar diləyirik. Bu sahə üzrə strategiyanız varmı? Niyə məhz siz bu sahəyə seçildiniz?
– Öncə təbriklərə görə sizə təşəkkür edirəm. Öz adıma məmnun olduğumu bildirmək istəyirəm. Həmçinin məndən başqa bir neçə gənc də yeni təyinat alıblar, onları da təbrik edir, hər birinə ayrılıqda uğurlar diləyirəm. Bu vəzifəyə təyin olunmağımda  partiya sədrinin mövqeyi çox önəmlidir. Görünən odur  ki, partiya daxilində fəaliyyətim olub və İqbal bəy də bunu dəyərləndirib. Gənclərə önəm verdiyinə, etimad göstərdiyinə görə xüsusi olaraq Partiya sədrimizə minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, insan hüquqları üzrə Azərbaycanda bir sıra təşkilatlar var. Və bu istiqamətdə fəaliyyət göstərirlər. Beynəlxalq insan haqları təşkilatları var, onların da Azərbaycanda müəyyən qədər fəaliyyəti var. Azərbaycanın beynəlxalq insan haqları təşkilatları qarşısında öhdəlikləri var. Dünya təcrübəsi var və bu səbəbdən strategiyamızı yaratmaq  çətin olmadı. Lakin strategiyanın yaranması işin çox az bir qismidir. Müəyyən təcrübələrdən yararlanaraq bunu etmək olur. Lakin bunun tətbiqinə  gəlincə bir sıra addımlar nəzərdə tutmuşuq, fəaliyyət proqramı var. Yaxın vaxtlarda fəaliyyətimizlə bağlı ictimaiyyətə açıqlamalarımız olacaq.
 
– Ölkədə insan azadlıqları ilə bağlı durumu necə qiymətləndirirsiniz?
– Hazırda Azərbaycanda bütün sahələrdə böhran mövcuddur. Eləcə də insan azadlıqları sahəsində. İllər uzunu şahidi olmuşuq ki, Azərbaycanda azad söz, azad media, dünyada beynəlxalq hüquq normaları ilə  təsbit olunan digər azadlıqlar boğulur. Faktiki, iş o yerə gəlib çatıb ki, hakim rejim özünün təşkilatlarının, ona bağlı olan təşkilatların geniş şəkildə toplaşmasına, insanların fikir mübadiləsi aparmasına  şifahi qadağa qoyur. Habelə insan hüququnun durumu istər Penitensiar Xidmətdə, istər məhkəmə proseslərində olsun ciddi şəkildə pozulduğunun şahidi oluruq. Durum nə qədər ağır olsa da, ümidsiz də deyil. Bir gənc olaraq sizi əmin edirəm ki, gənclər bu istiqamətdə təşkilatlanmağa başlayıb. Hüququn bizə imkan verdiyi bütün istiqamətlərdə insan hüquq və azadlığının qorunması uğrunda mübarizə aparacağıq.
– Diffamasiya haqqında qanunun qəbuluna münasibətiniz necədir?
– Azərbaycanda diffamasiya və ya ifadə azadlığı haqqında qanunun qəbulu barədə müzakirələr getdi. İctimaiyyət nümayəndələrindən bu fikri dəstəkləyənlər də oldu, əleyhinə çıxanlar da. Əslində bu demokratik və inkişaf etmiş dövlətlərin təcrübəsidir.  Azərbaycan CM-in 147; 148 və 323-cü maddələrinin qüvvədən düşməsini hədəfləyir. Yəni insanin hər hansı formada, istər yazılı, istərsə şifahi  təhqir olunması, şəxsiyyətinin alçaldılması zamanı məsuliyyətin nəzərdə tutulmamasıdır. Bəzi ekspertlərin rəyinə görə, diffamasiya haqqında” qanunun qəbul edilməsi hakimiyyətə əlavə imkanlar yaradır ki, jurnalistlərə qarşı qanuni yox, qeyri-qanuni üsullardan istifadə etsin. Əvvəl jurnalistlər qanunin müvafiq maddələri tətbiq edilərək basqı göstərilir, həmin maddələrə əsasən ittiham irəli sürülərək həbsə atılırdısa, qanunun qəbulundan sonra onları cəzalandırmaq üçün konstitusiya və qanunlarda nəzərdə tutulmayan metodlardan istifadə edilə bilər. Bu qorxulu bir hala gətirib çıxara bilər. Lakin biz istənilən halda Azərbaycanda mövcud olan qanunları və qanunlar külliyyatını sivil dünyanın prinsiplərinə, beynəlxalq normalara  uyğunlaşdırmalıyıq. İctimaiyyət buna hazır olmadığı üçün bir az zaman tələb edəcəyi də bəzi fikirlərdə səslənir. Mən də bununla razılaşıram ki, ictimaiyyət buna hələ hazır deyil. İctimai rəyi yaratmaq da qəbul olunan qanunlardan asılıdır.
– Ölkədə sərbəst toplaşmaq hüququ, sizcə, təmin olunubmu?
– Ölkədə sərbəst toplaşmaq hüququ hal-hazırda elə bir vəziyyətdədir ki, adi sosial şəbəkələrdə insanlar status yazarkən onların bəyənmə sayı 200-300-ü aşırsa, artıq onlar hakimiyyətin qınaq obyektinə tuş gəlirlər və nəzarətə götürülürlər. Hətta onlar polis  şöbələrinə  çağırılır, xəbərdarlıq edilir və hədə qorxu gəlinir. Bununla bağlı yetəri qədər faktlar var. “layk”-ların sərbəst toplaşma hüququ olmayan bir ölkədə insanların sərbəst toplaşma hüququndan söhbət gedə bilməz. Hakimiyyətdə insanların sərbəst fikir mübadiləsinə və tənqidi fikrinə dözümsüzlük var. Hakimiyyət bəzi məqamlarda sanki sərbəst toplaşmaq hüququnu təmin olunurmuş kimi göstərməyə çalışır. Bizim bəzi yoldaşlarımız var ki, onlar hakimiyyətdən izin alıb mitinq keçirirlər. Hakimiyyətdə bunu böyük bir həvəslə dünya ictimaiyyətinə təqdim edir ki, bizdə müxalifət vaxtı-vaxtında, istədiyi zaman istədiyi yerdə mitinq keçirə bilir. Biz buna şərait yaradırıq və mitinqçilərin təhlükəsizliyi polis tərəfindən qorunur. Əslində  isə gerçəklik tam başqadır.
 
– Gələcək planlarınız nədən ibarətdir?
– Hazırda mövcud ictimai-siyasi situasiya ilə ayaqlaşmalıyıq. Azərbaycanda insan hüquq və azadlıqları təmin olunması həqiqətən həqiqətən də ciddi bir problemdir. Biz fəaliyyət planımıza xüsusi olaraq  onu da nəzərdə tutmuşuq ki, insan hüquq və azadlıqları ilə bağlı ictimaiyyət arasında, xüsusilə gənclər arasında geniş maarifçilik işi aparaq. Eyni zamanda Ümid Partiyası olaraq Azərbaycanda gəncliyin müxalif düşərgəyə gəlməsi və bu sahədə öz sözünü deməsi, birləşməsi fəaliyyət planımıza daxildir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın