Şənbə , Mart 23 2019
Ana səhifə / Siyasət / Fəzail Ağamalı: “Təbriz stadionunda səslənən çağırış və şüarlar zaman gələcək meydanlarda eşidiləcək”

Fəzail Ağamalı: “Təbriz stadionunda səslənən çağırış və şüarlar zaman gələcək meydanlarda eşidiləcək”

“İranda aksiyalar mahiyyətini dəyişib fars rejiminə qarşı çevrilə bilər”

Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə İranda səfərdə olması gündəmdən düşmür. Fars rejiminin erməni baş naziri isti qarşılanması, hətta İrandakı ermənilərin “Qarabağ Ermənistanındir, son!” yazılan poster qaldırması və Paşinyanın onun önündə şelfi etməsi haqlı olaraq Azərbaycan tərəfin günlərdir davam edən etirazlarına səbəb olub.

Təbrizin “Tıraxdur” futbol klubunun İsfahanın “Sepahan” komandası ilə oyunu zamanı cənublu soydaşlarımızın baş verənlərə kəskin şəkildə öz etirazlarını bildirmələri və “Qarabağ bizimdir, bizim olacaq!” şüarları isə qürurverici anlardan oldu. Amma bununla belə, 40 milyona yaxın soydaşımızın yaşadığı İranda etirazların küçələrə, meydanlara daşınmaması suallar doğurur. Bununla bağlı fərqli fikirlər var.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncəliklə İranın təcavüzkar Ermənistana qucaq açmasına öz sərt mövqeyini bildirdi: “Bizə çox təəccüblü gəldi ki, İran rejimi Paşinyana qucaq açdı, ona isti münasibət bəslədi və erməni baş naziri ümidlərlə yola saldı. Bu əslində Ermənistanın Azərbaycana qarşı təcavüzünün hansısa formada dəstəklənməsi deməkdir. Dəfələrlə demişəm, bir daha təkrar edirəm ki, əgər İran da qardaş Türkiyə kimi Ermənistanın təcavüzkar siyasətinə qarşı sərt mövqe nümayiş etdirsəydi, onunla bütün sərhədləri bağlasaydı, diplomatik münasibətlərə son qoysaydı və işğal olunmuş torpaqlarımızın azad edilməsində təkcə sözdə deyil, əməldə Azərbaycanın yanında olsaydı, tamamilə əminəm ki, indi vəziyyət tamam fərqli idi. İran rejimi kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bunu etmirlər. İndiki hakimiyyətdən, yəni Həsən Ruhanidən öncəki İran prezidentləri Ermənistana daha isti, hətta deyərdim ki, onun təcavüzünü şirnikləndirəcək addımlar atırdı. Həsən Ruhani məsələyə nisbətən ehtiyatlı yanaşırdı. Amma son olaraq İran inqilabının 40 illiyində Azərbaycana söyləmiş olduğu fikirlərdə ölkəmizə qarşı ərazi iddialarını ortaya qoyması, Azərbaycanı müstəqil dövlət olaraq təhdid etməsi, tarixi Azərbaycan torpaqlarını fars torpaqları kimi təqdim etməsi bir daha fars şovinizminin ifadəsi oldu. Bu bir daha onu göstərdi ki, onlar əsası ötən əsrin 20-ci illərindən qoyulmuş olan fars rejiminin daşıyıcılarıdırlar. Bir-birindən bu və ya digər şəkildə fərqli fikirlər ifadə etsələr də, mahiyyət eynidir. Bunlar uzun illərdir Ermənistana eyni münasibəti sərgiləməkdədirlər”.

Deputat cənublu soydaşlarımızın daim yanımızda olduğunu söylədi: “Azərbaycan torpaqlarının işğal edilməsinə qarşı cənublu soydaşlarımız hər zaman öz etirazlarını bu və ya digər şəkildə bildiriblər. Onlar bizlərlə bərabər olduqlarını ortaya qoyublar. Biz onların dəstəyini hər zaman hiss etmişik. Lakin İran rejimi o qədər kəskin bir notlar üzərində öz fəaliyyətini davam etdirir ki, orada kiçicik bir bu və ya buna bənzər etirazlar çox ağır repressiyalarla müşahidə olunur. Onlar cəzalandırılır, həbsxanalara salınır, hətta elə olur ki, onların bəzilərinin harada olması belə məlum olmur. Bunu biz illərdən bəri müşahidə etməkdəyik. Mənə elə gəlir ki, məhz sizin dediyiniz kimi minlərlə, milyonlarla soydaşımızın küçələrə çıxıb Paşinyanın gəlişinə etiraz etməməsinin, ona kəskin reaksiya verməməsinin səbəbini repressiyalarda, kəskin əməldə axtarmaq lazımdır. İstər-istəməz İran hakimiyyəti çəkinir ki, Qarabağ üzərində olan mitinq, yürüş və ya kütləvi xarakter daşıyan ciddi aksiyalar mahiyyətini, istiqamətini dəyişib fars rejiminə qarşı çevrilə bilər. Ona görə bu cür mitinqlərin keçirilməsinə çox kəskin mövqe nümayiş etdirirlər. Bu da təbii ki, həmin mitinqlərin keçirilməsinə mane olur. Ancaq stadionda güneyli soydaşlarımızın bu etirazını alqışlayıram. Onlara bu addımlarına görə Tanrımızdan möhkəm-möhkəm cansağlığı arzulayıram. Ümidvaram ki, biz taleyüklü problemlərimizi zaman-zaman birlikdə həll edəcəyik. Fərqi yoxdur, erməni işğalına qarşı 30-40 nəfərin belə aksiya keçirməsinə müsbət yanaşıram. İstənilən sosial şəbəkədə erməni təcavüzünü, erməni faşizmini ifşa edən yazıya, müraciətə də müsbət yanaşıram. Eyni zamanda, stadion içərisində bu cür şüarların səslənməsi, Ermənistanın təcavüzkar dövlət olaraq pislənilməsi və işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı tələbləri çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, zaman gələcək stadion içərisində olan çağırışlar və şüarlar küçələrdə, meydanlar daha böyük izdihamla müşahidə olunacaq. Buna şübhəm yoxdur və zaman gələcək mütləq bunun şahidi olacağıq”.

Həmçinin oxuyun

“Anjey Kasprşik vəzifəsindən uzaqlaşdırıla bilər” – ŞƏRH

“Rəsmi Bakı Anjey Kasprşiki ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi vəzifəsindən uzaqlaşdırmaq istədiyi və ya belə …