Ana səhifə / Siyasət / Fərid Hüseynin işdən çıxarılmasına səbəb olan yazılar

Fərid Hüseynin işdən çıxarılmasına səbəb olan yazılar

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud rəhbərlik etdiyi qurumun Mətbuat və Nəşr məsələləri üzrə müşaviri, şair Fərid Hüseyni işdən çıxarıb. Onun işdən çıxarılmasına səbəb Lent.az saytına verdiyi müsahibə və “Qafqazinfo”da yayımlanan köşə yazısı səbəb olub. F. Hüseyn müsahibədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Macal” əsəri haqda danışıb və bu əsərə yüksək qiymət verdiyini bildirib. Köşə yazısı isə Elbus Ərudun “Anne Annem” kitabına həsr edilib. Və hər iki məqam direktor Afaq Məsudun xoşuna gəlmədiyindən şair işdən çıxarılıb.

Qafqazinfo” Fərid Hüseynin həm sözügedən müsahibəsini, həm də köşə yazısını oxuculara təqdim edir:
Müsahibə
“Hansı yazıçımız həmin naşirlərə öz kitablarını satmaq istədi, alınmadı?”
 – Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?
– Dünyaya çıxarılsa maraqlı olacağını düşündüyüm bir neçə əsər var. Onlardan biri də “Macal”dır. “Macal” 40 il əvvəl yazılsa da, bugünkü dünyanın böyük bəlalarından birini – vaxt çatışmazlığının fəlsəfəsini açdı. Xəbərdar elədi ki, “özünlə görüşə”, dərdləşməyə, haqq-hesab çürütməyə də vaxtımız qalmayacaq. Bu gün sosial şəbəkələr və informasiya əsri məhz insanın “özüylə görüş”, ömrünü özünə sərf etmək məsələsini bir az da çətinləşdirir, yazıçının ideyası bu kontekstdə bir az da dünyəviləşir, proqnozu qloballaşan dünyada getdikcə özünü daha da doğruldur. “Macal”da insan ömrü barədə cahanşümul gerçəklik açılır: “Ömür verilib, ancaq yaşamağa vaxt yoxdur”. Bu bataqlığın daha dərin olduğunu düşünsək, bir qan qaraldan məqam da yadımıza düşər: bugünkü fuadlar nə vaxtsa iclası atıb balıqların suyunu dəyişməyə gələcəklərmi, buna onların macalı və gücləri olacaqmı?…
– Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?
– Mən özümü şair, esseist hesab etdiyimə görə yazıçı idealım, ardıcılı saydığım nasir yoxdur. Ancaq şair kimi indiki halda Nizami Gəncəvi, esseist kimi Mişel Montenin yaradıcılıq taleyini yaşamaq istərdim və onların bir çox düşüncələri mənə hədsiz doğmadır.
– Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi? 
– Ədəbiyyata olan münasibətdən narahat və narazıyam. Ümumiyyətlə, kitaba marağın bu cür aşağı səviyyədə olmasını birbaşa yarıtmaz təhsillə bağlı olduğunu demişəm və fikrimdə də qalıram. Zənnimcə, kitabın cəmiyyətə qaytarılması üçün əhatəli dövlət proqramı hazırlanmalıdır. Mətbuat kitabı təbliğ edən yeganə və yeri gələndə gücsüz mexanizmə çevrilməməlidir.
– Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?
– Biz qələm adamlarında belə bir tənbəl fikir var: “xaricidəki güclü, böyük nəşriyyatlar pulla kitab çap eləmir, gərək əsərini bəyənələr”. Tam mənada belə deyil. Pulunu versən elə qəşəng çap edərlər, lap ayağının altında mələməmiş quzu da kəsərlər, satarlar da, təqdimat da edərlər, yayarlar da. Sadəcə kimlərsə ardıcıl məşğul olmalıdır, getməlidir, gəlməlidir, bu işlərin arxasına düşməlidir. Yaxşı əsərlərə sərmayə yatırılsa, mütləq uğurun olacağına şəkkim yoxdur.
London Kitab Sərgisində dünyanın ən nəhəng poliqrafiya birliklərindən biri olan “Penguin” nəşriyyatı hər il 3 gün naşirlər, redaktorlar və kitabını onlara satmaq istəyən yazarlarla görüş keçirir. Yazıçılar gəlib naşirə kitablarını satırlar, saatlarla müəllifi olduqları əsər haqqında söhbət edirlər. Bizim hansı yazıçımız əsərini ingilis dilinə tərcümə etdirib ora gedib həmin naşirlərə öz kitablarını satmaq istədi, alınmadı? Hər necəsə çalışmaq lazımdır.
– İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?
– İnternetin kütləviləşməsinin ədəbiyyata xeyri çoxdur. Ancaq qorxulu odur ki, sosial şəbəkələrin meyarı ədəbiyyatın meyarına çevrilə…
Köşə
Söz “ox”undan çıxanda…- “Anne annem” kitabı barədə
Bu kitab bugünkü jurnalistikanın, eləcə də 5 il, 10 il əvvəlki dövrdə yazıla bilən yazıların azadlıq ölçülərini müəyyənləşdirməkdə ariflərə, bir də “Mətbuat tarixi”ni yazanlara yardımçı olacaq. Bu mənada, fikrimcə, “Anne annem” həm də jurnalistikamızda azadlığın “sərhəd dirəyi”dir… “Oxucu və jurnalist azadlığın dadını biləndən sonra ona başqa nəsə yedirtmək mümkün deyil” (“Qafqazinfo”ya kimlər hücum edir?”).
Kitab başdan sona nələrləsə razılaşmayan, idealları hər addımda suya düşən, sənətkarından, şairindən, ziyalısından yaltaqlıq görüb “niyə belə olur” ağrısıyla yazılıb.
“Jurnalist insan itkisinə münasibətdə həkimə çevrilməkdədir”. Bəzən yazılar o qədər həssas nöqtəyə gəlib çıxır ki, elə bir sözlər itir, arxası gəlmir, Elbrus heç özü də bunun fərqində deyil, müəllif emosiyası mətni üstələyir…
Kitabda dəhşətli faktlar da var: “Nigar Camalın öz camalını, yəni üzünü 1,5 milyona sığortalaması və Eldarın üzünün çürüməsi. Ancaq üzü çürüyən, əsgər Eldardır, Nigarın duet ortağı Eldar deyil”. Həyatın bu dərəcədə paradoksları var və bütün dünyada mübarizələr belə baş verir: biri hədsiz yaxşı yaşamaq istəyir, digəri isə ölməmək arzusundadır. Məsələ odur ki, sonda əsgər ölür, Nigarasa Allah ömür versin…
Kitabda ən çox sevdiyim “Azərbaycanın hərb müəllimi” yazısından bir məqamı xatırlayaq: “…Heç kim küləkli havada binanın damına çıxıb iki şiferi yerinə vurmağı boynuna götürmür. Tikintinin rəhbəri deyir ki, kim şiferləri yerinə vursa, ona min manat verəcək. Yenə heç kimdən səs çıxmır. Şakir müəllim balaca boyu ilə çıxır qabağa. Ancaq pulu qabaqcadan almaq şərti ilə razılaşır. Min manatı alıb qoyur cibinə. Müəllimi kranın “vışka”sına bağlayıb qaldırırlar göyün üzünə. Şakir müəllim kranın ucunda göyə qalxdıqca yellənir. Ətrafda nə qədər adam varsa hamısı yığışır bu tamaşaya. Müəllim kranın “vışka”sının ucunda şiferləri bir-bir gətirib qoyduqları yerə mıxlayır. Kran müəllimi qaytarıb yerə qoyanda camaat yığışır başına. Şakir müəllim əli cibinin üstündə bir müddət özünə gələ bilmir. Bina təhvil veriləndən sonra min manatı da götürüb çıxır Biləsuvara… Atam deyir ki, soruşdum ayə, birdən kranın ucundan gələydin yerə, onda nə olacaqdı? Şakir müəllim qayıdıb ki, min manatı elə ona görə əvvəlcədən alıb cibimə qoydum ki, elə şey olsa, heç olmasa pulu evə çatdırsınlar…” Bu yazıda söhbət 5 qız atası, rayonda hərbi hazırlıq müəllimi olan Şakir adlı birinin başına gəlib. Elbrusun əksər mətni dəhşətə gəlmiş, heyrətlənmiş adamın yazısı təsirini bağışlayır, elə bil o hər yazısında əlini nəyəsə uzadıb deyir: “Niyə görmürsüz?”. Bu həssaslıq isə Elçin Səlcuqun ölümünə yazdığı “Sözün itirdiyi adam” yazısında pik nöqtəyə çatır: “Elçin Səlcuqun ölüm xəbərini eşidəndən sonra otaqda qala bilmədim”. Dəhlizə çıxdım, başımı həyəcanlı halda otaqlardan birinə soxub “Elçin Səlcuq öldü” dedim. Otaqdakılardan heç biri başını qaldırıb mənə baxmadı jurnalistin ölüm xəbərini verdiyimi hiss eləmədilər. Bizi nə yaşayanda hiss eləyirlər, nə öləndə… ”
Elbrusun bu kitabındakı dəqiq müşahidələrindən, elə vaxt olacaq ki, sitat gətiriləcək, ağızdan-ağıza da düşəcək, ancaq əsası odur ki, dəqiq və dürüst mövqedir. O nədən yaza bilibsə, onun ağasıdı… Bəzi dəqiq müşahidələrə nəzər salaq:
* “Anlaşılan o ki, bizdə çəkiliş meydançası ilə, futbol meydançası alınmır… Hər iki meydançada səmimi olmağı bacarmadığımızdan heç nəyə nail ola bilmirik”.
* “Nə vaxta kimi rəşadətlə məğlub edəcəksiniz bu milləti?
* “Elə bil tanrı bizə bütöv sənətkarı haram buyurub”.
Bu kitabda nə esse, nə də hekayə sayıla bilməyəcək, eyni zamanda həm esse, həm də hekayə olan yazılar var. Elbrus üçün sənət müstəvisində elə bilirəm bu dünyada xəbərdən və xəbər verməkdən başqa daha vacib bir şey yoxdur. Ona görə də o janrla, formaya yox, daha çox çatdırmaq istədiyi xəbərə, fikrə önəm verir, əks təqdirdə o, indi 100 qədər hekayəsi olan tanınmış bir yazıçı idi.
Kitabdakı mətnlərin düzülüşü çox ustalıqla aparılıb, yazılar arasında gözəgörünməz bir uyarlılıq var.
Bu kitabda məni heyran qoyan bir məqam isə Elbrusun zamanı duymaq bacarığı oldu, o nəinki 5-10 illlik bir kəsimin, dəyişən mövqelərdəki vaxt ayrılığını, hətta deyərdim bir saniyə ilə ikinci arasındakı fərqi belə sezir və ayrı-ayrı məsələlərdəki münasibətində də bunu sərgiləyir.
Sonda bir tarixi əhvalatı xatırlatmaq istəyirəm: “Bir ata Antisfendən soruşur ki, oğlu hansı elmləri öyrənsə yaxşı olar. Filosof cavab verir: “Allahlarla birgə yaşamaq istəyirsə fəlsəfə, insanlarla birgə yaşamaq istəyirsə söz sənəti”.
Bu gün Elbrus kimi jurnalistika isə məşğul olmaq “allahlarla” və insanlarla birgə “yaşamaq”, mübarizə aparmaq deməkdir. Uğurlar…

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın