Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Eynulla Fətullayev: “Əgər məni yenidən həbs etsələr…”

Eynulla Fətullayev: “Əgər məni yenidən həbs etsələr…”

Virtualaz.org və haqqin.az saytlarının rəhbəri, keçmiş vicdan məhbusu Eynulla Fətullayev “Amerikanın səsi” radiosuna video-müsahibə verib. O, müsahibəsində mövqeyində guya dəyişikliklər olduğu barədə deyilənlərə, , beynəlxalq təşkilatlara qarşı səsləndirdiyi sərt tənqidi fikirlərlə bağlı iddialara, ictimai fəalların, jurnalistlərin həbsinə, beynəlxalq və yerli hüquq müdafiə qurumlarının fəaliyyətinə, eləcə də iqtidar və onun opponentlərinə münasibətini açıqlayıb.

E.Fətullayev “Amerikanın səsi” müxbirlərinin onun həbsə qədərki və həbsdə olduğu dövrdəki mövqeyi ilə həbsdən azad edildikdən sonrakı mövqeyi arasında kəskin fərqlərin göründüyü barədə fikirləri ilə razılaşmayıb: “Mən belə hesab etmirəm. Həbsdən öncə, həbsdə olan zaman və bu gün də ardıcıl, hesab edirəm ki, vahid ictimai-siyasi mövqeyə malik olmuşam. Gəlin, əvvəlki dövrü xatırlayaq. Yadınızdadırsa həbsdən öncə mən “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru idim. Məgər, mən Xalq Cəbhəsinin, Müsavat Partiyasının və ya digər siyasi partiyanın üzvü olmuşam? Xeyr, mən müstəqil jurnalist idim. Əksinə, o zaman müxalif düşərgə məni Kəmaləddin Heydərovla, Eldar Mahmudovla, digər nazirlərlə, Hüseyn Abdullayevlə bağlılıqda ittiham edirdilər. Yəni, məni hər zaman daha çox hakimiyyətdaxili qruplaşmalarla bağlayırlar, nəinki müxalif siyasi düşərgə ilə. Bəli, amma mənim bir çox məsələlərə tənqidi mövqeyim olub. Mən insan haqlarının pozulması, eyni zamanda hər hansı neqativ proseslə bağlı çox sərt, barışmaz və kompromissiz mövqe nümayiş etdirmişəm. Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm: axı harada mənim mövqeyimdə dəyişiklik baş verib? Bu gün də lazım gələrsə, hakimiyyətdə təmsil olunan nazirləri, icra başçılarını, millət vəkillərini sərt olaraq tənqid edirəm. Hesab edirəm ki, müstəqil dünyagörüşündəyəm. Amma hesab edirəm ki, Azərbaycanın siyasi landşaftı dəyişib. Yəni, artıq mövcud siyasi sistem yalnız hakimiyyətdaxili qüvvələrin münasibətlərindən, toqquşmalarından, hansısa proseslərdən ibarətdir”.

E.Fətullayev həbsi zamanı ictimai müdafiəsində öndə gedən beynəlxalq hüquq müdafiə, jurnalist təşkilatlarının Azərbaycanda insan hüquqları ilə bağlı apardığı işləri sonradan tənqidlərə məruz qoymasını ikili standartlara nifrət etməsi ilə izah edib: “Təəssüflər olsun ki, hazırda Avropada siyasi liberalizmin iflası müşahidə olunmaqdadır. İkili standartlar – biz bunu çox açıq şəkildə görürük, Culian Asanj bir nümunədir. Və Emin Hüseynov İsveçrənin səfirliyində gizlənəndə bu, çox pis haldır, bu demokratiyanın pozulmasıdır. Bəli, biz də bununla razılaşırıq. Bəs, Culian Asanjın saxta ittihamlarla İsveç prokurorluğu tərəfindən ittiham olunaraq təqib edilməsi və Ekvador səfirliyində yaşaması? Bəs, buna niyə beynəlxalq təşkilatlar münasibət bildirmir?

Bilirsiniz, məni qəzəbləndirən, qeyzləndirən də yalnız bu gün yox, ikili standartlardır. Bu bəlkə Azərbaycansayağı mövqedir, – mənə yaxşılıq ediblər, mən də bu gün o yaxşılığı qaytarmalıyam. Bu münasibət deyil axı! Məni müdafiə etməyiblər, prinsipləri müdafiə ediblər və hesab edirəm ki, mən sabah həbs olunsam, yəni ədalətsiz şəkildə həbs olunsam yenə də məni müdafiə etməlidirlər. Çünki prinsipləri müdafiə edirlər”.

Xədicə İsmayılova, Rəsul Cəfərov, Emin Hüseynov və digər ictimai fəalların, jurnalistlərin, blogerlərin həbsini və təqibini şərh edərkən E.Fətullayev vurğulayıb ki, işləri ümumiləşdirmək olmaz: “Mən hesab edirəm ki, bu məsələnin hər biri ayrı-ayrılıqda müzakirə olunan məsələlərdir. Yəni, bütün bu məsələləri ümumiləşdirmək olmaz. Niyə? Məsələn, Xədicə İsmayılovanı götürək. Bilirsiniz ki, bizim onunla münasibətlərimiz çox pis idi və bu məsələlərdə günahkar Xədicə idi. Çünki o məni daim hökumətlə əlaqədə suçlayırdı və sair. Mən o şəxsi münasibətləri qoyuram kənara, baxmayaraq ki, peşə etikasını və peşə kodeksini pozan Xədicə idi. Amma…. Xədicə özünəməxsus, öz mövqeyi olan, eyni zamanda araşdırmaçı jurnalist idi. Əlbəttə ki, jurnalistin həbsi, bu yaxşı hal deyil və heç kəs deyə bilməz ki, jurnalist həbsdədirsə, həbsxanadadırsa bu müsbət bir haldır. Mən ümid edirəm ki, Xədicə İsmayılova digər məhbuslar kimi azadlığa buraxılacaq. Amma, eyni zamanda mən hesab edirəm ki, Xədicə İsmayılın fəaliyyətində də kifayət qədər qərəzli, eyni zamanda jurnalist etikasına, jurnalist peşəkarlığına uyğun olmayan məqamlar çox idi. Ona görə də məsələn, sizə deyim, düzdü, bunu araşdırmaçı kimi təqdim edirdilər, amma hesab edirəm ki, bu araşdırmalar deyildi. Bu konkret bəzi xüsusi xidmət orqanlarının Xədicəyə göndərdiyi məxfi məlumatlar idi. O məlumatları da Xədicə vasitəsi ilə leqallaşdırırdılar. İstənilən dövlətdə buna qarşı tədbir görülür. O ki qaldı Rəsul Cəfərov məsələsinə, tam açıq, səmimi demək istəyirəm ki, mən Rəsul Cəfərovla bir müddət işləmişəm. Bu insanı tanıyıram. Tam əminlikə söyləyirəm ki, onun fəaliyyətində qanunsuz məqamlar çox idi. Həqiqətən də vergidən yayınma və sair. Əfsuslar olsun ki, bəziləri hüquq müdafiə fəaliyyətini biznesə çevirdilər. Problem onda başladı”.

Eynulla Fətullayev Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətlə bağlı suala cavab verərkən bildirib ki, indiki prezident İlham Əliyevin ciddi rəqibləri yoxdur: “Hökumət müxalifətə, protest qüvvələrə, etirazçı qüvvələrə meydan ayırır. Həmin meydanda əfsuslar olsun ki, 5-10 mindən artıq insan kütləsi toplaşmır. Bu nəyin göstəricisidir? Hökumət heç bir maneə yaratmır. Heç kəsi, deyək ki, oraya yolları qapatmır, hansısa məhdudiyyətlər tətbiq etmir. Zənn edək ki, sabah Bakının küçələrində Yerevandakı kimi “elektromaydan” toplaşır. Məsələn, deyək ki, bizdə də bir “maydan” toplaşır. Həmin, o “Məhsul” stadionuna 100 min adam yerləşir. Sizcə, hökumət islahatları sürətləndirəcəkmi? Əlbəttə, sürətləndirəcək, çünki ictimai təpki, ictimai etiraz hökuməti buna sövq edəcək. Amma, xalq etiraz etmir. Bizim tərəfimizdən də tənqid etdiyimiz və bayağı hesab etdiyimiz bir tezis var, “xalq və iqtidar birliyi”. Amma, həqiqətən də kənardan belə bir təsir bağışlayır ki, doğrudan da bu “xalqla hökumət birdir”. Çünki… siz mənə əksini sübut edin. Mən xalqın etirazını görmürəm. Deyirsiniz ki, qorxudurlar, həbslərdir, bəlkə xalqı sındırıblar, gözünün odunu alıblar. Bəs Ermənistan, bəs Ukrayna, bəs Qırğızıstan, digər ölkələr?! Məsələn, həmin Qırğızıstanda vəziyyət heç də Azərbaycandan yaxşı deyil. Amma, orada xalq çıxır, etiraz edir. Ermənistanda vəziyyət daha ağırdır. Orada da siyasi məhbuslar, orada da Sərkisyanın istibdadı, amma xalq görürsünüz, meydana çıxır. Xalqın səsini, xalqın iradəsini heç bir hakimiyyət boğa bilməyib tarixdə, bu gün də boğa bilmir və boğa bilməyəcək. Sadəcə əminəm ki, Azərbaycan xalqı bu günkü hökuməti, İlham Əliyevi, onun yürütdüyü siyasəti dəstəkləyir”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın