Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Siyasət / Etibar Məmmədov: “Ordumuz təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır”

Etibar Məmmədov: “Ordumuz təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır”

Məlum olduğu kimi, Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı keçirilib. Videokonfrans şəraitində keçirilən Qurultayda AMİP Lideri Etibar Məmmədov ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, məmur özbaşınalığı, Dağlıq Qarabağ, Türkiyə – Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyələrini verib.

Azərbaycanın ərazi bütövlüyünə olan təhlükələrin və təhdidlərin artmaqda olduğunu söyləyən Etibar Məmmədov Azərbaycanda cəmiyyətin birləşməsi və dövlətçiliyin qorunması istiqamətində böyük səylərin həyata keçirilməsinin vacib olduğunu, milli ideya ətrafında birləşməyə yönəlik fəaliyyətin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu bildirib. Bu fəaliyyətdə siyasi qüvvələrin rolunun danılmaz olduğunu qeyd edən Etibar Məmmədov bu roldan imtinanın Azərbaycanın milli mənafeləri üçün təhlükə yarada biləcəyini vurğulayıb.

Etibar Məmmədov, həmçinin cəmiyyətdəki gərginliyin aradan qaldırılması və əməkdaşlıq istiqamətində olan təşəbbüslərin vacib olduğu bildirib. Beynəlxalq aləmdə Azərbaycanın müttəfiqlərinin artması istiqamətində fəaliyyətin vacib olduğunu deyən AMİP lideri bu istiqamətdə partiyanın bu günə apardığı fəaliyyəti daha da genişləndirməyə ehtiyac olduğunu, partiyanın beynəlxalq əlaqələrindən istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmağ üçün davamlı fəaliyyətin aparılmalı olduğunu vurğulayıb. Pariyanın qarşısında duran ən mühüm vəzifənin Azərbaycanın ərazi bütövlüyünə olan təhdidlərə qarşı mübarizədə iştirak etmək olduğunu vurğulayan Etibar Məmmədov vətənpərvərlik, millilik və millətçilik istiqamətində fəaliyyətin bir nömrəli vəzifə olduğunu bildirib.

Daha sonra Etibar Məmmədov Türkiyə-Azərbaycan münasibətlərinə toxunaraq Azərbaycanın ən yaxın müttəfiqinin qardaş Türkiyə Cumhuriyyəti olduğunu və bu müttəfiqliyin daha da genişləndirilməsi üçün Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyə ehtiyac olduğunu vurğulayıb. Hərbi İttifaq müqaviləsində qarşılıqlı hərbi yardım haqqında müddəanın öz əksini tapmasının vacibliyini qeyd edən AMİP lideri bunun təkcə düşmənlərimizə yerini göstərmək üçün deyil, həmçinin Azərbaycan daxilində vətəndaşların dövlətimizə olan inamının artırılmasına köməklik göstərəcəyini bildirib. 

Etibar Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ məsələsi ilk növbədə Azərbaycanın və Azərbaycan vətəndaşlarının problemidir:

“Ordumuz təkbaşına bu işin öhdəsindən gəlmək iqtidarındadır. Hərbi İttifaq sazişinin imzalanmasının vacibliyi ondan ibarətdir ki, düşmən dövlətin müttəfiqləri Azərbaycana təzyiq göstərəcəyi halda bizim müttəfiqimizin də bu məsələyə müdaxilə edə biləcəyini anlamış olsunlar”.  

Azinforum.az

Həmçinin oxuyun

“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası

Ermənistanın Suriya və İraqdan Qarabağa PKK terrorçularını daşımasına dair faktların üzə çıxmasından sonra bəzi Rusiya …