Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Manşet / Ermənişunas alim Nikol Paşinyanın “qələbəsini” belə şərh etdi…

Ermənişunas alim Nikol Paşinyanın “qələbəsini” belə şərh etdi…

Ermənistan dövlətinin tarixi ənənəsi davam edir

Ermənistan Respublikasının keçdiyi tarixi yola nəzərsalma onun hər hansı bir görüş bucağından olursa olsun bütün aspektlərdə, bir qayda olaraq yanlış, mürəkkəb bir istiqamətdə davam etdiyi görünür. Məlumdur ki, ermənilər heç vaxt kompakt şəkildə yaşamadıqları bir ərazidə – Azərbaycanın Naxçıvan və İrəvan torpaqları hesabına dövlət qurdular. O zaman ermənilərin nə əraziləri, nə də dövlət yaratamaq üçün kifayət edə biləcək əhalisi yox idi. Sadəcə ermənilər üçün dövlət yaratmaq lazım idi, yaratdılar. Ermənilər isə bunun müqabilində həmin dövlətlərə borclu qalmamaq üçün canlarından keçməyə hazır olduqlarını sanki üzərlərinə götürdülər. Erməni millətçi təşkilatlar yaratdılar, silaha sarıldılar və qonşu dövlətlərin ərazi bütövlüyünə qarşı çıxışlara başladılar. Əsassız ərazi iddiaları irəli sürməklə etnik təmizləmə həyata keçirdilər. Keçən əsrin əvvəllərindən başladıqları seperatizm və terror yolu ilə bütün Cənubi Qafqazın dincliyini pozdular. Silahlandırılmış erməni millətçiləri qırğınlar, depertasiya və soyqırımılar törətdilər. Ararat və ya Ermənistan adlı dövlətlər olsa da siyasətdə müstəqil dövlət olmadıqlarını hər an biruzə verdilər. Sovetlər dövrünün birgə yaşayışı zamanı da qonşulara qarşı ədavətdən, əsassız ərazi iddialarından əl çəkmədilər. Erməni millətçilərinin bu ədavəti Cənubi Qafqazda milli inkişafın qarşısını almağa xidmət edirdi. Onlar bu mənfur ənənəni müstəqillik dövründə də unutmadılar. Hətta, bu siyasəti daha geniş planda, daha açıq-aşkar davam etdirməyə başladılar. Öz imperiya siyasətini davam etdirmək istəyən böyük dövlətlərin yedəyində gedərək gah bu, gah da digər qüvvələrin təsiri altında siyasi oyunlara girdilər. Qurduqları “müstəqil” dövlətin ilk addımları yenə də pozuculuq, seperatizm, ekstrimizm və terrorçuluq oldu. Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi təcavüz etdilər. Ermənistan hərbi qüvvələri Azərbaycanın 20% ərazisini işğal etdi. Ekstremis bir rejim olan “Dağlıq Qarabağ Respublikası” elan etdilər. Bunlarla bərabər təkmillətli Ermənistan dövləti yaratdılar. Müstəqil dövlət atributları qəbul etdilər. Lakin bir dəfə də olsun müstəqil qərar qəbul edə bilmədilər. Müstəqil qərar çıxarmağı tələb edənləri güllələdilər.

Ermənistanın son zamanlar atdığı müstəqil addımlardan biri küçələrə çıxıb demokratik seçki keçirmək şüarı səsləndirmək oldu. Avantürist bir adam – Paşinyan baş nazir kürsüsünü ələ keçirdi. Bu “məxməri inqilab” yolu ilə hakimiyyətə yiyələnən avantüristin hakimiyyətə gəlməsi o qədər təsadüf oldu ki, hələ də proseslər küçə oyunları səviyyəsindən irəli getmir. Bir əli Qərbin, bir əli Şimalın ətəyində olan küçə siyasətçisi Paşinyanın qəbul etdiyi müəmmalı qərarlar, etdiyi çıxışlar, gördüyü tədbirlər və s. iqtisadi cəhətdən böhran vəziyyətində olan Respublikanı inkişafa yox uçuruma apardı. Son günlər Konstutsiyada dəyişiklik, Dağlıq Qarabağa aid eyforiyalı çıxışlar, yalanlar, böhtanlar bir-birini əvəz etdi. Ermənistanda mövcud olan vəziyyətin xarakteri olan küçə demokratiyası onlara yaxşı heç nə vermədi. Xalqın sosial vəziyyətini yaxşılaşdırmağa qadir olmayan heç bir iqtisadi islahat keçirə bilməyən, dünya banklarına 7, 5 millyard borcu olan bir respublikanın sosial vəziyyətini də təsəvvür etmək çətin deyil. Bu vəziyyətdə olan bir respublikanın demokratiya oyunu oynamağı çox gülünc görünür. Baş nazir olmağa çox maraq göstərən Nikol Paşinyanın qeyri-ciddi addımları Ermənistanın perspektivdə yaxşı gələcəyə nail olacağı çox şübhəlidir.

Belə bir vəziyyətdə parlament seçkiləri keçirən Ermənistanda keçmiş “ənənənin” davam etməsi gözələnilən idi. Bütün seçkilərdə bir qayda olaraq saxtakarlıqda “ixtisaslaşmış” Ermənistanın seçki sistemi yenə də əvvəlki ənənənəsinə sadiqliyini göstərdi. Mərkəzi seçki kommisiyasının bu günkü iclasında 2018-ci il 9 dekabr tarixində keçirilən seçkilərin yekun nəticələri açıqlandı. Mərkəzi seçki komissiyasının prezidenti Tiqran Muquçyan Mərkəzi seçki komissiyasının protokolunu hazırlayıb təqdim etdi. Məlumata görə seçicilərin ümumi sayı 2 milyon 591 min 276 nəfər idi. Lakin, səsvermədə iştirak edənlərin ümumi sayı 1 milyon 262 min nəfər və ya 48,67 % təşkil etmişdir. Protokola görə 59 059 nəfər ( 4,7%) “Ermənistan Respublikaçılar partiyası”nın lehinə, 8530 nəfər (0,68%) “Sosial Demokratiya” partiyasına, 884 849 (70,44%) “Mənim Addımım” partiyasına səs verdiyi məlum olmuşdur. “Çiçəklənən Ermənistan” partiyası 80 049 (6.37%), “Xristian-Xalqın dirilişi” partiyası 6.460 (0,51%), “Milli Tərəqqi” partiyası 4122 (0.33 %) səs toplamışdır.

Seçkilərdə 3-cü yeri tutan “Respublikaçılar Partiyası”nın deputatı Davit Şarnazaryan jurnalistlərlə söhbətində bildirib ki, bu Ermənistanın tarixində keçirilən ən rüsvayçı seçki idi. O, qeyd edib ki, bu gün hüquq mühafizə orqanları Paşinyanın əsas cəzalandırıcı vasitələridir.
Seçkilər qurtaran kimi (10 dekabr saat 12 00-a qədər) Ermənistan Respublikasının İstintaq Komissiyası məlumat verdi ki, seçkilər zamanı qeydə alınan pozuntularla bağlı 55 şıkayət ərizəsi daxil olmuşdur. Bunlardan 9-u İrəvanda, 9-u Şirakda, 4-ü Araqacodnda, 9-u Araratda, 8-i Qeğarkunikdə, 2-si Armavirdə, 1-i Vayoç Çori, həmçinin Davuş və Lori regionlarında qeydə alınmışdır. Edilmiş seçki saxtakarlıqlarından 51-i təkrar səs verməyə cəhd, 3-ü səsvermə gizliliyinin pozulması, 1-i isə seçiçilərin azad iradəsinin pozulması olmuşdur.
Bütün bunlar işğalçı Ermənistanın daxili siyasətinin səviyyəsini, bununla da ölkənin siyasi, iqtisadi və sosial simasının əsil mahiyyətini göstərir.

Qasım Hacıyev
AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq
şöbəsinin müdiri, t.ü.e.d.

Azinforum.az

Həmçinin oxuyun

YAP Rusiyaya etiraz məktubu yolladı

Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının üzvü V. Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə …