Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / “Ermənistanla problemi on günə həll etmək mümkündür” – Deputat

“Ermənistanla problemi on günə həll etmək mümkündür” – Deputat

Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “seçkilər”  gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Rəsmi Bakı bu “seçkilər”lə bağlı mövqeyini ilk gündən ortaya qoyub və prosesi Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı kimi dəyərləndirib. 

Dünən isə Prezident İlham Əliyev Tərtərdə səfərdə olarkən bu məsələyə toxunub. Ölkə başçısı Dağlıq Qarabağda keçirilən “seçkilər”i şou və təlxəklər tamaşası alandırıb. İlham Əliyev həmçinin vurğulayıb ki, dünyanın bütün aparıcı ölkələri bu “seçkilər”i qınayıb və tanımayıb.

Dağlıq Qarabağda bundan əvvəl keçirilən “seçkilər”ə də eyni münasibət sərgilənib. Amma Ermənistan tərəfi hər dəfə məyus olmasına baxmayaraq bu şounu təkrarlayır.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə Yenisabah.az-a açıqlamasında bildirib ki, hər dəfə dünya tərəfindən qınanılmasına və tanınmamasına baxmayaraq Dağlıq Qarabağdakı qondarma rejimin “seçki” keçirməsi daxili auditoriyaya hesablanıb. 

“Bu, ilk növbədə özlərinin ruhunu dəyişdirməyə,  bu məsələdən daxili siyasətlərində yararlanmağa hesablanıb. Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağdakı qondarma respublikanı dövlət kimi tanıtdırmağa israr edirlər. Bununla belə, anlayırlar ki, heç bir beynəlxalq təşkilat qondarma respublikanı tanımayacaq. Təsəvvür edin, hətta Ermənistanın özü belə, bu addımı atmayıb. Yəni, qondarma respublikanı tanımayıb”, – deyə deputat vurğulayıb.

Asim Mollazadə əlavə edib ki, Ermənistan hələ ötən əsrin 80-ci llərdə Qarabağı işğalını leqallaşdırmağa başlayıb: “Həmin vaxt Ermənistanın Ali Soveti Dağlıq Qarabağı bu ölkəyə birləşdirilməsi barədə qərar qəbul edib. Bu qərar hələ də qüvvədə qalır. Bütün bunlar göstərir ki, bu oyunların arxasında Ermənistanın ənənəvi siyasəti, yəni, etnik təmizləmə, torpaq iddiaları, işğal və s. dayanır. Ona görə də dünya bu siyasəti qəbuletməyəcək. 

Bir fakt da var ki, Ermənistanın arxasında böyük bir qüvvə var. Ermənistanın silahlı qüvvələri artıq Rusiya silahlı qüvvələrinin tərkib hissəsi sayılır. Rusiyanın Dövlət Duması da artıq bunu təsdqiləyib. Bu o deməkdir ki, biz müharibəyə başlasaq Ermənistanla deyil, Rusiya ilə savaşacağıq. Yoxsa, Ermənistanla problemi bir həftə-on günə həll etmək mümkündür. Ona görə də biz istəyirik ki, dünyanın aparıcı ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar bu məsələdə hüququn aliliyini təmin edərək Ermənistanı sülhə məcbur etsinlər. Onsuz da Azərbaycan öz ərazilərini güzəştə getməyəcək və bu problem Ermənistanın müstəqil dövlət kimi iflası ilə nəticələnə bilər”.

Partiya sədri digər beynəlxalq qurumlardan fərqli olaraq Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Dağlıq Qarabağda keçirilən “seçkilər”ə həvəssiz reaksiyasına da toxunub. “Avropa Şurasında erməni lobbisi var. Bu lobbi qəbul edilən qərarlara təsir göstərə bilir. 

Digər tərəfdən, təəssüf ki, Avropanın bəzi siyasətçilərinin fəaliyyəti siyasi korrupsiya ilə müşayiət olunur. Erməni lobbisi də bundan məharətlə istifadə edir. Azərbaycana qarşı qərarların da arxasında bu qüvvələr dayanır.

Bir faktı diqqətinizə çatdırım. İsrailin “Yerusəlim Post” qəzetində bir məqalə dərc olunub. Həmin məqalədə qeyd olunur ki, bəzi ermənilər adlarını dəyişdirərək beynəlxalq təşkilatlarda fəaliyyət göstərir. Məqalədə həmin şəxslər Azərbaycan torpaqlarının işğalına müsbət yanaşsa da, İsraili Fələstin məsələsinə görə qınayırlar. Məqalədə həmin şəxslər adbaad ifşa olunur. 

Yəni, bu faktdır ki, Azərbaycana qarşı mənfi qərarlar erməni lobbisinin ölkəmizlə infromasiya müharibəsinin nəticəsidir”.

Həmçinin oxuyun

Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu – Video

Xocavənd rayonunun Tağaverd kəndi ərazisindəki erməni hərbçiləri hələ də ərazini tərk etməyib. Bu barədə erməni …