Ana səhifə / Siyasət / Ermənistanın Qarabağ planı və Rusiyadan gələcək təhlükə – TƏHLİL

Ermənistanın Qarabağ planı və Rusiyadan gələcək təhlükə – TƏHLİL

Soçi görüşünün nəticəsinin nə olmasından aslı olmayaraq…

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə qədər real görünsə də, Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgənin Azərbaycanın yurisdiksiyası altına keçməsi o qədər gerçəkçi deyil.

Azərbaycanın əlində Ermənistan və Qarabağdakı ermənilərə qarşı istifadə edəcək nələri var idi? Öncə buna baxmaq lazımdır. Azərbaycan ictimaiyyətində əksəriyyətin fikri bu yöndə idi ki, rəsmi Bakı hərbi gücdən istifadə edərək erməniləri razı sala biləcək. Bunun adını bəziləri antiterror, bəziləri isə sülhə məcburetmə əməliyyatı qoyurdular. Azərbaycan bu addımları atdımı? Bəli! Özü də bir neçə dəfə. Fərrux, Sarıbaba, Qırxqızda xüsusi əməliyyatlar həyata keçirildi. Nəticə nə oldu? Erməni tərəfi müxtəlif ağızlarla maksimum “Azərbaycanın sərhədlərini tanıyırıq”, “Qarabağ Azərbaycanın beynəxlalq aləm tərəfindən tanınmış torpaqlarıdır”, “Sülhə razıyıq” kimi bəyanat verməklə yetindi.

Son olaraq sentyabr ayında sərhəd toqquşması baş verdi. Nəticə nə oldu? Heç nə! Dolayısı ilə Azərbaycanın planlaşdırdığı, gözlədiyi, arzuladığı heç nə baş vermədi. Hərbi güc effekt vermədi. Bir addım atılırsa, o istənilən nəticəni vermirsə, məqbul sayıla bilməz. Sülhə məcburetmə Azərbaycanın A planı idi. Bəs B, C, D..? Bunları nə masada, nə də sahədə görə bilirik.

Ermənilər Xankəndidə mitinq keçirdi. Bunu rəsmi Bakı və onun mətbuatdakı (politoloq, hərbi ekspert, siyasətşünas, jurnalist) sözçüləri ciddiyə almır. Hətta siyasətçilərin belə ilk ağlına gələn antiterror olur. Partiya sədrlərinin belə alternativ fikri yoxdur. Ancaq ermənilər Xankəndidə mitinqi nə Azərbaycana, nə də Ermənistana göstərmək üçün keçirirlər. Onları planı stratejikdir, uzun vədəlidir, alibidir. Azərbaycan da Qarabağla bağlı mitinq keçirə bilərdi? Bəli! Ancaq açıq görünür ki, rəsmi Bakı xalqı proseslərdən kənarda saxlayır. Unutmaq olmaz ki, müharibə zamanı xalqın varlığı bir çox məsələləri həll etmişdi…

Azərbaycanın Xarici İşlər Nazirliyi və müvafiq qurumları bir neçə variantı hazır etməli idi. Təəssüf ki, bu variantları görə bilmirik…

Ermənistan Azərbaycanın hərbi gücünü iliyinə qədər hiss edib. Ancaq dözdü, səbr edərək özünə tərəfdaşlar tapdı və prosesi başqa səmtə daşıdı. Fransa Makronun dili ilə, ABŞ isə Nensi Pelosinin dili ilə Ermənistanın yanında olduğunu bəyan etdi. Bəs Azərbaycanın yanında kim var? Türkiyə. Bu yenilik deyil, onsuz da Ərdoğan Zəngilan hava limanının açılışına gəlsə də, gəlməsə də, hər kəs bilir ki, Türkiyə ilə Azərbaycan ortaq hərəkət edir. Türkiyə birincidir, bəs ikinci, üçüncü?

Hələ bu azmış kimi, İranı da nəzərdən qaçıra bilmərik. İran, ola bilsin, dünyada söz sahibi ölkə deyil, ancaq region üçün diqqətə alınacaq gücdür. Qarabağ hazırda, türkiyəlilər demiş, “çıxmaz sokak”dır.

Dünyanın güc mərkəzləri Rusiya üzərində plan qurublarsa, bu heç vaxt təkcə Ukrayna üzərindən ola bilməzdi. Həmin güc mərkəzlərinin planı çoxşaxəli və müxtəlif regionları əhatə etməlidir. Ermənistan ən yaxşı variantlardandır. Burada genetika da öz sözünü deyir. Tarixən ermənilərin satmadığı, oturmadığı masa qalmayıb. Erməni tərəfinin oynaqlığı həmin güc mərkəzlərinin də işinə yaramış oldu. Ermənilər həm də siyasiləşmiş toplumdur. Demək, təkcə onlara vəd verməyiblər, həm də vəd alıblar. Həmin beyin mərkəzləri Ukraynadakı proseslərlə yanaşı, Ermənistan üstündən də Rusiya üzərində əməliyyat həyata keçirirlər. Təbii ki, burada da bir neçə variant olmamış deyil. Ukraynada baş tutmayacaq plan Cənubi Qafqazda baş tutacaq, ya da tam əksi.

Paşinyan durduq yerə, təkcə özünə və erməni xalqına güvənərək KTMT-dən çıxa biləcəklərini demir. Bir dönəmlər Beyrut haqqında “casuslar oylağı” deyirdilər. Hazırda İrəvan casusların oylağına və oyuncağına çevrilib desək, yanılmarıq. Hətta Ermənistan ərazisindəki Rusiya hərbi bazalarının çıxarılması məsələsi də gündəmdədir.

Rusiya hələ ki Ermənistanda faktiki olaraq var olduğu üçün məsələyə radikal yanaşmır. Bir anlıq təsəvvür edək ki, Ermənistan Rusiya ilə bütün münasibətləri kəsdi. O zaman Rusiya Ermənistanı yanğın yerinə çevirəcək. Ruslar bu günə qədər girdikləri yerdən asan-asan çıxmayıblar, çıxdıqları yeri isə qan gölünə çevirirlər. Dolayısı ilə Cənubi Qafqazda hələ görəcəyimiz çox şeylər var.

Azərbaycan Ermənistanın üzərinə, demək olar ki, Rusiya ilə birgə hərəkət edir. Bunu da anlamaq olar. Çünki rəsmi Bakı bilir ki, bölgədəki daşlar yerindən oynasa, region dövlətləri bundan nəsibini alacaq.

Paşinyan Qarabağ yarasından qurtulmaq istəyir. Dolayısı ilə Qarabağı Rusiyanın qucağına atıb önünə baxmaq ən optimal variantdır. O zaman sual yaranır ki, niyə Rusiya sülhməramlılarının Qarabağda 15-20 il qalması ilə bağlı açıqlama verir. Çox sadə cavabı var. Ermənistan Azərbaycana ediləcək ən böyük pisliyi etmək niyyətindədir: “Mmənim olmayan, heç sənin də olmasın”, – deyir. Yəni Qarabağ Azərbaycanla Rusiyanın problemi olsun. Rəsmi Bakının son çabaları da bu yöndədir. Çünki Rusiyanı tanıyan heç bir ölkə onunla probleminin, ortaqlığının olmasını istəmir, ağlı olan istəməz də.

Ermənistan bunu bacarsa, prosesin sonu görünməyəcək…

Səxavət Məmməd

Həmçinin oxuyun

Laçın dəhlizində əslində nə baş verdi? – DETALLAR

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün “həyati əhəmiyyət” kəsb edən yolun qarşısını …