Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Ermənistanın məğlubiyyətinin yeddi səbəbi…

Ermənistanın məğlubiyyətinin yeddi səbəbi…

Azərbaycan və ətraf ölkələrin hesabına “Böyük Ermənistan” ideyasını həyata keçirməyə çalışan Ermənistanın neçəyüzillik planı 2020-ci ilin sentyabrın 27-dən bəri yarımçıq qalmaq üzrədir. Azərbaycanla olan münaqişə zamanı qonşu ölkənin çatışmazlıqları ortaya çıxdı. Bəs, Ermənistanın məğlubiyyətinin əsas səbəbləri nə idi?

1.    Möhkəm istehkamlara arxayınlıq. Ermənistan əsasən təmas xəttini və Yuxarı Qarabağ hissəsini möhkəmləndirmişdi. Əsas fikir bundan ibarət idi ki, əgər Azərbaycan tərəfi təmas xəttini yararsa, Yuxarı Qarabağdakı təbii dağ silsiləsi, eləcə də möhkəm beton istehkamlar ordunun qarşısını kəsəcək. Bununla da Azərbaycan yalnız Dağlıq Qarabağ ətrafındakı rayonlarla kifayətlənməlıi olacaq. Hələ 1990-cı illərdən təmas xətti möhkəmləndirilsə də, Yuxarı Qarabağda möhkəm istehkamların qurulması 2016-cı ildə – Lələtəpə ətrafındakı döyüşdən sonra sürətləndi. Xarici mühəndislər əsas yüksəklik və Dağlıq Qarabağa aid məkanlarda yeraltı tunellər tikdilər. Lakin belə təhlükəsizlik tədbirlərinin yetərli olmaması 2020-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan ordusunun yüksək səviyyəli əməliyyatları ilə üzə çıxdı.

2.    Müharibə yanlışlığı. Ermənistan tərəfi düşünmüşdü ki, heç vaxt müharibə olmayacaq. Azərbaycan istər region, istərsə də Avropanın enerji təhlükəsizliyinə yönəlik neft-qaz kondensat layihələrinə risk yaranmaması üçün müharibə aparmayacaq. Kiçik lokal atışmalar bir neçə gün çəkəcək. Arxayınlıq 2015, 2016 – Lələtəpə və 2020-ci il – Tovuz münaqişəsinin qısamüddətli olmasına görə yaranmışdı. Məhz bu baxımdan qarşı tərəf hər zaman müharibə ritorikası ilə çıxış etməkdən çəkinmirdi.

3.    Əhəmiyyətsiz silahlanma. Ermənistan 2016-cı ilə qədər də silahlanırdı. Həmin ildən sonra respublikanın silahlanmasında aktivlik müşahidə edildi. Amma arsenala kifayət qədər əhəmiyyət daşımayan silahların doldurulması ilə razılaşmağa məcbur qalan Ermənistan “Smerç” və “Tor” yaylım sistemi ilə müharibəni udacaq qədər gülünc fikirdə qalmışdı. Qarşı tərəfin aldığı yüksək texnologiyalı silahlardan xəbərsizlik məğlubiyyətin əsas şərtlərindən biri kimi yozulmalıdır.

4.    Müttəfiqliyə arxayınlıq. Ermənistan Azərbaycanla konfrontasiyanın necə ağır olacağını zənn etməmişdi. Bu baxımdan Rusiyanın atəşkəs elan edəcəyinə ümidin puça çıxması məğlubiyyətə əsas yaratdı. Eyni zamanda 1990-cı illərdə nüfuzlu erməni iş adamlarının, eləcə də yüksək postlarda çalışan ermənilərin həmsədr ölkələrin Rusiya, Fransa və ABŞ liderlərinə təsir imkanlarına da ümidin bağlanmasında yanlışlıq müşahidə edildi.

5.    İnformasiya müharibəsi. Ermənistanın 1990-cı illərdəki kimi Azərbaycanı informasiya blokadasında saxlayacağını, haqq səsinin eşidilməməsi üçün KİV orqanlarına təsir göstərəcəyini, terrorla hədələcəyini, maliyyə ilə ələ alacağı ilə bağlı arxayınlığı budəfəki situasiyada tamam başqa mənzərə yaratdı. Azərbaycan tərəfinin informasiya sahəsində çevik menevri və diplomatik hazırlığı başa çatdırması nəzərə alınmamışdı.

6.    İnternet məhdudiyyəti. Məğlubiyyətin əsas səbəblərindən biri döyüşlər başlanan andan Ermənistan rəhbərliyinin öz sakinlərinin internetə çıxışına məhdudiyyət qoyması göstərilməlidir. Qarşı tərəfin sakinləri real mənzərəni əsasən Azərbaycan saytlarından öyrəndilər, eyni zamanda yaralanan əsgərlərin PUA-lar və artilleriya barəsindəki dəhşətli hekayətləri ruh düşgünlüyü və fərariliyə əsas yaratdı.

7. Xəstə təxəyyül. Ermənistan Respublikası “Daşnaksütyun” ideyaları əsasında yaradılıb. Həmin ideyalarda böyük ermənilik, ari irq, yüksək mübarizlik, məğlubedilməzlik təbliğ edildiyindən, formalaşan xəstə təxəyyül imkan vermədi ki, Azərbaycan Respublikasının bu illər ərzində artan imkanları, müharibədə qalibiyyət üçün bütün hazırlıq işlərini – hərbi, siyasi-iqtisadi işlərini başa çatdırıb yekunlaşdırması analiz edilib nəticə çıxarılsın. Eyni zamanda yeni siyasi dünya düzəninin formalaşması, qlobal məsələlərin fonunda Ermənistanın kölgədə qalacağı vaxtında tutulmadı. 

Azər Qismət

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …