Ana səhifə / Siyasət / Ermənistanın hazırkı mülki müharibəsi azərbaycanlılara qarşı yüzillik etnik soyqırımın davamıdır

Ermənistanın hazırkı mülki müharibəsi azərbaycanlılara qarşı yüzillik etnik soyqırımın davamıdır

Samir Adıgözəlli: “Hətta onların ən tanınmış ziyalısı belə azərbaycanlı körpəni necə öldürdüyü ilə bağlı duyğularını öz əsərində qeyd edib”
“Onların cəbhədə mülki əhaliyə qarşı sərgilədiyi davranışı erməni genosidinin davamı saymaq olar”

Son günlər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur. İki gün ərzində sarsıdıcı zərbələr alan düşmən tərəfi çarəsiz qalaraq Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutur.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda aprelin 2-də növbəti belə təxribat və diversiya aktları nəticəsində qanlı cinayət əməllərinin törədildiyi, mülki əhali arasında həlak olanların və yaralananların olduğu bildirilib. Hüquq-mühafizə orqanları bununla bağlı konkret məlumatlar açıqlayıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə atəş açması 2 sakinin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Eyni zamanda, vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə məruz qalıb.
Tərtər rayonunun Qarağacı kəndi və Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərin minik avtomobillərinin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb. Daha bir mərmi həmin kənddəki evi dağıdıb. Ağır yara alan ev sahibi xəstəxanaya yerləşdirilib. Erməni hərbi birləşmələri Ağdam rayonunun yaşayış məntəqələrini də şiddətli artilleriya atəşinə tutub. Nəticədə Əfətli və Seydimli kəndlərində üç nəfər ağır yaralanıb. Yaralılardan biri azyaşlıdır. Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş Tərtər və Goranboy rayonlarında da dağıntılar törədib və iki mülki şəxsin ağır yaralanması ilə nəticələnib. Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonunun Düyərli kəndində həyətyanı sahəyə düşüb. Partlayış zamanı kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və Ağayeva Kəmalə Əjdər qızı çoxsaylı qəlpə yaraları alıb. Qəlpələr gənc qızların ayaq, qol və üz nahiyələrinə dəyib. Ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə də mərmi atılıb. Mərmi həyətdə olan avtomobilin yanına düşüb. Nəticədə avtomobildə olan C.Rəhimov həlak olub, onun qardaşı oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Ayaqlarını itirən O.Rəhimov xəstəxanaya aparılan zaman təcili yardım avtomobili yol qəzasına düşüb. Nəticədə ayaqlarını itirmiş O.Rəhimov da qəza zamanı həlak olub. Erməni silahlıları tərəfindən atılan daha bir mərmi isə Tərtərin Azadqaraqoyunlu kənd sakinilərindən birinin evinə düşüb. Ev sahibinin sözlərinə görə, partlayış nəticəsində evdə qısamüddətli yanğın baş verib. Yerli icra nümayəndəsi Nazim Xəlilov kənd ərazisinə düşən mərmilərin partlaması nəticəsində hələlik iki evə ziyan dəydiyini bildirib. Tərtər rayon FHN-in sədr müavini İlqar Musayev də deyib ki, kəndin artilleriya silahlarından atəşə məruz qalması nəticəsində elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz borusu da zədələnib. O cümlədən Tərtərin Qapanlı kəndində yüksək gərginlikli elektrik xətləri və dirəklər sıradan çıxıb. Bütün bu faktlarla bağlı cinayət işləri başlanıb, istintaq aparılır. Həmçinin, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırığa əsasən, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində ictimai asayişin qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülür, əməliyyat şəraiti nəzarətdə saxlanır. Ermənilərin mülki əhaliyə qarşı törətdiyi bu hərəkətlər onların indiyə qədər törətdiyi genosid siyasətinin davamı sayıla bilərmi?
Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son hadisələr bir daha ermənilərin nə qədər vandal, insan qanına susayan olduğunu nümayiş etdirdi:

“Ermənilərin cəbhədəki azğınlaşmasına bu dəfə olduqca layiqli cavab verildi. Amma siz bu üç gün ərzindəki statistikaya baxın. Görün onlar dinc əhaliyə qarşı hansı əməlləri törədiblər? Hətta onların həyasızlığı o həddə çatıb ki, öldürdükləri mülki əhalinin, dağıdılmış evlərin və gülləbaran edilmiş avtomobillərin fotolarını özünkülər kimi dünya mediasına təqdim edirlər.
Erməni milləti hər zaman zülmkar əməlləri ilə tanınıb. Yaxın keçmişimizə aid olan Xocalı, Qaradağlı faciələrini buna misal göstərə bilərik. Onların millətimizə qarşı törətdiyi qırğınlar barədə müfəssəl məlumatlar var. Quba memorialını bu yaxınlarda ziyarət etdik. Artıq ora baxanda bütün dünyaya ermənilərin nə qədər varvar millət olduğu məlum olur. Həmin məzarlıqda insanların öldürülərək kütləvi şəkildə basdırıldığına dair sübutlar var. Cəbhədəki son davranışlar bir daha sübut etdi ki, ermənilər üçün müqəddəs heç nə yoxdur.
Hətta onların ən tanınmış ziyalısı belə azərbaycanlı körpəni necə öldürdüyü ilə bağlı duyğularını öz əsərində qeyd edib. Budur ermənilərin xisləti. Onların cəbhədəki mülki əhaliyə qarşı sərgilədiyi davranışı erməni genosidinin davamı saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın