Şənbə , Yanvar 19 2019
Ana səhifə / Siyasət / “Ermənistandakı həbslər ABŞ və Rusiya kəşfiyyat orqanları arasında gedən mübarizənin nəticəsidir” – POLİTOLOQ

“Ermənistandakı həbslər ABŞ və Rusiya kəşfiyyat orqanları arasında gedən mübarizənin nəticəsidir” – POLİTOLOQ

Ermənistanda Paşinyan iqtidarı ilə Qarabağ klanı arasında qarşıdurma dərinləşir. Yanvarın 10-da sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açılıb. Seyran Ohanyan 2008-ci il 1 mart qırğınının törədilməsində ittiham olunur. Belə ki, həmin vaxt Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini tutan Seyran Ohanyan barəsində Cinayət Məcəlləsinin 300.1- Dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişmək maddəsi üzrə ittiham irəli sürülüb. 

“Aykakan Jamanax” qəzetinin yazdığına görə, Ermənistan Xüsusi İstintaq Xidmətindən bu xəbəri şərh etmək istəməyiblər. Seyran Ohanyan özü isə sözügedən məlumatla bağlı suala isə belə münasibət bildirib: “Hüquq-mühafizə orqanlarına müraciət edin. Cavab vermək istəmirəm”. 

Xatırladaq ki, Ermənistanın eks-prezidenti Robert Koçaryan da analoji iş üzrə həbs edilib. Robert Koçaryanın maddi girov müqabilində azadlığa buraxılması üzrə qaldırılmış vəsatətə isə İrəvan Apellyasiya Məhkəməsində baxılması qeyri-müəyyən müddətə təxirə salınıb. Beləliklə, R.Koçaryan həbsdə saxlanılıb. Seyran Ohanyana da eyni ittiham üzrə cinayət işinin açılması N.Paşinyanın siyasi rəqiblərinə güzəştə getmək istəmədiyini göstərir. Ötən ilin dekabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra Ermənistan və Qarabağ erməniləri arasında gərginliyin artacağına dair proqnozlar təsdiqini tapır. Son günlər eks-prezident Serj Sarkisyanın Çexiyada saxlanılmış qardaşı oğlu Narek Sarkisyanın da ekstradisiyası üçün rəsmi Praqaya müraciət edilib. Ona görə də Qarabağ klanına qarşı hücumun güclənməsi işğalçı rejimin rəhbəri Bako Saakyanı və separatçı rejimin digər nümayəndələrini hədəfə gətirə bilər. Söhbət ilk növbədə, Saakyana qarşı Xankəndidə inqilabi prosesin başladılmasından gedir. Əslində, Serj Sarkisyanın devrilməsi və R.Koçaryanın həbsindən sonra Qarabağ klanının sığınacaq yerinə çevrilmiş B.Saakyan rejiminə N.Paşinyan potensial təhlükə mənbəyi kimi baxır. Ancaq Rusiyanın siyasi dəstəyi, eyni zamanda, Qarabağ klanının sahib olduğu maliyyə və hərbi resurslar B.Saakyanı zərərsizləşdirməyə mane olur. Bu baxımdan, işğalçı rejimin liderlərindən biri olan Seyran Ohanyanın həbsi Paşinyana Rusiyaya bağlı klanın dayaqlarını sarsıtmaq məqsədi daşıyır. Qeyd edilən səbəbdən, S.Ohanyandan sonra B.Saakyana qarşı təzyiqlərin artması artıq qaçılmaz görünür. 

Digər tərəfdən, N.Paşinyanın hakimiyyətə gəlişindən doqquz ay keçsə də, Ermənistan ordusunun sıralarında Qarabağ klanına yaxın hərbçilər hələ də qalır. Bu isə N.Paşinyana qarşı hərbi qiyamın baş verməsi ehtimalını qoruyub saxlayır. Ona görə də R.Koçaryanın, S.Ohanyanın həbsi Ermənistan ordusunu həmin qüvvələrdən təmizləmək məqsədi daşıyır. 

Ermənistandadakı son hadisələri təhlil edən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Robert Koçaryanın, Yuri Xaçaturovun, Seyran Ohanyanın cinayət məsuliyyətinə cəlb edilməsi əslində, Qərbin Rusiya Müdafiə Nazirlyinin Baş Hərbi Kəşfiyyat İdarəsinə (QRU) qarşı apardığı mübarizənin tərkib hissəsidir. Son aylar Avropada Rusiya hərbi kəşfiyyatının agentura şəbəkəsinin sıradan çıxarılması ilə bağlı aparılan proses özünü Ermənistanda da göstərir: 

“Nikol Paşinyanın nə siyasi təcrübəsi var, o nə peşəkar diplomat və ya kəşfiyyatçı olub. Şəxsi xarakter etibarı ilə də təsirə düşən bir adamdır. Onu hakimiyyətə gətirən də Qərb olub. İndi Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin Ermənistandakı agentlərinə qarşı Paşinyan dayana bilməz. Həmin o hərbi cinayətkarlara qarşı bu gücü ABŞ-ın xüsusi xidmət orqanları göstərə bilər. Baş verənlər göstərir ki, ABŞ Ermənistanda inqilab edib Paşinyanı hakimiyyətlə gətirməklə kifayətlənməyib. Onun hakimiyyətinin davamlılığı təmin edilir, siyasi texnoloqlar ona məsləhət verir, Rusiya üzrə mütəxəssislər, kəşfiyyatçılar bu işdə ona kömək edir. Paşinyana da ən böyük təhlükə keçmiş rəqiblərindən gələ bilər. Robet Koçaryanın həbsi, Seyran Ohanyanın barəsində cinayət içşinin açılması da ABŞ-ın Ermənistanda geosiyasi cəhətdən möhkəmlənməsinə xidmət edən prosesin tərkib hissəsidir. Sual oluna bilər ki, nə üçün Qərb 2018-ci ilin aprel ayında birdən-birə Ermənistanda demokratiya yaratmaq fikrinə düşdü? Deməli, Ermənistan ABŞ-a lazım idi. Bütün bunlar Ermənistan ərazisindən İrana və Rusiyaya qarşı platsdarm kimi istifadə etmək planının tərkib hissəsi idi. İndi də onlara mane olacaq şəxslərin zərərsizləşdirilməsi həyata keçirilir. Kimlərin, nə vaxt həbs edilməsi, bunun ictimai rəyə necə təqdim olunması barədə planı da Paşinyana Amerika verir. Təbii ki, Paşinyan bu prosesdə oyuncaq bir fiqurdur. Onlar da həbs edilməli olduğu barədə orderi gətirib Paşinyana imzalatdırırlar. Yəni Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin agentini tutmağa Paşinyanın gücü çatmaz. Bunu yalnız ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqonun kəşfiyyat idarəsi edə bilər. Ona görə də Ermənistandakı həbslər ABŞ və Rusiya kəşfiyyat orqanları arasında gedən mübarizənin nəticəsidir”.

Politoloq hesab edir ki, Qarabağ klanına qarşı aparılan mübarizə tezliklə Bako Saakyan rejiminin devrilməsinə gətirib çıxaracaq. 

“ABŞ Koçaryanı, Ohanyanı həbs etdirərkən ictimai rəyin onlarab dəstək verib verməyəcəyini yoxlayır. Əgər xalq buna etiraz etsəydi, ABŞ onların barəsində cinayət işi açdırmazdı. Amma xalq onları müdafiə etmədi. Çünki həmin şəxslər hakimiyyətdə olduqları illər ərzində xalqına zülm edib. Dağlıq Qarabağda da ictimai rəyi öyrənib ona uyğun hərəkət edəcəklər. Əgər ermənilər biganə yanaşsa, onlar hətta Bako Saakyanı həbs də edə bilər. Mən inanmıram ki, xalq Saakyanı müdafiə etsin. Onun “QRU”nun agenti olduğu deyilir. Qarabağa nəzarəti ələ almaq istəyən ABŞ isə Saakyan rejiminin devrilməsində maraqlıdır”.

Nəzakət Məmmədova onu da bildirdi ki, Qarabağ klanının liderlərinin siyasi cəhətdən zərərsizləşdirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir göstərə bilər. Ona görə də 2019-cu ildə problemin həlli istiqamətində dönüş gözləmək olar: 

“Qarabağ klanı bu münaqişəni indiyə qədər syasi manipulyasiya vasitəsi kimi əllərində saxlayıb. Onlar bu siyasi kartdan istifadə edib hakimiyyəti ələ keçirdi, varlandı. Halbuki onlar əli silahlı cinayətkarlar idi. Özlərini qəhrəman kimi təqdim edib hakimiyyətə gəldilər. Dağlıq Qarabağ probleminin həlli onlara lazım deyildi. İndi vəziyyət dəyişib və bu kart onların əlindən çıxıb. Ancaq ABŞ-ın şəraiti dəyişməsi, Qarabağ klanının liderlərinin həbsi münaqişənin həllində yaradılmış siyasi inhisarı Rusiyanın əlindən alır. Ən azı münaqişənin nizamlanması prosesindəki qeyri-müəyyənlik aradan qalxacaq. ABŞ çalışacaq ki, münaqişənin həllində dönüş yaransın. Hər halda, Amerika bizə Rusiyadan daha yaxın münasibətdə olan dövlətdir. Ona görə problermin aradan qaldırılması istiqamətində hər il irəliləyiş baş verəcək”. (Cebhe.info)

VIPedu.BIZ

Həmçinin oxuyun

Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər

Avropa Parlamentinin (AP) “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnaməsi ümumən ölkəmizə ünvanlanmış qərəzin növbəti nümunəsidir. …