Cümə , Dekabr 4 2020
Ana səhifə / Siyasət / Ermənistana qalib gəldik, Rusiyaya isə gücümüz çatmadı – TƏHLİL

Ermənistana qalib gəldik, Rusiyaya isə gücümüz çatmadı – TƏHLİL

Hər şeydən öncə qeyd edək ki, bu, adından da göründüyü kimi, hüquqi öhdəliklər yaradan hüquqi sənəd deyil, siyasi sənəddir.

İkincisi, sülh müqaviləsi deyil, atəşkəs haqqında yüksək səviyyəli siyasi razılaşmadır.

Üçüncüsü, bundan öncəki təcrübələr də nəzərə alınarsa, qarşı tərəfin ümumiyyətlə əməl edib-etməyəcəyi hələ məlum deyil. Lakin o da var ki, bu dəfə müharibə bölgəsinə RF-nin sülhməramlı qüvvələri yeridilir. Yəni, atəşkəsə təminatçı hərbi qüvvələr olacaq.

Dördüncüsü, qarşı tərəfin öhdəliklərinə vaxtında və tam həcmdə əməl edib-etməyəcəyi də hələ məlum deyil. Yəni, baxıb görəcəyik.

Bəyanatın hərbi-siyasi mahiyyəti haqqında

1. Bu bəyanat, Vətən Müharibəsinə çevrilən II Qarabağ Müharibəsində işğalçı Ermənistanın təslim olmasının və Azərbaycan Ordusunun qələbə çalmasının təsbit edilməsidir. Azərbaycan II Qarabağ Müharibəsində hərbi zəfər əldə etmişdir.

2. Lakin eyni zamanda bu bəyanatla, işğalçı Ermənistanın böyük havadarlarının – ABŞ, Fransa və Rusiya kimi böyük güclərin müdaxiləsilə, ölkəmizin düşmən üzərində tam və qəti qələbə çalmasının qarşısı alınmışdır.

3. Rusiya tarixi dərinliyi olan “strateji sənət əsərlərini” – strateji uzantılarını, yəni işğalçı Ermənistanı və qondarma “DQR”-i qoruma altına almışdır. Lakin Azərbaycan vasitəsilə ağır cəzalandırdıqdan sonra…

4. Rusiya, “Sorosçu” Qərbpərəst Paşinyan rejimini və erməni cəmiyyətinin onu dəstəkləyən böyük hissəsini ağır cəzalandırmaqla birlikdə, öz əsəri olan işğalçı süni Ermənistan dövlətinə və qondarma “DQR”-ə sahib çıxmışdır. Və “Sizin varlığınızın faktiki yeganə təminatçısı mənəm!” demişdir.

5. Tarixi dərinlikli bu problemin, yəni Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinin qarşısı alınmış, dövri olaraq qanadılan bu yaranın yeni şərait və şərtlərdə yenidən “dondurulmasının” əsası qoyulmuşdur.

6. Rusiya, Cənubi Qafqazda geopolitik, geostrateji və hərbi-siyasi üstünlüyünün şəksiz olduğunu bir daha təsbit etmişdir. ABŞ və Fransa kimi böyük oyunçuları, eyni zamanda Türkiyə kimi yüksəlişdə olan böyük regional oyunçunu tənzimləmə prosesindən kənarda saxlamaq üçün mümkün olan səviyyədə əlverişli ilkin zəmin hazırlamışdır.

Qısaca konkret sənədin özü haqqında

1. Sənəddə Azərbaycan Respublikası və Ermənistan Respublikasının (bundan sonra Tərəflər adlandırılacaq) hazırda tutduqları mövqelərdə qalacaqlarının təsbit edilməsi ümumiyyətlə müsbət haldır. Lakin işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağın işğal altında qalan hissəsindən nə zamansa çıxarılmasına ümumiyyətlə toxunulmaması mənfi haldır. Çünki bu, işğalçı Ermənistan ordusunun bundan sonra da Dağlıq Qarabağda qalmağa davam edəcəyi deməkdir. Özü də bu dəfə havadarı Rusiyanın silahlı qüvvələrilə birlikdə… Bu baxımdan, deyəsən, müəyyən mənada SSRİ-nin dağılması ərəfəsindəki “0” vəziyyətinə dönürük.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun Azərbaycan Respublikasına qaytarılmasının nəzərdə tutulması, əlbəttə, sevindirici müsbət haldır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu yalnız işğalçı Ermənistanın hərbi müttəfiqi olan Rusiya Federasiyasının (1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət) sülhməramlı kontingentinin yerləşdirilməsinin nəzərdə tutulması, qardaş Türkiyənin oyundan kənarda saxlanılması bu sənədin ən mənfi, ən ziyanlı və ən zərərli maddəsidir. Özü də bu, yalnız operativ-taktiki planda deyil, həm də strateji planda keçərlidir.

1993-cü ildən, Rusiya hərbi bazaları Azərbaycandan çıxarılandan bu yana rus ayısının 1001 oyunu elə “bu armudun” başında, yəni RF silahlı qüvvələrinin “sülhməramlı qüvvələr” adı altında Azərbaycana geri qaytarılmasında idi. Zaman ötdükcə Azərbaycan cəmiyyəti bu taleyüklü yalnış addımın necə ağır nəticələrə, residivlərə – problemlərin yenidən təkrarlanmasına səbəb olacağını mütləq görəcəkdir.

Xüsusilə nəzərə alınmalıdır ki, birbaşa münaqişə zonasında işğalçı Ermənistana (və qondarma “DQR”-ə) hərbi müttəfiqi olan Rusiya Federasiyası hərtərəfli dəstək və təhlükəsizlik təminatı verməyə davam edəcəyi halda, oyundan kənarda saxlanılan qardaş Türkiyə Azərbaycana birbaşa deyil, yalnız dolayısilə belə dəstək və təminat verə bilər.

4. Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsinin nəzərdə tutulması normaldır.

“Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır” müddəası isə, hər halda, müsbət dəyərləndirilə bilər. Çünki ilk baxışda 5 il uzun müddət kimi görünsə də, hər halda, bu, müvəqqətidir deməkdir. Üstəlik, Azərbaycan bu müddətin bitməsinə 6 ay qalmış müddəanın tətbiqinə xitam verilməsilə bağlı çıxış edə bilər.

Ancaq o da nəzərə alınmalıdır ki, Rusiyanı girdiyi bir yerdən çıxarmaq elə də asan bir iş deyildir. Postsovet məkanının yaxın tarixi də bunu göstərir.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması da təbii və normaldır. Burada qardaş Türkiyənin iştirakının nəzərdə tutulması, əlbəttə, müsbət haldır. Bu gün səhər (11.11.2020) atəşkəsə nəzarət üçün ortaq Türkiyə-Rusiya monitorinq mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb. Üstəlik, bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq.

Bununla birlikdə, təəssüf ki bu, qardaş Türkiyənin birbaşa münaqişə zonasında (Rusiya kimi) lazım olan təsir və effekti yaratması üçün, şübhəsiz, yetərsiz olacaqdır. Çünki bunun üçün nə mandatı, nə də qüvvəsi olacaqdır.

6. Sənəddə Ermənistan Respublikasının 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarmasının nəzərdə tutulması, əlbəttə, çox müsbət haldır.

Lakin Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinin (5 km. enliyində) yalnız işğalçı Ermənistanın (və qondarma “DQR”-in) müttəfiqi olan Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında qalacağının nəzərdə tutulması, heç şübhəsiz, ən mənfi haldır. Bu lap “quzunun qurda tapşırılması”na bənzəyir.

Yaxşı ki, heç olmasa bu durum Şuşa şəhərinə toxunmayacaq.

Bu maddədə nəzərdə tutulan “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur” müddəası əlavə olaraq ətraflı təhqiqat tələb edir. Diqqətli olmalıyıq ki, inşası nəzərdə tutulan Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu başımıza yeni işlər açmasın.

Bu maddədə, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir” deyilsə də, ümumiyyətlə “Laçın dəhlizi”nin yaradılması və onun Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altında qalması ölkəmizin suverenliyinə ziddir.

7. Sənəddə, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır” müddəasının təsbit olunması, əlbəttə, müsbət haldır, beynəlxalq hüquq normalarına, insan hüquq və azadlıqlarına uyğun olmaqla birlikdə, ölkəmizin maraqlarına tam cavab verir. Lakin onların təhlükəsizliyinin təmin olunması məsələsi açıq qalır.

8. Sənəddə “hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsini həyata keçirilməsi”nin nəzərdə tutlması da məqbul, təbii və normaldır.

9. Sənədin müvafiq bəndində “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi”nin nəzərdə tutulması da məqbul, təbii və normaldır. Bu, bir tərəfdən regionda sülh, sabitlik və təhlükəsizliyin yaradılmasına, digər tərəfdən regional iqtisadi əməkdaşlığa və inkişafa xidmət edəcək. Eyni zamanda Tərəflər arasında davamlı sülh danışıqlarının başlaması üçün nisbi əlverişli şəraitin yaranmasına da xidmət edəcək.

Bu maddədə “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” müddəasının yer alması – “Mehri dəhlizi”nin yaradılmasının nəzərdə tutulması Azərbaycan ordusunun hərbi qələbəsinin masaya yansımalarından biri olub, diplomatik uğur hesab edilə bilər. Bu, baş tutması halında, həm Azərbaycanın, həm qardaş Türkiyənin, həm də bütövlükdə türk dünyasının maraqlarına cavab verən strateji nailiyyət olacaqdır.

“Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir” müddəası isə birtərəfli olub, yalnız Rusiya və müttəfiqi Ermənistanın maraqlarına cavab verir. Burada yenə sovet dövrü və təcrübəsi yada düşür.

“Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir” müddəasının təsbit edilməsi də müsbət haldır, təbii, maraqlarımıza cavab verir. Lakin eyni zamanda ciddi araşdırma və xüsusi diqqət tələb edir.

Burada “Mehri dəhlizi”nə “Laçın dəhlizi” ilə birlikdə analoji statusun verilməməsi, xüsusən də 5 km-lik zonanın nəzərdə tutulmaması və suverenliyin Ermənistana məxsus olması, heç şübhəsiz, maraqlarımıza ziddir.

Beləliklə, – Sənədin imzalanmasınadək işğal altında qalan ətraf rayonların (Kəlbəcər, Ağdam və Laçın) və ərazilərin (Qazax və Naxçıvandakı yerlər istisna olmaqla) qansız işğaldan azad edilməsinin;

– Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazılığının (keçmiş DQMV-nin hazırda işğal altında qalan əraziləri, “Laçın dəhlizi”, Qazax və Naxçıvandakı ərazilər istisna olmaqla) əsasən və ya böyük ölçüdə təmin edilməsinin; 

– Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmasının; 

– Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsinin nəzərdə tutulması milli maraqlarımıza cavab verir.

Lakin bəyanatda: 

– Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu yalnız işğalçı Ermənistanın hərbi müttəfiqi olan Rusiya Federasiyasının “sülhməramlı kontingent” adı altında silahlı qüvvələrinin yerləşdirilməsinin, neoimperialist Rusiyanın Azərbaycanda legitim hərbi iştirakının təmin edilməsinin, ələlxüsus da bunun qardaş Türkiyənin oyundan kənarda saxlanılması şərtilə edilməsinin; 

– İşğalçı Ermənistanın hərbi qüvvələrinin və qondarma “DQR”-in qanunsuz hərbi birliklərinin, bütün separatçı, terrorçu ünsürlərin keçmiş DQMV-nin işğal altında qalan ərazilərində qorunub saxlanmasının, bu mənada, kiçik və ya məhdud miqyaslı olsa da, status kvonun qorunub saxlanmasının; 

– Üstəlik, işğalçı Ermənistanın hərbi müttəfiqi olan Rusiya tərəfindən hərbi təhlükəsizlik zəmanəti verilməsinin nəzərdə tutulması, 

– Eyni zamanda Dağlıq Qarabağın statusu məsələsinin açıq qalması, hər cür xarici müdaxiləyə açıq olan bu məsələnin qeyri-müəyyən gələcəyə saxlanılması bu sənədin irəlidə ağır mənfi strateji nəticələr verəcək ən mənfi, ən ziyanlı və ən zərərli müddəaları və tərəfləridir.

O da nəzərə alınmalıdır ki, bundan sonra ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ və Fransanın Rusiya ilə birlikdə Dağlıq Qarabağın statusu məsələsilə bağlı Azərbaycana yönəlik ciddi məqsədyönlü təzyiq göstərməyə başlayacağı böyük ehtimalla gözləniləndir. Əslində, Fransa artıq başlayıb.

Bəli, Azərbaycan Ermənistan üzərində, böyük ölçüdə, hərbi zəfər əldə edə, onu sülhə məcbur edə bildi. Lakin işğalçı Ermənistanın müttəfiqi neoimperialist Rusiyanın “tam zamanında” siyasi-hərbi müdaxiləsi müzəffər ordumuzun tam və qəti qələbə çalmasının qarşısını aldı. Biz Ermənistana, demək olar ki, qalib gəldik, ancaq gözlənildiyi kimi havadarı Rusiyaya gücümüz çatmadı. Bu da acı reallıqdır.

O da qeyd edilməlidir ki, hələ cavabını gözləyən böyük və ciddi suallar çoxdur. Bu sənəd ümumiyyətlə həyata keçiriləcəkmi? Keçiriləcəyi halda, tam, əsasən, yoxsa qismən həyata keçiriləcək? Vaxtında və tam həcmdə həyata keçirilmədiyi təqdirdə Azərbaycan nə edəcək? Və ya nə edə bilər? Məsələn, Ermənistan çıxacağını vəd etdiyi ərazilərdən çıxmayacaqsa, Rusiya “sülhməramlıları”nın burada olduğu və onları öz çətiri altına aldığı halda Azərbaycan nə edəcək? Bu sualların hər biri ayrıca araşdırma tələb edir.

Əslində çox gözləməli olmayacağıq, 15 noyabra nə qalır ki… Yaşayıb görəcəyik.

Ən böyük sual isə budur: Rusiya silahlı qüvvələrini bir də buradan necə çıxaracağıq? Sözün həqiqi mənasında, öz müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü və sərhəd toxunulmazlığımızı necə təmin edəcəyik? Bunu necə, yaşayıb görə biləcəyikmi? Hər halda, bu, heç də hamıya nəsib olacaq bir məsələ kimi görünmür…

Rusiya silahlı qüvvələrinin yenidən Azərbaycana geri dönməsi, – hansı formada olmasından asılı olmayaraq mahiyyəti dəyişmir, – milli çağırışdır. Və millətimiz bu çağırışa adekvat milli reaksiya verməlidir.

Əslində cavabını bildiyimiz, zehnimizi və ruhumuzu gəmirən, bizi cismən belə tükəndirməkdə olan ən ağrılı sual isə budur: Milli azadlıq və dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxdığımız gündən bugünədək ödədiyimiz bədəllər, o cümlədən Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun bizdən qoparılması, on minlərlə şəhid verməyimiz məhz bunun bədəli deyildimi? Əgər yuxarıda qeyd etdiyim kimi, SSRİ-nin dağılması ərəfəsindəki “0” vəziyyətinə dönürüksə, haradan, nədən və necə başlamalıyıq?

Məncə, milli natamamlıq kompleksindən sürətlə azad olmaqda olan Azərbaycan cəmiyyəti öz ictimai-siyasi inkişafında yeni oyanış və diriliş mərhələsinə qədəm qoyub, əslində, xeyli yetkinləşib. Və bu suallara da cavab tapa və ya verə biləcək imkan və qabiliyyətə sahibdir. Görünür, yeni inkişaf mərhələsi yenidən tarix səhnəsinə çıxan xalqımız, ələlxüsus da yeni nəsil qarşısında “Tam azadlıq!”, “Tam müstəqillik!” hədəfi qoyacaqdır.

Tanrı yar və yardımçımız olsun. Tanrı sizi, millətimizi və dövlətimizi qorusun!

Sülhəddin ƏKBƏR, Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili

Həmçinin oxuyun

Türkiyə səfirliyindən şəhidlərimizlə bağlı paylaşım

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş 2783 qardaşımızı rəhmətlə anırıq. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin …