Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / Ermənistan prezidentindən etiraflar: “İtirdik…”

Ermənistan prezidentindən etiraflar: “İtirdik…”

Rusiya sülhməramlıları Qarabağda “həmişəlik” qalmalıdırlar, Ermənistan Prezidenti deyib. “Arqumentı i faktı” qəzetinə müsahibəsində Armen Sarkisyan Rusiya sülhməramlılarının fəaliyyətini qiymətləndirmək və onların Qarabağda qalması müddətinə dair sualı cavablandıraraq deyib: “Həmişəlik”. 

“Rusiya ordusu on illərlə, yüz illərlə bu ərazidədir. Onun burada olması son dərəcə vacibdir. Sülhməramlıların burada etdiklərinin həm regional siyasət, həm Qarabağın statusu və bu regionun gələcəyi üçün, sabah müharibə olmaması haqqında ehtimal olunan danışıqlar üçün böyük əhəmiyyəti var”, – Sarkisyan deyib.

Ermənistanın 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərinə dair Prezident Sarkisyan deyib ki, birinci müharibədə ermənilər silahlı qüvvələrin təşkili, Sovet ordusunda xidmət edən, Əfqanıstanda döyüşmüş ermənilərdən istifadə etməkdə Azərbaycandan 2-3 il irəlidə olub.

“Böyük istək, böyük dəstək olub. Bəli, o zaman da Türkiyə olub, lakin indiki miqyasda yox və bu qədər açıq surətdə NATO silahından da istifadə olunmayıb”, – o deyib.

Daha sonra isə, onun sözlərinə görə, birinci müharibədən sonrakı 26 il ərzində erməni tərəfi öz qələbəsini sabit sülhə çevirmək üçün böyük imkanından istifadə edə bilməyib.

“İstifadə etmədik və ciddi geri qaldıq. Çünki Azərbaycan hələ Heydər Əliyevin rəhbərliyi zamanı anlayıb ki, neft kimi üstünlüyə malikdir. Və onu dünya bazarlarına çıxarmaq üçün hər şey etdi. Nəticədə ötən illər ərzində biz bütün üstünlüklərimizi itirdik. Bundan başqa, Azərbaycan külli miqdarda silah aldı, Türkiyədən döyüş meydanına NATO silahı və minlərlə muzdlu gətirdi”, – Ermənistan prezidenti deyib.

Azərbaycan hakimiyyəti “Azərbaycan tərəfində muzdluların olması” barədə iddiaları həmişə təkzib edib və Prezident İlham Əliyev bildirib ki, belə iddialar səslənsə də, bununla bağlı indiyədək Azərbaycan tərəfinə heç bir fakt, dəlil təqdim edilməyib.

O, Türkiyənin regionda rolunun sabitləşdirici xarakter daşıdığını və Azərbaycana mənəvi dəstək göstərdiyini qeyd edib və Türkiyənin başqa bir rolunun olmadığını deyib.

Azərbaycan Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsinin “müvəqqəti olduğunu” bəyan edib. Son bir ildə onların fəaliyyəti həm “ümumi razılıq”, həm də tənqidlərlə ifadə olunub.

Azərbaycan tərəfi sülhməramlıların mandatı ilə bağlı hələlik heç bir sənədin imzalanmadığını qeyd edib.

2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və eni 5 km olan Laçın dəhlizində yerləşdirilib.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə görə, Rusiya sülhməramlı kontingentin qalma müddəti “5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.”

2020-ci ilin sentyabr ayında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad edib. Müharibədən sonra Azərbaycanın Qarabağ bölgəsində erməni əhali yaşayır.

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …