Şənbə , Dekabr 3 2022
Ana səhifə / Siyasət / Ermənistan ordusunda nə baş verir? – Dəyişikliklərin əsas məqsədləri…

Ermənistan ordusunda nə baş verir? – Dəyişikliklərin əsas məqsədləri…

İyulun 7-də Ermənistan parlamenti “Müdafiə haqqında” qanuna, eləcə də digər əlaqədar qanunlara əlavələr paketini təsdiqlədi. Dəyişikliklərə əsasən, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra müdafiə nazirinin birinci müavini statusuna malik olacaq, Silahlı Qüvvələrin Baş Qərargah rəisi müdafiə nazirinin birinci müavini olmalı olsa da, sonuncu olmadıqda nazir funksiyasını yerinə yetirməyəcək. Dəyişiklik müdafiə satınalmalarına da şamil olunacaq. Maddi təminat məsələləri Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahının səlahiyətlərindən çıxarılıb Müdafiə Nazirliyinə veriləcək. Dəyişiklikləri məqsədlərini araşdırmaq üçün 20 ay əvvələ qayıtmalıyıq. 

Vətən Müharibəsində  və ondan sonrakı ilk 20 gün ərzində, hər gün orta hesabla 150000 hektara yaxın, ümumilikdə isə 64 gündə 1 milyon hektar ərazidən qovulan erməni ordusunda struktur dəyişikliyinin baş verməsi təsadüfi deyil. 18 ay sonra Ermənistanın rəhbərliyi əzilib alçaldılan işğalçı orduda müəyyən dəyişikliklər həyata keçirmək qərarına fərqli don geyindirməyə çalışması da təbii qarşılanmalıdır. Satınalmaların Müdafiə Nazirliyinin funksiyalarına aid edilməsi Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahın rəhbərliyini iqtisadi məsələlərdən azad edilməsi və onun diqqətini müdafiə tapşırıqlarına yönəldilməsi kimi qələmə verilir. 

Amma bu dəyişikliklərin əsas məqsədi erməni ordusunda müharibə zamanı baş verən uğursuzluqları yaradan səbəbləri aradan qaldırmaqdan ibarətdir. Bu səbəbləri aradan qaldırmaq isə çox böyük vəsaitlər tələb edir. Ermənistan Baş Qərargah rəsinin vəzifəsini Müdafiə Nazirinin müavini vəzifəsi ilə əvəz edilməsi isə işğalçı ölkə ordusunun döyüş imkanlarına təsir edəcək bir qərar deyil. Fikirlərimi aşağıda əsaslandırmağa cəhd edəcəm. 

Birincisi, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda və Ermənistanda Baş Qərargah rəisi elə Müdafiə nazirinin 1-ci müavini idi. Bunu protokol qaydalarından və ya rəsmi saytlarda rəhbər şəxslərin siyahısından da görmək mümkündür. 

İkincisi isə, vəzifənin adını dəyişməklə problem həll etmək mümkün olsaydı, bunu məğlub ölkələr və ya fərari orduya malik ölkələr çoxdan edərdilər. 

Üçüncüsu, Ermənistan rəhbərliyi bu dəyişiklikləri ilə, müharibə zamanı ordularının döyüş qabiliyyətinin aşağı olmasını, şəxsi heyətin döyüş ruhunun və döyüş hazırlığının zəif olması ilə deyil, alınan silahların köhnə və yarasız olması ilə əlaqələndirmək niyyətindədir. Bu silahları isə Ermənistanın Baş Qərargahına tabe olan Arxa Cəbhə İdarəsi və onun tabeliyində olan satınalmalar şöbəsi alıb. 

Dördüncüsü, Ermənistan rəhbərliyi son ştat strukturunda dəyişiklik etməklə ordu üçün silahların alınması səlahiyyətlərini Baş Qərargahın və onun tabeliyində olan Arxa cəbnə idarəsinin kurasiyasından çıxarmaq niyyətindədir. Buna Ermənistana müxtəlif leqal və qeyri leqal yollarla silah gətirən, hazırda isə şübhəli silah alınması əməliyyatalarına görə həbs edilən, sonradan isə azad edilən, “Patron Davo” kimi tanınan David Qalstyanın işi ilə bağlı davam edən korrupsiya faktlarını və erməni ordusunun uğursuzluqlarını araşdıran deputat komisiyasının verdiyi rəy ilə də əlaqələndirmək mümkündür.

Beşincisi, bu dəyişikliklər Ermənistan hakimiyyətinin işğalçı orduda uzun müddətdir ki, satınalmalarla bağlı davam edən korrupsiya elementlərinin mövcudluğundan xəbərdar olduğunu göstərir, lakin bu faktlar niyə sübut edilmir və ya bu məsələnin niyə sona qədər araşdırılmır? sualları başqa və daha ciddi məsələdir. Bu məsələ sona qədər araşdırılarsa, Ermənistanın Rusiyadan daxili qiymətlərlə əldə etdiyi silahların 3-cü ölkəyə Kremlin icazəsi olmadan ötürüldüyü məlum olacaq. Bu isə nə Kremlə, nə də İrəvana sərf etmir. 

Altıncısı, ciddi miqdarda vəsaitlərin mənimsənildiyi satınalmalar sahəsində korrupsiya elementlərinin mövcudluğunu aradan qaldırmaq bahənəsi ilə Ermənistan höküməti satınalmaları Baş Qərargahın əlindən alır və onu gələcəkdə Suren Papikyanın əli ilə mərkəzləşdirilmiş halda öz əlinə keçirmək istəyir. Paşinyan qanuna dəyişikliklər etməklə “korrupsiya ilə mübarizə” görüntüsünü də yarada biləcək. 

Yeddincisi, Ermənistanı gözləyən və kimsəyə sirr olmayan ağır hadisələrlə bağlıdır. Yaxın perspektivdə İrəvan Laçın dəhlizindən, Laçın şəhərindən və onun 6 kəndindən, Qazaxın 7 kəndindən geri çəkilməlidir. Orta perspektivdə rusların müvəqqəti nəzarətində olan Qarabağ ərazilərindən çıxarılmasına, uzaq perspektivdə isə Azərbaycana vurulan ziyana görə kompensasiya və Qərbi Zəngəzurun taleyinə aydınlıq gətiriləcək. Təbii ki, Ermənistan hakimiyyətində kimin və hansı siyasi qüvvənin təmsil olunmasından asılı olmayaraq, yaxın onillikdə İrəvanı Vətən Müharibəsi ilə başlayan narahat günlərin davamı gözləyir. Buna görə də gələcəkdə baş verə biləcək fors-major vəziyyətlərin qarşısını almaq üçün Paşinyan, ona qarşı üsyan edənlərin 80 faizinə hələ də rəhbərlik edən Silahlı Qüvvələrin ən yüksək rütbəli məmurunu, Baş Qərargah rəisini siyasi proseslərdən uzaqlaşdırmağa çalışır. Əslində bu ideya Paşinyanda Onik Qasparyanın rəhbərlik etdiyi usyandan sonra yaranıb, bunu məğlub ölkədə uzun müddət Baş Qərargah rəisi vəzifəsinin vakant olması da sübut edir. 

Deməli, Paşinyan üçün qanunda dəyişiklik edilməsi problem deyil, bu dəyişiklik qüvvəyə minəndən az sonra isə aylardır boş qalan vəzifəyə ən qısa müddətdə təyinat da olacaq. Belə təəssürat yaranacaq ki, bu dəyişiklik konkret şəxsi Ermənistan Müdafiə Nazirinə yeni müavini vəzifəsinə təyin etmək üçün həyata keçiriblər. İstənilən halda qərarın siyasi motivi də göz qabağındadır: orduya nəzarət mərkəzləşdirilir, ordu aid əsas qərarların isə Paşinyana sadiq Suren Papikyan tərəfindən qəbul edilməsi təmin olunur. verəcək. Bundan başqa erməni ordusu üçün istənilən irihəcmi satınalmalar yalnız Paşinyanın razılığı, Papikyanın qərarı ilə həyata keçiriləcək.

Beləliklə, Ermənistan Konstitusiyasına görə Silahlı Qüvvələr yalnız müharibə dövründə Ali Baş Komandana tabe olması məsələsi də aradan qalxır, amma Ermənistan müdafiə naziri qanunlarda və ştat strukturunda dəyişiklik etməklə Baş Qərargah rəisini sülh dövründə belə özünə və N.Paşinyana tabe edilməsinə nail olur. Bu isə imzalanan birgə bəyanatların Ermənistana aid bəndlərinin yerinə yetirilməsində N.Paşinyana əlavə imkanlar verə bilər. 

Ədalət Verdiyev, hərbi ekspert

Həmçinin oxuyun

“Ramiz Rövşən həmişə müxalifətdə olub, amma hökumət ona ev bağışlayıb…” – Deputat

“Əlisa Nicatı yaxşı tanıyıram. Bəli, təkəbbürlü, öz sözünü deyən adamdır. Bir yerdə on il işləmişik. …