Ana səhifə / Siyasət / Ermənistan Nüvə Sammitindən dərhal sonra niyə təxribata əl atdı?

Ermənistan Nüvə Sammitindən dərhal sonra niyə təxribata əl atdı?

Arzu Nağıyev: “Təbii ki, bu da Rusiya və Ermənistanı razı sala bilməz”
“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi hesabına hakimiyyətə gəlib və Rusiyanı tam qane edir”
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkiyə məruz qalıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışıb, bu məqsədlə bütün mümkün vasitələrdən istifadə edir. Əksər ekspertlərin fikrincə, bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik məhz Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident C.Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan edib, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub.
Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayır, cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışır.
Ermənilərin cəbhədəki təxribatının məhz İlham Əliyevin Vaşinqtonda Nüvə Sammitində iştirakı dönəminə təsadüf etməsi təsadüfdür, yoxsa?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin son təxribatını təsadüf saymaq olmaz: “Bu ümumiyyətlə gözlənilən idi. Yəni istər C.Baydenlə, istərsə də C.Kerri ilə görüşlərdə onlar Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə ön plana çəkdilər və qabartdılar. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli regionda meqa layihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından çox mühüm bir addım kimi dəyərləndirilirdi. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri məhz ABŞ-dır. Bundan istifadə edərək nüfuz məsələsi də ortaya qoyulur. Təbii ki, bu da Rusiya və Ermənistanı razı sala bilməz. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi hesabına hakimiyyətə gəlib və Rusiyanı tam qane edir. Deməli, status-kvo davam etdikcə onlar öz yerlərində qalır, bu isə bizi və digər regional marağı olan dövlətləri qane etmir.
Buna görə də Ermənistan tərəfi bu ərəfədə təxribata getdi və düzü heç belə bir şəkil alacağını gözləmirdilər. Onlar elə düşünürdülər ki, Rusiya Azərbaycan tərəfinə hücum etməyə imkan verməyəcək. Düşünürəm ki, Azərbaycan tərəfi mühüm bir addım atdı. Bununla istər Rusiya, istərsə də Ermənistan və digərləri də, necə deyərlər, “öz payını” götürdülər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın