Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / Siyasət / “Ermənistan müxalifəti də anlamalıdır ki, yersiz müqavimətin heç bir faydası yoxdur”

“Ermənistan müxalifəti də anlamalıdır ki, yersiz müqavimətin heç bir faydası yoxdur”

Ermənistan parlamentinin son iclasında müxalifətdə olan “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan baş nazirdən hərbi əsirlərin vəziyyəti barədə soruşub. Nikol Paşinyan isə cavabında 13 əsgərin hansı şəraitdə əsir düşməsinin hərtərəfli araşdırılacağını bildirib. O bunun üçün, hətta əsirlərin geri qayıtdıqdan sonra sorğu-suala çəkiləcəyini də deyib.

Ermənistanın müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan isə Nikol Paşinyanın erməni əsirlərin qaytarılması ilə bağlı üzərindəki məsuliyyəti atmağa çalışdığını iddia edib.

Onun sözlərinə görə, baş nazirin problemləri həll etməyə sadəcə qabiliyyəti çatmır : “Onun hər bir sözü, bəyanatı yalan, demoqogiya və gerçəyin 180 dərəcədə təhrifindən ibarətdir. Paşinyan deyir ki, atəş açmaq əmri verməyən xaindir. O zaman bu ilin may ayının 12-də Azərbaycan ordusu irəliləyəndə atəş açmaq əmrini verməyənlər də xaindir? Bu son 6-8 ay ərzində neçə adam satqın elan olunub və məsuliyyətə cəlb edilib. Paşinyanın dövlətçilik və milli maraqlara heç bir aidiyyatı yoxdur”.

Digər müxalif deputat Geqam Manukyan isə baş nazirin açıqlamalarını bu cür dəyərləndirib:

“Nikol Paşinyan bilir ki, yeni əsirlər hakimiyyəti üçün başağırısına çevriləcək, buna görə də indidən onları hədələməyə başlayıb”.

Göründüyü kimi, Paşinyanın əsirlərlə bağlı səsləndirdiyi fikir böyük təpki ilə qarşılanıb. Ermənistan cəmiyyətində və siyasi elitasında əsirlərlə bağlı aparılan müzakirələri necə dəyərləndirmək olar?

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son lokal hərbi toqquşma bir sıra mətləblərə dəqiq aydınlıq gətirdi: “Nümayiş olunan videokadrlardan və əldə olunan nəticələrdən bu qənaətə gəlirik ki, Azərbaycan Ordusunun psixoloji hazırlığı, ruh yüksəkliyi lazımi səviyyədədir. Erməni ordusu isə əzgin və ruhdan düşmüş vəziyyətdədir. Onlar əllərində silah ola-ola bizim əsgərlərə müqavimət göstərmirdi. Bunu həm vuruşmaq istəməməklə, həm də qorxu ilə əlaqələndirmək olar. Paşinyan vəzifəyə gələndən sonra 3 və ya 4 müdafiə naziri dəyişib. Axırda məcbur qalıb müdafiə naziri postuna tarix müəllimini gətirib. Bu onun orduya olan inamsızlığından xəbər verir. Paşinyan bilir ki, ordunun daxilində çoxlu sayda Köçəryan və Sarkisyan tərəfdarları var. Baş verən son hadisələrdə də baş nazir özünə yönəlik xəyanət izləri axtarır. Bu səbəbdən də, əsirlərlə bağlı belə mesaj verir. Demək istəyir ki, onlar qaytarılsa belə, barələrində araşdırma aparılacaq. Müxalifət isə bundan Paşinyana qarşı istifadə etməyə çalışır. Görünən budur ki, Paşinyan bir sıra öhdəliklərə həm də bu tip radikal xislətli revanşistlərdən çəkinərək əməl etmir. Son hadisələr həm də həmin revanşistlərə gözəl cavab oldu. Nəhayət, Ermənistan müxalifəti də anlamalıdır ki, yersiz müqavimətin heç bir faydası yoxdur. Sosial şəbəkələrin erməni seqmentində yayılan videolardan görünür ki, erməni valideynlər hərbi hissələrə hücum edir. Zabitlərdən tələb edirlər ki, övladlarını müharibəyə aparmasınlar. Artıq erməni əsgəri yorulub, ruhdan düşüb. Anlayır ki, əsası olmayan müqavimət lazımsızdır. Görünən budur ki, bir daha qarşıdurma olsa, Ermənistan ordusu kütləvi şəkildə əsir düşməyə razı olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycan – İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi …