Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Ermənistan bizimlə alver edir“ – Fikrət Sadıxov

“Ermənistan bizimlə alver edir“ – Fikrət Sadıxov

Erməni əsirlər müqabilində Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələrin əldə edilməsindən sonra bu mövzu ətraflında müzakirələr artıb. Artıq yeni qurbanların qarşısını almaq, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtmasını təmin etmək üçün Ermənistanın quraşdırdığı mina xəritələrini verməsi ilə bağlı beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfindən çağırış edilib.

Maraqlıdır, dünya bu prosesdə Azərbaycanın yanında yer alarsa, Ermənistan qarşılıq güdmədən xəritələri verə bilər?

Məsələni Yenisabah.az-a şərh edən tanınmış politoloq Fikrət Sadıxov qeyd edib ki, Azərbaycanı dəstəkləyən bəyanatlar verilsə də, mina xəritəsilə bağlı hələ ki Ermənistana təzyiq göstərilmir:

“Təzyiqi edən Türkiyə və bizik. Faktiki olaraq elə bu təzyiqin nəticəsində onlar Ağdamın minalanmış ərazilərinin xəritəsini bizə qaytardı, amma bunun əvəzinə biz onlara 15 diversant verdik. Yəni çox təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlərin siyasi dairələri bu məsələdə biganəlik nümayiş etdirir. Doğrudur, sözdə, ifadələrdə bizi dəstəkləyirlər. Minaya düşən insanlarla bağlı başsağlığı verir, bizi yenə Ermənistanla sülhə çağırırlar. Amma siyasi təzyiq nümayiş olunmur”.

Fikrət Sadıxov diqqətə çatdırıb ki, əgər beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin rəhbərləri Ermənistana təzyiq göstərsə, hətta müəyyən sanksiyalar tətbiq etsə, Ermənistan xəritələri qaytarmağa məcbur qalacaq:

“Amma biz bunu müşahidə etmirik. Hələlik şüarlardan başqa bir şey yoxdur. Əgər onlar bunu etsəydilər, Ermənistan xəritələri bizə çoxdan verərdi. Heç bizim onlara diversantlarını qaytarmağımızı da gözləməzdi. Lakin hazırda Ermənistan bizimlə alver edir. O xəritələri gizli saxlayaraq müxtəlif bəyanatlar verir. Guya xəritələri əvvəl sülhməramlılara veriblər, halbuki onlar heç nə verilmədiyini deyir. Ermənistanın bizə qaytardığı xəritə onu göstərir ki, onlarda digər ərazilərin də xəritəsi var. Çünki bundan əvvəl rəsmi Yerevan çıxış edib, belə xəritələrin olmadığını deyirdi. İndi isə Ağdamın xəritəsini qaytarıblar. Biz əlimizdən gələni etməliyik ki, bütün xəritələri onlardan alaq”.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …