Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Ermənistan bayrağının Uludağ universitetinə necə düşdüyünə aydınlıq gətirildi

Ermənistan bayrağının Uludağ universitetinə necə düşdüyünə aydınlıq gətirildi

Ermənistanın bayrağı Bursadakı Uludağ Universitetinin ərazisində dalğalana bilməz.

Bunu Sputnik Azərbaycan-a Uludağ Universitetinin prorektoru, professor Mehmet Yüce bu günlərdə Türkiyənin sözügedən universitetində Azərbaycan bayrağının endirilməsi nəticəsində baş verən insidentə aydınlıq gətirərkən deyib.

Türkiyənin Uludağ Universitetinin ilahiyyatçı professoru Salih Pay Azərbaycan bayrağını endirməklə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı hörmətsizlik nümayiş etdirib. Belə ki, Salih Payın göstərişi ilə Uludağ Universitetindəki Azərbaycan bayrağı endirilib. Buna səbəb Ermənistan bayrağının universitetdə quraşdırılmış bayraqlar sırasından çıxarılması olub. Salih Pay öz addımını universitetdəki Ermənistan bayrağının azərbaycanlı tələbələr tərəfindən götürülməsi ilə izah edib. Pay, hətta şərt də qoyub: “Azərbaycan bayrağı yalnız Ermənistanın bayrağı öz yerinə qaytarıldıqdan sonra asılacaq”.

Payın bu hərəkəti sözügedən universitetdə ciddi əks-səda doğurub və orada təhsil alan azərbaycanlı tələbələrin kəskin etirazına səbəb olub. Eyni zamanda Türkiyə və Azərbaycan ictimaiyyəti də professorun bu hərəkətini narazılıqla qarşılayıb.

Türkiyə mediasının məlumatına görə, Uludağ Universitetinin müəllim-tələbə heyətinin, o cümlədən, Türkiyə və Azərbaycan ictimaiyyətinin kəskin reaksiyasını nəzərə alan universitet rəhbərliyi təfriqəçi professoru işdən azad edib.

Bu arada sözügedən informasiyanın bir o qədər də doğru olmadığı aydınlaşıb. Prorektorun sözlərinə görə, ola bilsin ki, bu təxribat deyil, sadəcə səhvdir.

“Bizdə Türk dili Tədris Mərkəzi (Ulu Tomer) var və orada dünyanın müxtəlif ölkələrinin, eləcə də Azərbaycanın bayrağı qoyulub. Biz Azərbaycan bayrağının necə aşağı endirildiyini bilmirik. Amma bundan xəbər tutan kimi dərhal onu yerinə qaytarmışıq. Çünki Türkiyə və Azərbaycan eks-prezident Heydər Əliyevin də dediyi kimi bir millət, iki dövlətdir. Biz Azərbaycan bayrağına qarşı hər hansı təxribata imkan vermərik. Bizim üçün o, Türkiyə bayrağı qədər müqəddəsdir” — deyə professor bildirib.

O qeyd edib ki, bu insidentlə əlaqədar olaraq Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib və arada heç bir anlaşılmazlıq qalmayıb. Ermənistanın bayrağının universitetdə haradan peyda olduğuna gəlincə, Mehmet Yüce bildirib ki, onlara çatan məlumata görə, kimsə bayraqların arasına Ermənistan bayrağını da dikib. Lakin o bayraq dərhal endirilib.

“Ermənistan bayrağı universitetin, eləcə Türkiyənin hər hansı ərazisində dalğalana bilməz. Biz o bayrağın ora necə düşdüyünü aydınlaşdırırıq. Bununla bağlı 3 professordan ibarət xüsusi komissiya yaradılıb. Ararşdırma aparılır” — deyə prorektor qeyd edib.

O, professor Salih Payın qovulmasına da münasibət bildirib. Məlum olub ki, Pay universitetdən qovulmayıb, sadəcə, kafedra müdiri vəzifəsindən azad edilib. Prorektor bunun səbəbini izah edib: “O, teologiyanı tədris etməkdə davam edir və biz məhkəmənin qərarı olmadan onu işdən qova bilmərik. Çünki bu, insan hüquqlarının pozulması deməkdir”.

Mehmet Yüce həmçinin bildirib ki, hazırda onların universitetdə Azərbaycanda 350 tələbə təhsil alır, Ermənistandan isə bir tələbə belə yoxdur.

“Biz təxribatlara yol verməyəcəyik. Azərbaycan bayrağı həmişə Türkiyədə dalğalanacaq” — deyə professor fikrini tamamlayıb.

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …