Şənbə , Sentyabr 18 2021
Ana səhifə / Siyasət / “Ermənilər çalışır ki, Türkiyəyə təzyiqi artırmaqla qardaş dövlətin hərbi gücünü zəiflətsinlər”

“Ermənilər çalışır ki, Türkiyəyə təzyiqi artırmaqla qardaş dövlətin hərbi gücünü zəiflətsinlər”

ABŞ-dakı erməni lobbisi yenidən hərəkətə keçib. Məsələ ondadır ki, ABŞ-dakı erməni lobbisi Türkiyənin 44 günlük Qarabağ müharibəsində Azərbaycana göstərdiyi dəstəyi, xüsusən də “Bayraktar TB2” döyüş pilotsuz aparatlarının bu müharibədə oynadığı rolu, düşmənə endirdiyi zərbələri hələ də həzm edə bilmir.

Bunun nəticəsidir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının hər iki partiyadan olan 27 üzvü dövlət katibi Entoni Blinkenə məktub yazaraq, Türkiyənin sürətlə inkişaf etməkdə olan pilotsuz döyüş sistemlərini “Birləşmiş Ştatların maraqları üçün təhdid” adlandırıb və pilotsuz sistemlərin istehsalı üçün texnologiyaların və hissələrin Türkiyəyə verilməsini dayandırmağa çağırıb. Məktubda iddia edilir ki, Türkiyənin pilotsuz sistemləri dünya miqyasında bir çox bölgədə qeyri-stabilliyə səbəb olub. Bu da, guya ABŞ-ın maraqlarını, müttəfiqlərini və tərəfdaşlarını təhdid edir. Məlum məsələdir ki, silah istehsalına trilyonlar xərcləyən, ən müasir silah komplekslərinə malik olan ABŞ üçün “Bayraktar” təhlükə ola bilməz. Bu, sadəcə, erməni lobbisinin maraqlarına hesablanmış bir siyasətdir.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Türkiyənin son illərdə pilotsuz uçuş aparatları sahəsində böyük uğurlara imza atmasını bir çox dövlətlər asanlıqla “həzm” edə bilmir: “Qardaş dövlətin hərbi sənaye sahəsindəki böyük uğurları Azərbaycan xalqı tərəfindən yüksək rəğbətlə qarşılanır. Təbii ki, Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Bütün bunların fonunda qardaş Türkiyə dövlətinin son illər Azərbaycanla bütün platformalarda birgə addımlaması bir çox dövlətlər, o cümlədən ABŞ, Kanada, Fransa, Belçika tərəfindən xoş qarşılanmır. Türkiyənin qlobal gücə cevrilməsi bəzi dövlətlərdə aşkar surətdə qıcıq yaradır. Ona görə bir sıra güclər Türkiyə dövlətinə hər sahədə süni əngəllər yaratmağa çalışırlar. Erməni lobbisi də, hər zaman olduğu kimi, bu məsələdə növbəti dəfə katalizator funksiyasını öz üzərinə götürüb. Ermənilər çalışırlar ki, Türkiyəyə təzyiqi artırmaqla qardaş dövlətin hərbi gücünü zəiflətsinlər. Ancaq bu mümkün olmayacaq. Bu konteksdə ABŞ-dakı erməni lobbisinin bilavasitə təhriki ilə Nümayəndələr Palatasının hər iki partiyadan olan 27 üzvünün ABŞ Dövlət katibi Entoni Blinkenə məktub ünvanlayaraq Türkiyənin hərbi sənayedə əldə etdiyi uğurları “Birləşmiş Ştatlara təhdid” adlandırması erməni riyakarlığının bariz nümunəsidir. Əslində erməni lobbisini və onların havadarlarını daha çox rahatsız edən 44 günlük savaş zamanı Azərbaycan Ordusunun Türkiyə döyüş uçuş aparatlarının da önəmli rol oynadığı Zəfər salnaməsidir. Digər tərəfdən, erməni lobbisi hələ də dərk etmək istəmir ki, Türkiyə özü NATO dövləti olaraq, ABŞ da daxil olmaqla, dünyanın 30 dövləti ilə birlikdə qlobal sülhün və təhlükəsizliyin təmin olunması üçün vahid platformada təmsil olunur. Türkiyə ordusu NATO dövlətləri içində gücünə görə ABŞ-dan sonra ikinci hesab olunur. ABŞ prezidenti Co Bayden NATO-nun son sammitində çıxış edərkən Türkiyənin blok tərkibində önəmli rol aldığını xüsusi olaraq vurğuladı”.

Partiya sədri hesab edir ki, erməni “xəstəliyi” sağalan deyil. O üzdən, doğru olan budur ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə hərbi sənayemizin inkişafı üçün bütün səyləri birləşdirməlidir.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …