Ana səhifə / Siyasət / “Ermənilər 4 kəndi gec-tez Azərbayana qaytaracaq” 

“Ermənilər 4 kəndi gec-tez Azərbayana qaytaracaq” 

Bir neçə gün əvvəl rəsmi Bakı bəyanat yayaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndin dərhal azad edilməsini tələb edir. Söhbət Qazax rayonun işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. 

Qeyd edək ki, eksklav ölkənin əsas hissəsindən kənarda yerləşən və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan ərazidir. Qazaxın adıçəkilən 4 kəndi eksklav hesab edilmir və dərhal azad edilməlidir. Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi isə delimitasiya prosesi çərçivəsində həll ediləcək.

Bir neçə gün əvvəl “Hraparak” qəzetində dərc edilən məqalədə deyilir ki, baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi qapalı toplantıda Azərbaycana ilk növbəfə verilməsi tələb olunan 4 kənd barədə danışıb. Münhendə də Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı müzakirə aparılıb.

Bildirilir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputatlarla söhbətində Paşinyan vurğulayıb ki, söhbət ilk növbədə Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərindən gedir. Ermənistan bu kəndləri işğal etdikdən sonra özünün Tavuş rayonunun ərazisinə daxil edib. “Yeri gəlmişkən, Tavuş qubernatoru Ayk Qalumyan da bildirib ki, onların rayonunda azərbaycanlı kəndləri var”, – “Hraparak” yazıb.

Hökumətyönlü mənbələrdən “Hraparak”a bildirlib ki, adıçəkilən 4 kəndin coğrafi mövqeyi elədir ki, onların təslim edilməsi Ermənistan üçün problem yaratmayacaq. Qəzet yazır ki, Azərbaycan tərəfi əvvəlcə problemsiz əraziləri tələb edir, Ermənistan cəmiyyəti buna öyrəşəndən sonra qalan kəndlər də təslim ediləcək.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın gec-tez 4 kəndi qaytaracağını söyləyib:

“Sözügedən 4 kənd Azərbaycan ərazisidir. Ona görə də qeyd-şərtsiz qaytarılmalıdır. Anklavlara gəldikdə isə, burada əsas problem təhlükəsizliklə bağlıdır. Tutaq ki, ermənilər həmin anklavları bizə qaytardılar və sakinlər ora qayıtmağa başladılar. Ora şəhər deyil ki, fabrik və zavod olsun. İnsanlar torpaqda işləyirlər. Ona görə təhlükəsizliyi qorunmalıdır. Konstitusiyanın bir maddəsi də  bütün vətəndaşların dövlət tərəfindən təhlükəsizliyinin təmin edilməsidir. Hər yerə əsgər qoya bilməsiziniz ki…

Ermənilər bu kəndləri gec-tez verəcəklər. Ermənistanın hələlik cavab verməməsi loru dildə desək, alver üçündür. Yəni  istəyirlər ki, danışıqlarda onların da əlində bir şey olsun”.

Sabiq nazir torpaqların dəyişdirilməsi məsələsi barədə də danışıb:

“Mətbuat da filan torpaqların dəyişdirilməsi ilə bağlı söhbətlər çıxır. Beynəlxalq praktikaya bu uyğundur. Torpaqları sayırlar, sonra dəyişdirirlər. O yolla da getmək olar. Çünki təhlükəsizlik baxımından məsələyə cavab  ala bilməsək, bu ciddi məsələ ola bilər.

Xəritənin üstündə mütəxəssislər işləməlidir. Hər torpaq eyni deyil. Bir yanda yaxşı torpaqlar var ki, məhsul filan yetişdirmək mümkündür.  Elə torpaqlar da var ki, orada nəsə əkib-becərmək mümkün deyil. Onu delimitasiya komissiyasının çərçivəsində mütəxəssislər işləyirlər. Kartoqraflar, sərhədçilər də bu məsələyə baxmalıdır. Ortaya  yüzlərlə məsələ çıxa bilər. Ona görə ki hər şey torpaqdan asılıdır”. 

Həmçinin oxuyun

Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir. Bu barədə …