Çərşənbə , Mart 3 2021
Ana səhifə / Siyasət / “Ermənilərə yaxın məmurların vasitəsilə Azərbaycana qarşı müəyyən fəaliyyətə start veriləcəyini istisna etmirəm”

“Ermənilərə yaxın məmurların vasitəsilə Azərbaycana qarşı müəyyən fəaliyyətə start veriləcəyini istisna etmirəm”

Məlum olduğu kimi, yanvarın 20-dən ABŞ-a demokratları təmsil edən 46-cı prezident Cozef Bayden rəhbərlik edir. Kamala Harris isə vitse-prezident olub.

Bizi maraqlandıran məqamlardan biri də demokratların hakimiyyətdə olduğu dönəmdə rəsmi Vaşinqtonun Azərbaycana münasibətinin necə olacağıdır. Bundan əvvəlki dönəmlərdə demokratların hakimiyyəti Azərbaycana, o cümlədən, Türkiyəyə müxtəlif səpkili təzyiqlərlə yadda qalıb. Baydenin andiçmə mərasimində səsləndirdiyi mesajlarla bağlı müxtəlif yanaşmalar var. Bundan əlavə, yeni administrasiyada artıq iki erməni əsilli ABŞ vətəndaşı təmsil olunur. Diqqətçəkən məqam odur ki, yeni administrasiyada ermənilərlə əlaqəsi olan şəxslər yüksək vəzifəyə gətirilir. Elə adamlar yüksək vəzifələrə gətirilir ki, onların ermənilərlə çox yaxşı əlaqələri var. Onlar vaxtilə Azərbaycanda insan haqları, seçki kimi məsələlərdə təftişçi və ittihamçı mövqe tutublar. O cümlədən, Rusiyaya qarşı da təftişçi mövqedən çıxış ediblər. Türkiyə ilə bağlı sanksiyaların qəbul olunmasını istəyiblər.

Maraqlıdır, onların dövründə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərində nə gözlənir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə bununla bağlı bir sıra məqamlara toxundu: “ABŞ-da keçirilən son seçkilər çox böyük təlatümlərlə yadda qaldı. Seçkilər ciddi qanun pozuntuları ilə müşahidə olundu. Nəticədə seçkinin nəticəsini tanımayan seçicilərin etirazlarının şahidi olduq. Eyni zamanda, insan tələfatına səbəb olan hadisələr baş verdi. Bu hadisələr onu göstərdi ki, şəffaf seçkilər və insan haqları ilə bağlı dünyaya dərs keçmək iddiasında olan dövlətlər belə bu tip hadisələrdən sığortalanmayıb. İstənilən halda, baş verənlər bir daha onu deməyə əsas verir ki, böyük dövlətlərin bu və ya digər şəkildə başqa dövlətlərə qarşı təftişçi münasibətinə son qoyulmalıdır. Bayden administrasiyasının yeni formalaşmış komandasına gəldikdə isə, bildiyimiz kimi, ermənilər ABŞ da daxil olmaqla bir sıra ölkələrdə böyük və güclü diaspora malikdirlər. Onun vasitəsilə geniş lobbi fəaliyyəti həyata keçirməklə dünya siyasətinə təsir etməyə çalışırlar. Bu mənada, Bayden hökuməti formalaşandan dərhal sonra hakimiyyətdə təmsil olunan məlum qüvvələr fəallaşa bilər. Yəni ermənilərə yaxın məmurların vasitəsilə Azərbaycana qarşı müəyyən fəaliyyətə start veriləcəyini istisna etmirəm. Görünən də odur ki, haqq davasında Azərbaycanın düşmən üzərində parlaq qələbəsi qısqanclıq və revanşist hisslərlə yaşayan erməni mənşəli məmurları, lobbi qruplarını artıq hərəkətə gətirib. Düşmənin öz məkrli planlarını həyata keçirməsinin qarşısını almaq üçün isə 44 günlük müharibə dövründə nail olduğumuz birliyimizi qorumağa davam etməliyik”.

Partiya sədrinin fikrincə, heç bir dövlətə imkan verməməliyik ki, Azərbaycanın daxili işlərinə qarışsın.

Həmçinin oxuyun

Rəsul Quliyev sevindi, lideri olduğu partiyanın sədri onu qınadı – QALMAQAL

Ermənistan baş naziri Nikol Paşinyan martın 1-də İrəvanda on minlərlə insanın qatıldığı mitinq keçirdi. Baş …