Ana səhifə / Siyasət / Erməni KİV-ləri: “Rusiya bizə anbarlarda pas atmış köhnə silahları satıb”

Erməni KİV-ləri: “Rusiya bizə anbarlarda pas atmış köhnə silahları satıb”

Bu günlərdə Rusiya hökuməti 200 milyon dollarlıq ixrac krediti hesabına Ermənistana satılacaq silah və hərbi texnikanın siyahısını açıqlayıb. Həmin siyahıda ən çox diqqəti çəkən “Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A ağır odsaçanları idi. Və neçə gündür ki, bu silah sövdələşməsi Ermənistanda müzakirə olunmaqdadır.

Məsələ burasındadır ki, ötən il Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda istər prezident Serj Sərkisyan, istər müdafiə naziri Seyran Ohanyan bu kredit hesabına “ən yeni silah və hərbi texnikanın alınacağını” bəyan etmişdilər. Lakin indi rəsmi müqavilə və ona əlavə sənədi açıqlananda məlum olub ki, Rusiya Ermənistana heç də iddia edildiyi kimi “ən yeni silahları” deyil, istehsal tarixi 20-30 ildən çox olan köhnə silahları satacaq. Və bunlar Azərbaycanın Rusiyadan aldığı müasir silahlarla müqayisədə taktiki-texniki gösəricilərinə görə heç cür uzlaşmır.

Lragir.am saytı yazır ki, sənəddə ən çox diqqəti çəkən “Smerç” reaktiv sistemləri və TOS-1A “Solntsepyok”  odsaçanlarıdır. Lakin Ermənistana satılan “Solntsepyok” 2004-cü il modifikasiyası olan 9M531 raketləri ilə təchiz olunub və T-72 tankının şassisi üzərində yığılıb. Sayt qeyd edir ki, bununla müqayisədə Azərbaycana satılan “Solntsepyok” tamamilə yenidir və T-90 tankının bazasında yığılıb. Nəticədə çətin keçilən dağlıq ərazilərdə hərəkət etmək imkanlarına malikdir.

Ermənistana satılan “İqla-S” daşınan zenit-raket kompleksi və “Avtobaza-M” passiv radar stansiyası da 2000-ci illərin əvvəllərində istehsal olunub. Qalan silah növləri isə daha köhnədir. Məsələn, “Konkurs” tank əleyhinə kompleksləri 1974-cü ildən istismar olunur, sonuncu dəfə 1991-ci ildə modernizə olunub. RPQ-26 əl qumbaraatanları isə 1985-ci ildən bəri modifikasiya olunmur.

Müqavilədən məlum olur ki, Ermənistana bu ölkə KİV-lərinin iddia etdiyi kimitank yox, tank mühərriklər satılıb. Özü də 1966-cı il modeli olan B-84 mühərriki. BMP-lər üçün alınan UTD-20 mühərriki isə 1984-cü il modifikasiyasıdır.

Ermənistana satılan silahların içərisində Azərbaycanın Rusiyadan son illərdə aldığı “Pantsir-S” hava hücumundan müdafiə sistemləri, S-300 PMU2 “Favorit” zenit-raket kompleksləri, “Xrizantema” və “Kornet” tank əleyhinə sisemlər, “Msta-S” və “Vena” özüyeriyən artilleriya qurğuları, yaxud Mi-35 və Mi-17 vertolyotları yoxdur. Sayt yazır ki, əslində Ermənistana satılan silahların anbarlarda qalıb pas atan silahlar olduğu istisna deyil.

Sayt qeyd edir ki, iddia edildiyi kimi Ermənistana heç bir tank və ya digər müasir zirehli texnika satılmayıb. Zirehli texnika adına siyahıda olan təkcə QAZ avtomobilinin bazasında yığılmış yüngül zirehli “Tiqr” avtomobilidir. Müqayisə üçün qeyd olunur ki, Rusiya son illərdə Azərbaycana 150 tank, yüzlərlə BMP-3 və BTR-80 satıb.

Kredit müqaviləsində Ermənistana heç bir hava texnikasının satılmasından söhbət getmir. Sayt xatırladır ki, Rusiya hələ 5 il əvvəl Azərbaycana 1000-dən çox “İqla”, 2 diviziyon S-300 PMU2 “Favorit” kompleksi satıb. Nəticədə Azərbaycanın hava hücumundan müdafiəsi o qədər güclənib ki, Ermənistan hərbi hava qüvvələrini mümkün müharibədə tətbiq etmək ümumiyyətlə mümkün olmayacaq. Ermənistana 2010-cu ildə satılan S-300PS kompleksləri isə köhnə modifikasiyalıdır, “Favorit”ə nisbətən hədəfi vurma məsaəsi iki dəfə azdır. Azərbaycanın aldığı kompleks Ermənistana satılan S-300 komplekslərinə nisbətən 6 dəfə çox hədəfi izləyir və raketləri 2.5 dəfə sürətlidir. Ona görə də bu disbalansı Ermənistana satılan “İqla” və “Avtobaza-M”-lə kompensasiya etmək mümkün deyil.

Sənədə əsasən Ermənistana minaaxtaran, ekskavator texnikası və qaldırıcı kran, “Kamaz” avtomobilləri, komandirlər və sanitarlar üçün UAZ-lar da satılacaq. Və “Smerç”ləri və “Solntsepyok”ları istisna etməklə siyahıda başqa heç bir hərbi texnika və müasir silah yoxdur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın