Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Siyasət / Erməni diasporu ilə bizimkinin fərqi – Biri dövlət üçün pul yığır, o biri dövlətdən umur

Erməni diasporu ilə bizimkinin fərqi – Biri dövlət üçün pul yığır, o biri dövlətdən umur

Biz bu diaspor işini ermənilərdən öyrənmişik. Sona qədər öyrənməmişik və ya yaxşı əxz etməmişik, bu, ayrı söhbətdir. Əsas məsələ odur ki, biz bu işdə təzəyik.

Ermənilərlə müharibədə olmasaydıq, biz, bəlkə də heç bu işə girişməzdik. Nəyimizə lazım idi? Hərəmizin xaricdə 3-5 qohumumuz var, onların da oturub-durduğu 10-15 adam, xirtdəyə qədər bəs idi.

Amma araya müharibə düşəndə gördük ki, yox, biz ortada 5-10 adam qalmışıq, amma ermənilər meydana mütəşəkkil şəkildə, 300-500, bəzən 3-5 minlik dəstəylə çıxırlar və qışqır-bağır salıb bizi haqsız göstərirlər.

Buna qədər bizimki təkbətək mübarizəydi və qol zoruna dayanırdı. Təvazökarlıqdan Çita qədər uzaq olsa da, biz bu işdə pərgərıq. Təzə-təzə diaspor söhbəti çıxanda xaricdə yaşayanlarımız elə bilirdilər ki, millətin qoldan qüvvətli 50-100 adamını bir yerə yığdıqmı, məsələ bitəcək.

Sonra gördük, yox, millətin əzələli və qıvraq oğlanlarının bir yerdə olması kifayət eləmir, gərək aralarında milyarder biznesmenlər, təcrübəli diplomatlar, hüquq professorları, vəkillər, sənətçilər (rejissor, musiqiçi, aktyor və b.) də olsun. (İndi bu yerdə kimsə haqlı olaraq deyəcək ki, vəkillərimiz, sənətçilərimiz çölə tükülmüşdü elə, yaxın gəlirlər kiii…).

232.jpg (75 KB)

Çünki mübarizə heç də həmişə keçən ilin iyulunda olduğu kimi Los-Ancelesdə və Londondakı tək meydanlarda getmir. Bəzən o mübarizənin bir səngəri də xarici ölkənin baş sarayından, parlamentindən, hüquq-mühafizə orqanlarının binalarından keçir.

“Keçən ilin iyulu” demişkən, ermənilərə ərik zərbəsi vurdğumuz yadınızdadırmı? Bunu həmvətənimiz olan iş adamları eləmişdi. Ermənilərin çığırtısı Kremlə qədər getdi. Müharibə, Tovuz-Tavuş nahiyəsindəki döyüşlər qalmışdı qıraqda, ermənilər və onlara qahmar çıxan ruslar eyzən Ermənistandan treylerlərlə gətirilən əriyin azərbaycanlılara məxsus bazarlarda satışına qadağan qoyulmasından danışırdılar. İki-üç günün içində çox adam anladı ki, budəfəki müharibə 1988-94-cü ildəkindən olmayacaq, bu dəfə təpik ermənilərin əriyinə, şaftalısına, qozuna da dəyəcək.

3434.JPG (27 KB)

İndi baxıram ki, bir hörmətli alimimiz diaspor fəaliyyəti sahəsindəki durumu idealizə edib, xeyli tərifləyib. Oturub düşünürəm ki, keşkə, elə olaydı. Yox, bəlkə də bu sahədə müəyyən uğurlar, irəliləyişlər var, amma ayrı-ayrı ölkələrdən əlimizə gələn informasiyalar, siqnallar ondan xəbər verir ki, biz bu sahədə hələ yolun başındayıq və ermənilərin diaspor fəaliyyəti ilə bizimkinin arasında Kilimancaro (5895 metr) və Göyəzən (250 metr) dağları arasındakı qədər böyük fərq var.

Əsas fərq, bilirsinizmi, nədir? Əsas fərq odur ki, erməni diaspor təşkilatları öz aralarında vaxtaşırı pul toplayır, milli dövlətlərinə – Ermənistana yardım edirlər. Bizim diaspor təşkilatları isə öz aralarında toplaşır, Azərbaycan dövlətinin diaspor işinə ayırdığı pulları ya öcəşə-öcəşə bölüşdürürlər, ya da bölüşdürə bilmirlər, dalaşırlar.

555.jpg (454 KB)

Bu xüsusda səmimi qəlbdən, sırf vətənpərvərlik hissinin coşmasıyla, təmənnasız şəkildə yaxşı işlər görənlər, görmək istəyənlər də var. Amma onlar görəndə ki, dövlətin ayırdığı pulların üstündə boğuşma, süpürləşmə gedir, başlarını bulaya-bulaya çəkilib dururlar bir kənarda və “bizdən hessad olmaz” düşüncəsinə qapılırlar.

Bir ölkə, bir şəhər göstərin ki, orda diaspor təşkilatımız vahiddir. Bildiyim qədərilə elə şey yoxdur (varsa, göstərin, ad çəkin). İstənilən ölkə və şəhərdə mütləq 5-6 diaspor təşkilatımız olmalıdır. Deyək ki, çoxluq olan yerdə belə yaxşıdır, çevik idarəetmə üçün bir neçə təşkilatın olması vacibdir. Amma bir ölkə, bir şəhər göstərin ki, orada sayı 4-5-dən çox olan diaspor təşkilatlarımız bir-birilə qırğında, intriqada deyillər. Yoxdur belə bir örnək. Mütləq hamısı bir-birilə dalaşmalıdır. Sanki döyüş bizim diaspor təşkilatlarımızın alnına yazılıb.

Ona görə də bu gün bu sahədəki nailiyyətlərdən yox, qüsurlardan danışmaq lazımdır ki, onları aradan qaldırmaq mümkün olsun. Elə etməliyik ki, küçədə dalaşası olanda da döyülməyək, düşmənin əriyini bazara buraxmayanda da özümüz ziyana düşməyək, lazım gələndə Haaqa məhkəməsində də haqlı çıxaq, vətənə maddi yardım lazım olanda da ortaya 5 (və ya 1 milyon) avro pul qoya bilək. Musavat.com

Həmçinin oxuyun

Ərdoğan bu gün Azərbaycana səfərə gəlir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük işgüzar səfərə gəlir. Dövlət başçısının …