Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Erməni əsgərinin Bakıdan etdiyi müraciət Ermənistan ordusunda total repressiyalara rəvac verə bilər

Erməni əsgərinin Bakıdan etdiyi müraciət Ermənistan ordusunda total repressiyalara rəvac verə bilər

Üzeyir Cəfərov: «Qriqoryanın atasının həbs edilərək polisə aparılması və atılan bir sıra digər addımlar ermənilərin ciddi narahatlığından xəbər verir»
«Belə bir məlumat var ki, Qriqoryan Azərbaycana keçəndə ona bu şəraiti əsgər yoldaşları yaradıb»
Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Andranik Qriqoryanın yeni videomüraciəti yayılıb. Videogörüntüdə erməni əsgəri Azərbaycan tərəfə keçməsinin səbəblərinə bir daha aydınlıq gətirir. Videogörüntünün mətnini təqdim edirik:
«Mən, Andranik Araratoviç Qriqoryan 1991-ci ildə Martuni rayonunun Berdaşen kəndində anadan olmuşam. 2012-ci ilin aprelində müqaviləli hərbi qulluqçu kimi xidmətə çağırılmışam. 2015-ci il martın 22-də Azərbaycan tərəfə keçmişəm.
Dağlıq Qarabağda özümü yaxşı hiss etmirdim. Bizə yaxşı baxmırdılar, orda bizimlə pis rəftar edirdilər. Mən bunun üçün Dağlıq Qarabağdan Azərbaycan tərəfinə keçdim.
Bütün hərbi qulluqçuları Azərbaycan tərəfə keçməyə çağırıram. Ona görə ki, Azərbaycan Respublikasında hərbi qulluqçularla necə rəftar edildiyinin şahidi oldum. Azərbaycanlılar müharibə istəmirlər, ancaq güclü müdafiə olunurlar. Bizim rəhbərlər isə bizi aldadır, xalqı öz maraqları xatirinə ölümə göndərirlər.
Mən artıq mənasız savaşdan yorulmuşam, ölmək istəmirəm, mənasız müharibədən yorulmuşam. Azərbaycan Respublikasında bizə yaxşı baxırlar, yaxşı qulluq edirlər, paltarımı, geyimimi, yeməyimi yaxşı verirlər. Burada özümü çox yaxşı hiss edirəm. Bütün silahları yerə qoymağa, əsgərlərin valideynlərini, analarını, bacılarını Azərbaycan Respublikasına keçməyə çağırıram. Mənim Azərbaycan Respublikasına əsir keçməyimin yalnız bir səbəbi var – ölmək yox, yaşamaq və həyatımı davam etdirməkdir».
Xatırladaq ki, erməni silahlı bölmələrinin 1991-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçusu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də, saat 13:50 radələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçərək, könüllü olaraq ordumuza təslim olub. O, Ermənistan ordusundakı hərc-mərclikdən, aclıqdan bezdiyini qeyd edib: «Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var». Əsir erməni hərbçisinin bu çağırışından sonra Ermənistan öz hərbi hissələrində repressiv tədbirlərə əl ata bilərmi?
Hərbi ekspert Üzeyir Cəfərov «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, artıq belə repressiyalara start verilib: «Məndə olan məlumata görə, artıq bir neçə hərbçi də cəzalandırılıb. Qriqoryanın atasının həbs edilərək polisə aparılması və atılan bir sıra digər addımlar ermənilərin ciddi narahatlığından xəbər verir. Xüsusilə də onlar ön xəttə duranlarla bağlı narahatdırlar ki, hər an silahı qoyub biz tərəfə keçə bilərlər. Belə bir məlumat var ki, Qriqoryan Azərbaycana keçəndə ona bu şəraiti əsgər yoldaşları yaradıb. Bu, Ermənistanın siyasi və hərbi rəhbərliyini ciddi narahat edir. Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi təcili toplantıda qondarma rejimin müdafiə naziri də iştirak edirdi. Əvvəllər ermənilər deyirdi ki, bizim qondarma rejimə heç bir aidiyyətimiz yoxdur. Görün nə qədər təşvişə düşüblər ki, artıq belə nüanslara da önəm vermirlər. Nümayiş etdirilən həmin kadrlar Ermənistanı ifşa etmək üçün gözəl şans yaradır. Yəqin ki, repressiyalar daha şiddətli forma alacaq».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …

Bir cavab yazın