Cümə , Oktyabr 7 2022
Ana səhifə / Siyasət / “Erkən seçkilərə zərurət o ölkədə olar ki, bataqlığın içində çabalayır, çıxış yolu axtarırlar…”

“Erkən seçkilərə zərurət o ölkədə olar ki, bataqlığın içində çabalayır, çıxış yolu axtarırlar…”

“Seçkilərin nə vaxt, kim tərəfindən elan olunması və hansı halda keçirilməsi ilə bağlı həm Konstitusiyada, həm də Seçki Məcəlləsində birbaşa göstəriş var. Bu gün gündəlikdə belə bir məsələ yoxdur. Başa düşürəm, həvəsli adamlar çoxdur, parlamentə düşmək istəyən insanlar var. Belə bir ifadə işlədirlər ki, parlament buraxılmalıdır, yenidən seçilməlidir. Səbəbini də izah edə bilmirlər. Sual olunur, niyə? Parlament üzərinə düşən hansı vəzifəni yerinə yetirə bilmir? Göstərilir ki, parlament hansı hallarda buraxıla bilər. Bu gün o halların heç biri yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat 2025-ci ilədək prezident seçkilərinin keçiriləcəyi ilə bağlı səsələndirilən iddialara da münasibət bildirib: “Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. 7 il müddəti tamam olduqdan sonra növbəti prezident seçkiləri keçiriləcək. Bu gün tələsik, vaxtından əvvəl seçki keçirilməsinə hansı zərurət var? Bu, sadəcə olaraq, mövzudur…”

S.Novruzov refendumla bağlı məsələyə də aydınlıq gətirib: “Referenduma aid də məsələlər olur, bu məsələlər tam yetişdikdən sonra referendum keçirilə bilər. Ortada heç bir məsələ yoxdur. “Refendum keçirilməlidir” deyən şəxsə sual vermək lazımdır ki, referendumun keçirilməsinə hansı əsaslar var? 2019-cu ildə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası qərar verdi ki, parlament seçkiləri vaxtından əvvəl keçirilsin. Digərləri də dəstək verdi, keçirildi. Çoxluq YAP-ın üzvlərində idi. YAP parlamentin buraxılması ilə əlaqədar belə bir qərar qəbul etdi. Əsaslandırılıdı ki, ölkədə gedən iqtisadi islahatların sürəti ilə qanunvericilik orqanının fəaliyyəti ayaqlaşmadığı, Prezidentin apardığı iqtisadi-sosial siyasətə uyğunlaşmadığı üçün parlament buraxılsın, yeni parlament seçilsin. Bu addım da atıldı. Hər dəqiqə parlament buraxılmır axı. Hansısa siyasi partiyanın və ya dərnəyin rəhbərinin ürəyindən, arzusundan keçir ki, parlament buraxılsın. Hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququ var. Amma o demək deyil ki, ona görə parlamanet buraxılmalıdır, yenidən seçilməlidir. Vaxtı, vədəsi var, gözləsinlər. Vaxtında, vədəsində namizədliklərini irəli sürərlər, xalq səs verər, seçilərlər. Parlamentlərin tez-tez buraxılması parlament tipli respubliklarda olur. Prezidentli respublikalarda bu hal çox nadir hallarda baş verir. Parlament tipli respublikalarda konstitusion hökumət yarana bilmir, hökumətdə böhran yaranır, bunun nəticəsində də hökumət istefaya göndərilir, bu halda parlament avtomatik buraxılır, yeni parlament seçilir, hökumət formalaşır. Azərbaycanda hökumət prezident tərəfindən formalaşır, parlament tərəfindən yox. Digər tərəfdən, ölkəmizdə hansısa böhran yoxdur, cənab Prezident ölkəni idarə edir. Həm beynəlxalq aləmdə, həm də ölkə daxilində Azərbaycan inkişaf edir. Bu gün heç yerdə Azərbaycandan nümunəvi ölkə yoxdur. Bütün ölkələr tədbirlərini Azərbaycana salırlar. Çünki stabil ölkədir, təhlükəsizdir, iqtisadi cəhətdən inkişaf edib, sosial problemlərin həll olunduğu ölkədir. Bizdə seçkilərə nə zərurət var? Zərurət o ölkədə olar ki, ölkə bataqlığın içində çabalayar, seçkilərə gedib çıxış yolu axtararlar. Düz yolun ortasında bunlar nə seçki axtarır, başım çıxmır…”

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …