Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Emin Millinin Elçibəy haqda fikirlərinə sərt reaksiya verildi

Emin Millinin Elçibəy haqda fikirlərinə sərt reaksiya verildi

Meydan TV rəhbərinin ittihamları ciddi qalmaqala səbəb olub; tarixçi-yazar onu qınadı; Mehriban Vəzir: “Elçibəyə hörmətsizlik edən…”

Meydan TV-nin rəhbəri Emin Millinin mərhum prezident Əbülfəz Elçibəy haqda xoşagəlməz ittihamlar səsləndirməsi sosial şəbəkələrdə və mətbuatda ciddi qalmaqala səbəb olub. Sayt rəhbərinin ünvanına tənqidi fikirlər səsləndirilir.

 
Hər şey Əbülfəz Elçibəyin vəfatı günü “Meydan TV”  saytında iki il əvvəl başqa bir saytda yayılmış yazının təkrar yayılması ilə başlayıb. Yalçın Nəsirov adlı müəllifin “Kələki çıxmazı” adlı yazısının saytda yayılması Elçibəysevərlərin etirazları ilə qarşılanıb. Emin Milli isə özünü müdafiə etmək üçün avqustun 22-23-də dalbadal bir neçə status yazıb, Əbülfəz Elçibəyə qarşı fikirlər səsləndirib.
Məsələn, o, Əbülfəz Elçibəyi “cinayətkar” adlandırıb. Emin Millinin “cinayət” hesab etdiyi addım isə 1993-cü ildə Heydər Əliyevin Bakıya dəvət edilməsidir. Emin Milli Əbülfəz Elçibəy haqqında “Tarix onu heç vaxt bağışlamayacaq” yazıb.
 
Meydan TV-nin rəhbəri son statusunda isə Elçibəy yazmağa da lüzum görməyib: “Mövcud müxalifətin Əbülfəz Əliyev haqqında xalqın bildiyi həqiqəti xalqa deməməsi, əksinə, həqiqəti ört-basdır etmələri, xalqı bu müxalifətdən həmişə şübhələndirib. Həbsdə, rayonlarda olanda, müxtəlif yerlərdə və zamanlarda özüm bunun şahidi olmuşam”.
Bununla bağlı Bütöv Azərbaycan Birliyinin idarə heyətinin üzvü, tarixçi-yazar Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında Emin Millini fikirlərinə görə qınadı: “Vətəndaşlarımız hazırda yaşadıqlarını duruma görə acı duyğular yaşayırlar. Duyğularını hər kəs öz səviyyələrinə, bilgilərinə uyğun ifadə edir. Azərbaycanda vətəndaşların bir qismi bugünkü problemlərdə Elçibəyi qınayırlar. Öz günah, xətalarını görmək istəmirlər. Özlərini qınamağa gücləri çatmır. Ən asan şey başqasını ittiham etməkdir. Hər kəs öz səviyyəsinə görə ifadə edir. Elçibəyin böyük dövlət xadimi olduğunu görmək üçün, bir az o səviyyəyə yaxın olmaq lazımdır. Bunun üçün böyümək, prosesləri bilmək lazımdır. Ən asanı kimisə söyməkdir. İndiki hakimiyyətin ünvanına deyə bilmədiklərini başqa adamı söyməklə əvəz edirlər. Buna təəssüf edirəm. Bu da bilməməyin nəticəsidir”.
 
M.Vəzir Emin Millinin mühacirətdə olmasına da toxundu: “Emin Millinin depressiyaya düşməsinə səbəb odur ki, o, öz cəmiyyətində yaşaya bilmir. Onun kimi saysız-hesabsız gənclərimiz öz cəmiyyətlərində yaşaya, öz güclərini öz ölkələrinə həsr edə bilmirlər. Bunun özü də bir mənəvi böhran yaradır. Böhran vəziyyətdə olan insan təbii ki, normal düşünə bilməyəcək. Bizim ittiham etməyə, kimisə döyməyə gücümüz çatır. Bu baxımdan belə düşüncəyə sahib insanları qınamaq istəmirəm. Belə situasiyanın yaranmasında hər bir vətəndaşımızın rolu var. Heç kəs kənara qaça bilməz. Elçibəy hakimiyyəti dövründə əldə olunan nailiyyətləri, qazandığımız demokratik ənənələri Emin Milli kimilərinin ucbatından itirdik. Biz öz əlimizdə olanı saxlaya bilmiriksə, niyə də Elçibəyi qınamalıyıq? Üstünə nailiyyət gətirə bilərdik. Amma olmadı. Hər kəs özünü düz düşünür. Hər kəs özünü qınamaq əvəzinə, hər kəs bir adam tapıb, onu qınayır. Hesab edirəm ki, bütün bunlar Elçibəyin nə şəxsiyyətinə, nə də tarixi xidmətlərinə zərbə vurmayacaq. Məncə, Elçibəyə hörmətsizlik edən, ilk növbədə, özünə hörmətsizlik edir”.
 
Tarixçi-yazar E.Millinin müxalifət barədə dediklərinə də münasibət bildirdi: “Tam bir cəfəngiyat fikirlərdir. Ciddi əsasları yoxdur. 1987-ci ildən başlayan proseslər, qurulan hökumət elmi cəhətdən düzgün araşdırılmayıb. İnsanların bu prosesdən məlumatları yoxdur. Araşdırma aparılmasına da imkan verilmir. Çünki üzə çıxan həqiqətlər xalqın ruhunu oyandıra, xalqa tarixi kimliyi barədə məlumat verə bilər. Bu gün idarə etmək üçün sürü halında olan ağılsız, savadsız bir toplum lazımdır. Ona görə də, belə deyirlər. Çox təəssüf edirəm ki, Emin Milli kimi, bir səviyyəli gəncin məlumatı bu qədərdir. Bilik səviyyəsi də bu qədərdir. Bu belə danışırsa, digərlərindən nəsə gözləmək lazım deyil”.

 

Həmçinin oxuyun

“O villalardan biri rüşvətxor məmura məxsusdur” – İlham Əliyev

“İnfrastruktur layihələrinə gəldikdə, Şuşa infrastruktur baxımından demək olar ki, tamamilə geridə qalmış bir şəhərdir. Düşmən …

Bir cavab yazın