Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Elşad Abdullayev qardaşının işdən çıxarılmasından danışdı

Elşad Abdullayev qardaşının işdən çıxarılmasından danışdı

“Qohumları məndən imtinaya məcbur edirlər…”; Baş Prokurorluq sabiq rektorun qardaşının “süründürməçi” və “məsuliyyətsiz”liyinə görə işdən qovulduğunu açıqladı

 
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin qardaşı işdən qovulub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun daha öncəki açıqlamasına görə, Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Elsevər Abdullayev xidməti və icra intizamının kobud pozuntusu hallarına yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib.
“Yeni Müsavat” bu olayla bağlı ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevdən mövqe öyrənib. E.Abdullayev açıqlamasında bildirib ki, xətrini istədiyi ağsaqqallardan biri ondan bu mövzu ilə bağlı sosial şəbəkədə yazdığı statusu silməsini xahiş edib:“Mən çıxarmadım, hələ ardını da yazacağam. Xahiş edirəm, mənim işlərimə qarışmayın. Mən qardaşımın oğurlanmasını, heç bir günahı olmayan 21 şahidin qanını mütəşəkkil cinayətkar təşkilata bağışlayan deyiləm, qohum-əqrəbama yaşatdığınız acını sizə bağışlaya bilmərəm. Azərbaycan Beynəlxalq Universitetinin qanunsuz bağlanmasını, ABU tələbələrinin və müəllimlərinin yaşadığı acını sizə bağışlaya bilmərəm. Bizə qarşı bu cinayətləri edənlərə qarşı mübarizəmizdən geri cəkilməyəcəyik. ABU məzununu qanunsuz işdən cıxarırlar ki, ABU-nun diplomunu alıbdır”.
E.Abdullayev eyni zamanda qeyd edib ki, onun Azərbaycanda yaşayan bütün qohumlarının ölkədən çıxışına yasaq qoyulub və hamını ev dustağı ediblər: “Hamısını da məcbur edirlər ki, məndən imtina etsinlər. 21-ci əsrdə bizimlə 37-ci il qaydaları ilə davranırlar. Bütün Avropada yaşayan yüz minlərlə mühacirin qohum-əqrəbaları bu vəziyyətdədir. Qohum-əqrəbaları məcbur edirlər ki, mühacir qohumlarından imtina etsinlər. Əgər rejim bunu istəmirdisə, nə üçün milyonlarla azərbaycanlını qaçqın-mühacirə çevirdiniz? Bu isə birbaşa Azərbaycan Respublikası Konstitusiyasının və Avropa Konvensiyasının kobud qaydada pozulmasıdır. Buna görə də AŞ PA Azərbaycana qarşı qara siyahı qəbul etdi. Artıq müasir dünya Azərbaycandakı özbaşınalığın qarşısını almaq üçün son beynəlxalq hüquqi sanksiyalara başladı.
Mən buradan bir söz yazan kimi Azərbaycanda yaşayan qohum-əqrəbama təzyiq edirlər. Onlardan tələb edirlər ki, mən yazılarımı dayandırım, susum, heç nə danışmayım. Orada yaşayanları başa düşürəm, hamısı ev dustağıdır. İnsanları kütləvi surətdə susdurublar”. 
E.Abdullayev hesab edir ki, prezident 17 oktyabr xüsusi sərəncamı ilə MTN əməkdaşlarının cinayət və xəyanətini ifşa edib: “Qardaşımın işdən çıxarılmasına gəlincə, Zakir Qaralov bunu ona görə edir ki, bizi susdursun. Onsuz da bütün qohum-əqrəbam dövlətin gücündən istifadə edən mütəşəkkil cinayətkar təşkilat tərəfindən girov götürülübdür. Bunlar Fransa ilə Bakı Prokurorluğunu səhv salıblar. Burası Avropadır, mən Parisdə yaşayıram. Zakir Qaralovun mənim ailəmə qarşı bu addımını siyasi qisasçılıq, özümə qarşı təzyiq hesab edirəm”.
Dünən günün sonunda isə Respublika Prokurorluğu Elsevər Abdullayevin işdən çıxarılması səbəbləri ilə bağlı mediaya müraciət hazırlayıb. “Yeni Müsavat”a göndərilən müraciətdə göstərilib ki, bəzi kütləvi informasiya vasitələrində Baş Prokurorluğun sabiq əməkdaşı Elsevər Abdullayev peşəkar, çox savadlı hüquqşünas kimi qələmə verilərək onun prokurorluq orqanlarından əsassız və qanunsuz xaric olunması barədə informasiyalar dərc edilib.
Prokurorluq həmin məlumatları reallıqdan uzaq olduğu üçün onları təkzib etdiyini açıqlayıb: “Göstərilənlərlə əlaqədar bildiririk ki, Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində işlədiyi müddətdə dəfələrlə əmək, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə görə barəsində intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Bundan başqa, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsi üzrə vəzifə bölgüsünə dair sərəncamla konkret rayon prokurorluqlarında istintaq edilən cinayət işlərinə və araşdırma materiallarına prokuror nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Elsevər Abdullayev xidməti və icra intizamının kobud surətdə pozulması hallarına yol verdiyi üçün idarə rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bundan nəticə çıxarmayıb. Eyni zamanda o, öz işini Baş Prokurorluq üzrə ”Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə uyğun qurmamışdır”.
Prokurorluğun açıqlamasında həmçinin göstərilib ki, Elsevər Abdullayev üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyib: “O, tabe prokurorluqlardan idarəyə daxil olmaqla öyrənilməsi ona həvalə edilmiş materiallar, icraatda olan və icraatına xitam verilmiş cinayət işləri üzrə qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığının yoxlanılması məqsədilə ona tapşırılmış cinayət işlərinin hər birini əsassız olaraq bir ay yarımdan artıq müddətdə özündə saxlayıb süründürülməçiliyə yol verməklə ciddi pozuntulara yol vermişdir.
Göstərilənlər nəzərə alınaraq və aparılmış xidməti yoxlamanın nəticəsi olaraq E.Abdullayev prokurorluq orqanlarından xaric edilmişdir. Prokurorluq orqanları əməkdaşlarının məsuliyyətinin yüksəldilməsi, xidməti və icra intizamının gücləndirilməsi, ciddi nəzarət mexanizminin təmin olunması hər bir əməkdaşdan tələb edilməklə yanaşı, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verən işçilərə qarşı Baş Prokurorluğun rəhbərliyi tərəfindən gələcəkdə də ən qəti tədbirlər görüləcəkdir”.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın