Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Elmar Məmmədyarovla yolun sonu? (

Elmar Məmmədyarovla yolun sonu? (

Diplomatların xaricə sığınması və Qarabağla bağlı uğursuzluqlar nazirin karyerasını bitirə bilər; ekspert: “XİN-də ağır vəziyyət yaranıb…”

 
Ötən həftənin ən çox müzakirə olunan mövzularından biri, heç şübhəsiz, azərbaycanlı diplomatların xaricdə sığınacaq istəmələri faktı oldu. Əlbəttə ki, diplomatlarımızın fərarilik etməsinin səbəbləri haqda yazılıb, hətta nazir Elmar Məmmədyarovun özünün açıqlaması da yayılıb.
Ancaq bu ilin yayında səfir Arif Məmmədovun siyasi çıxışlarından sonra geri çağırılması və onun da öz növbəsində Avropaya sığınmasından bu yana XİN sistemində baş verənlər narahatlıq doğurur. A.Məmmədov olaylarının ardınca bir neçə diplomatın cəzalandırılması xəbərləri, bu günlərdə isə dalbadal 3 diplomatın işlədikləri ölkədən geri qayıtmaqdan imtina edərək sığınacaq üçün müraciət etməsi ciddi qalmaqala çevrilib. Belə ki, əvvəlcə Avstraliyadakı səfirliyimizin 3-cü katibi Anar Həsənov, ardınca isə yenə həmin səfirlikdən daha bir 3-cü katibin bu ölkədə qalması xəbərləri (daha sonra özü təhsil məqsədilə qaldığını bildirdi) yayıldı.
Şənbə günü isə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərovun Niderland Krallığından sığınacaq istəməsi haqda xəbər yayılıb. 
Ancaq məlumatlı mənbələr, ekspertlər bu prosesin davam edəcəyini düşünür. Bəzilərinə görə, geri qayıtmaqdan imtina edən diplomatlar Bakıda sorğu-suala çəkiləcəkləri və ya sıxışdırılmaqdan ehtiyat etdikləri üçün qayıtmaqdan imtina edir. Yeri gəlmişkən, Niderlandda çalışan N.Cəfərovun “qiyamçı səfir” A.Məmmədovla yaxın olduğu, buna görə, geri qayıtmaq istəmədiyi ehtimal olunur. 
Bütün baş verənlər isə XİN üzərində ciddi suallar yaradır. Artıq 11 ildir xarici siyasət idarəsinə rəhbərlik edən Elmar Məmmədyarovun fəaliyyəti ilə bağlı ciddi suallar yaranır. Siyasi şərhçi Elxan Şahinoğlu Xarici İşlər Nazirliyində ağır vəziyyət yarandığını deyir.
 
Onun fikrincə, baş verənlər nazir Elmar Məmmədyarovun tədricən əməkdaşları üzərindəki nəzarəti itirdiyini göstərir: “Bir neçə ay əvvəl Azərbaycanın xaricdəki tanınmış diplomatlarından biri – Arif Məmmədov (Azərbaycanın AŞPA və Avropa Birliyindəki keçmiş səfiri) müxalifətə keçdiyini bəyan etdi, daha sonra Anar Həsənov adlı diplomat Azərbaycanın Avstraliyadakı səfirini korrupsiyada ittiham edərək Avstraliyadan siyasi sığınacaq istədi. Diplomatların xarici ölkələrə sığınması prosesi getdikcə geniş vüsət alır. XİN-in bu prosesə ”adı çəkilən diplomat bizdə işləmir” kimi reaksiyası gülüş doğurur. Çünki XİN səfirlik saytlarına əl gəzdirməyə gecikir, həmin saytlarda isə sığınacaq alan diplomatların isim və soyadları var. Beləliklə, Azərbaycanlı diplomatlar vətənə qayıdıb sorğu-sual olunmaqdansa, çalışdıqları ölkədə siyasi sığınacaq almağa üstünlük verirlər. Tənqidi statusu “like” etdiklərinə görə diplomatların işdən çıxarılmasının sonu elə belə olmalı idi. Gərək Arif Məmmədovla yolları ayırmaqla məsələyə nöqtə qoyardılar: “Bunun əvəzinə onunla dost olan, rəhbərliyi altında işləyən diplomatları da hədəf götürdülər. Bu, böyük səhv idi. Arif Məmmədovun XİN sistemində 20 ildən çox işlədiyini nəzərə alaraq onunla tanış olan diplomatların sayı yüzlərlədir. Onlar da siyasi sığınacağa üstünlük verməklə nazir Məmmədyarova ciddi zərbə vururlar”.
E.Şahinoğlu deyir ki, yaxşı diplomat yetişdirmək asan məsələ deyil, təcrübəli diplomatların itirilməsi Azərbaycanın həm gücünə, həm də imicinə ciddi zərbədir: “Bu illərdə XİN sisteminə savadlı gənclər cəlb olunublar, ancaq tapşırıqla gələnlər, arxası olanlar da az deyil. Sonuncular savadlı diplomatları sıxışdırırlar. Misal üçün, XİN-də və xarici ölkələrin birində çalışan gənc bir diplomat tanıyırdım. İşlədiyi ölkələrdə səfir də onu çox tərifləyirdi. Həmin gənc diplomat kasıb ailədən idi. Elə bu ”amil” də onun karyerasının sonu oldu. Deməli, həmin diplomat hərbi xidmətdən qayıtdıqdan sonra XİN-dəki işinə geri dönmək istədikdə ona mədəni şəkildə qapını göstərdilər. Bunu başqa arxası olmayan diplomatlar da görür və gələcək diplomatik karyeları üçün narahatlıq keçirirlər”.
Ekspert deyir ki, son hadisələr, yəni Avstraliya səfirliyində korrupsiya ilə bağlı faktları sadalayan və bununla bağlı Azərbaycan rəsmilərinə məktublar yazan diplomat Anar Həsənovun müraciətləri araşdırılmalı idi: “Birincisi, Anar Həsənovun sadaladığı faktların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Azərbaycanın Avstraliyadakı səfirinin fəaliyyəti araşdırılmalı, ikincisi, oxşar korrupsiya faktlarının başqa səfirliklərə sirayət edib-etmədiyi ilə bağlı XİN-də xüsusi komissiya yaradılmalı idi. Bunların heç biri edilməyib, sanki elə belə də olmalıdır. Belə çıxır ki, əgər Anar Həsənovun Avstraliyadakı səfir haqqındakı ittihamları doğrudursa, səfir gələcəkdə də korrupsiya fəaliyyəti ilə məşğul olacaq və kimsə onu dayandırmayacaq”.
 
E.Şahinoğlu əmindir ki, ermənilər diplomatların qaçışından beynəlxalq aləmdə əleyhimizə istifadə edəcəklər: “Xüsusən də nazir Məmmədyaroun üzərində kölgə qalır. Ermənistanla apardığımız informasiya müharibəsi dövründə siyasi sığınacaq alan  diplomatlarımız mövqelərimizi zəiflədir. Ən başlıcası isə son olaylar nazirin mövqelərini zəiflədir və siyasi sığınacaq istəyən diplomatlar artdıqca Elmar Məmmədyarov üçün yolun sonu aydın görünür. Onsuz da son zamanlar prezident İlham Əliyevin tənqid etdiyi nazirliklər arasında XİN-ə də işarə vurulur. Sonuncu dəfə XİN-in xarici vətəndaşlara viza verilməsinin ləngidilməsi tənqid edilmişdi. Məncə, prezident artıq Məmmədyarovun əvəz edilməsi üzərində düşünür”.
 
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanın xarici siyasəti, xüsusən də Dağlıq Qarabağla bağlı aparılan kurs faktiki olaraq uğursuzluğa düçar olub, ciddi nəticə vermir: “Son zamanlar Ermənistan müxtəlif ölkələrin tanınmış simalarının – deputatların, müğənnilərin, idmançıların, artistlərin Dağlıq Qarabağa səfərlərini təşkil edir. Azərbaycana qeyri-qanuni gələnlərin sayı o qədər çoxalıb ki, Xarici İşlər Nazirliyinin ”qara siyahısı”nda yer qalmayıb, bəlkə də yeni dəftər lazımdır. Dağlıq Qarabağa sərhədimizi pozaraq keçənlərin daha sonra Azərbaycana yolu bağlanır. Ancaq son iki hadisə göstərir ki, Azərbaycan XİN-in işi getdikcə çətinləşir. Məsələn, XİN qeyri-qanuni Dağlıq Qarabağa gedən futbolçu Mxtaryan və şahmatçı Aroyana Azərbaycana qapılarını açmaq məcburiyyətində qaldı. Mxtaryan “Borrusiya-Dortmund” futbol komandasının tərkibində Azərbaycana səfərə hazırlaşır, Aronyan isə Bakıdadır. Dağlıq Qarabağa gedən bir başqa tanınmış simanı Azərbaycana buraxmasalar, onun “bəs Mxtaryanla Aroyanı niyə Azərbaycana buraxdız” dedikdə bizim XİN bu suala necə cavab verəcək? XİN deyəcək ki, Mxtaryan və Aroyan komanda tərkibində gəlmişdilər və ona görə Bakıya buraxıldılar? Ona qalsa, Dağlıq Qarabağda olan hansısa opera müğənnisi də Bakıya böyük bir orkestrin tərkibində təşrif buyura bilər.
Bu arada,  XİN Krım separatçılarının lideri Sergey Aksenovun Dağlıq Qarabağa səfərinə necə reaksiya verəcəyi haqqında düşünməlidir. Rusiyanın Krıma təyin etdiyi bu separatçı şəxs İrəvana səfərə hazırlaşır. Şübhə etmirəm ki, İrəvan Aksenovun Xankəndinə səfərini də təşkil etməyə çalışacaq. Ukraynanı parçalayan Aksenov Putinin yaxın silahdaşı, Kreml sahibinin “ən böyük layihəsini” həyata keçirən şəxsdir. Onu “qara siyahıya” daxil etmək cəsarət tələb edir”.

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın