Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Siyasət / “Elmar Məmmədyarov Azərbaycanca danışmağı bacarmalıdır”

“Elmar Məmmədyarov Azərbaycanca danışmağı bacarmalıdır”

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Belə ki, nazir Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.
Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışına qulaq asdığını bildirib:
“Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”.
Deputat müqayisə də aparıb:
“Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır. Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır. Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu. Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar”.
Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb:
“Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil. Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil. Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır”.

Həmçinin oxuyun

ƏLİ İNSANOV NƏRGİZ YAQUBLUNUN MƏZARINI ZİYARƏT EDİB – Foto

Bu gün prezident İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq səhiyyə …