Parlament yenə qaynayır. Bu dəfəki hadisənin kim tərəfindən edildiyini, tapşırığın hansı mərkəzdən verildiyini Vahid Əhmədov özü yaxşı bilər. Onu müdafiə etmək məqsədim yoxdur. Bu şəxslə heç əməlli-başlı tanışlığa sahib də deyiləm.
Blogerin ondan götürdüyü müsahibəsilə də MM- də indilərdə tanış olmuşam. Həmin müsahibədə mənim də razılaşmadığım bir-iki məqam vardır. Onlar o qədər açıq formada deyilmişdir ki, təkrar üzərinə qayıtmağı vacib saymıram.
Lakin Vahid Əhmədovun əvvəlki müsahibələrində bundan daha sərt şəkildə tənqidi qeydlərinə dəfən-dəfən rast gəlmişik. Böyük bir sual meydana çıxır: bəs niyə o zaman MM-dən səs-səda eşidilmirdi!? Axı bundan daha sərt formada çıxışlarına düz və ya əyri tez-tez rast gəlirdik. Mən bütövlükdə dünənki MM-in iclasını yerə vurmaqdan uzaqda dayanaraq məsələyə münasibətimi bildirmək istəyirəm.
Son 10-15 ildə MM-in bəzi deputatlarının bu cür qızqın şəkildə od püskürməsinə şahid olmamışdım. Parlamentin rəhbərliyinin mövqeyini anlamaq, başa düşmək doğrusu mənim üçün çox çətindir.
Fəqət, bu məsələdə yeganə bir motiv var: o da dövlətin və onun rəhbərinin həyata keçirdiyi mühüm vəzifələrin üzərinə kölgə salmaqdan ibarətdir. Mən burada başqa bir nəticə görə bilmirəm. Baxın, parlamentin hay-küy qopardığı həmin gün cənab prezident ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində Bolqarıstanda hansı vacib işlərlə əlaqədar memorandum sənədlərinə imza atılmasına nail olur, bizimkilər də burada-Bakıda hansı demoqogiya ilə məşğuldur?
Prezident qayıdır Vətənə, nə qədər yorğun olsa da əynini dəyişib əsgəri geyimlə , cəbhə bölgələrinə, Laçın dəhlizinə yollanır. MM prezidentimizin bu işini müzakirə edib ona sağ ol demək əvəzinə şəxsi siyasi qovğaları dövlət başçımızın can yanğısı ilə Azərbaycan naminə gördüyü işlərin fövqünə qaldırmaqda maraqlı görünür?!
Eldar SABİROĞLU