Ana səhifə / Siyasət / Eldar Mahmudovun heyfini Akif Çovdarovdan alırlar

Eldar Mahmudovun heyfini Akif Çovdarovdan alırlar

“Təpəgöz” ləqəbli odioz generalın həm də sabiq şefinə yönələn qəzəbin hədəfinə çevrildiyi iddia olunur; “O, bilməli idi ki, oğurluqla, quldurluqla, soyğunçuluqla qazanılan pullar 1 gün əlindən alınacaq”

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov təqaüddən də məhrum edilib. Bunu musavat.com-a açıqlamasında A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib. Onun sözlərinə görə, Akif Çovdarova yaşa görə təqaüdünün verilməsi ilə bağlı bütün sənədlər hazır olub. Amma təqaüdün verilməsinə problemlər yaradılıb. 
“Akif Çovdarovun nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna bütün sənədləri təqdim etmişdi. Sənədlər qaydasında idi və pensiya kartının alınması vaxtı da açıqlanmışdı. Dövlət Təhlükəsizlik Xidmətindən də lazmi sənədlər fonda göndərilmişdi. Lakin son anda fonddan bildirilib ki, DTX sənədləri geri tələb edib. Buna görə də pensiyanın verilməsi dayandırıldı”.
Vəkil bununla bağlı DTX-yə da müraciət etdiklərini deyib: “DTX-nin müvafiq idarsindən bildirildi ki, bu barədə göstəriş olduğu üçün sənədləri geri alıblar. Başqa bir izah verilmədi”.
Yada salaq ki, bu açıqlamadan əvvəl vəkil Akif Çovdarovun hüquqlarının tapdanması səbəbi ilə aclıq aksiyası keçirdiyini, ona tibbi yardım göstərilmədiyini açıqlamışdı.
Bu məlumatlar yayılandan sonra belə xəbərlər dolaşmağa başlayıb ki, odioz generala qarşı sərgilənən münasibət əslində Eldar Mahmudova yönələn qəzəbdən qaynaqlanır.
Akif Çovdarov MTN-ə, MTN-dəki yüksək vəzifəyə məhz Eldar Mahmudovun birbaşa dəstəyi ilə gətirilmişdi. Çovdarov Mahmudovun sağ əli olub.
 
A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə A.Çovdarovu həmin idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib. Eldar Mahmudovun “vuran əli” və “qara kassa”sı kimi tanınıb. 
“Təpəgöz” ləqəbli odioz general əsasən iş adamlarının qorxulu yuxusuna çevrilmişdi. Onun MTN-də qeyri-rəsmi olaraq əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını, yerli iş adamlarını soymaq olub. E.Mahmudov vəzifəsindən qovulandan sonra iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.
Bu baxımdan, A.Çovdarova qarşı sərgilənən münasibətin Eldar Mahmudova yönələn qəzəbdən qaynaqlanması haqda xəbərlərdə həqiqət yükünü inkar etmək olmaz.
Çünki Mahmudov və onun komandası iş adamları ilə yanaşı, bu gün əməllərini araşdıran məmurların özlərinə, ən müxtəlif dövlət qurumlarında çalışan yaxınlarına belə qan uddurub, pullarını əllərindən alıblar. Bir müddət əvvəl Daşkəsənin icra başçısı Əhəd Abıyev A.Çovdarovun ona qarşı əməliyyatından danışmışdı. Məlum olmuşdu ki, ötkəmliyi ilə ad çıxaran icra başçısından belə A.Çovdarov pul qoparmağa çalışıb. Onun adamlarını həbs etdirib, Ə.Abıyevin ünvanına nalayiq sözlər işlətməkdən, onu təhdid etməkdən, boynunu sındırmaqla hədələməkdən çəkinməyib. Əlbəttə ki, A.Çovdarov bütün bunları vəzifəsinə, Eldar Mahmudova güvənərək edib. Buna şübhə yoxdur. Bu gün A.Çovdarovun 11 il ərzində etdikləri öz başına gəlir. Vaxtilə onun ən sərt şəkildə etdiklərini, bu gün ona bir qədər yumşaq şəkildə qaytarırlar.
 
Məsələnin bu tərəfi də var ki, A.Çovdarov etdiklərinə görə qanun qarşısında cavab verməlidir. O, cinayət törətdiyinə görə təqaüddən məhrum edilə bilərmi? 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, “Əmək pensiyaları haqda” Qanuna  görə, kimliyindən asılı olmayaraq yaşa görə təqaüd düşürsə, həmin şəxs qeydiyyatda olduğu ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir: “Akif Çovdarova təqaüd düşürsə, ona 10 gün müddətinə təqaüd təyin etməli idilər. İnanmıram ki, Akif Çovdarova təqaüd təyin olunması üçün qanuni əsaslar olub. Olsaydı, təyin edərdilər”.
M.Baxış deyir ki, A.Çovdarova təqaüd verilməsindən törətdiyi cinayətlər səbəbindən imtina mümkün deyil:“İttiham aktında onun hansı cinayətləri törətməsi, 40-50 milyonluq əmlakına həbs qoyulması məsələnin mahiyyətini dəyişmir. Əgər təqaüd yaşı çatıbsa, 10 gün ərzində ona təqaüd təyin etməlidirlər. Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Akif Çovdarov MTN-də çalışarkən yalnız cinayətkar əməlləri haqda məlumatlar gəlib. Onun cinayət məsuliyyətinə cəlb olunması üçün həmin illərdə müsahibələr verib çağırışlar edirdik. Onun MTN-də işləməsi Azərbaycan dövlətini nüfuzdan salırdı. Bu gün Akif Çovdarov guya hüquqlarının pozulması ilə bağlı fikirlər səsləndirir. Düşünürəm ki, bu fikirlərin heç bir əsası yoxdur”.
M.Baxış deyir ki, Azərbaycan qanunvericiliyinə görə, xüsusilə ağır cinayət törətmiş şəxslərə belə təqaüd təyin olunması yasaqlanmır: “Təqaüddən məhrumetmə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. Şəxs ağır, xüsusilə ağır cinayət törədibsə belə, bu əsasla ona  təqaüd təyin etmədən imtina edilə bilməz. Yəni Akif Çovdarovun evindən 70 milyon manat çıxıbsa belə, bu, ona təqaüd verilməsindən imtina üçün əsas deyil. Onun əmək haqqı ən çoxu 1200 manat olardı. A.Çovdarov hələ işlədiyi dövrdə bilməliydi ki, oğurluqla, quldurluqla, soyğunçuluqla qazanılan pullar bir gün əlindən alınacaq. Görünür, savadı, tərbiyəsi, əxlaqı belə hərəkətlərə yol verməsinə imkan verib. Bununla belə, bütün bunlar onun təqaüddən məhrum edilməsinə əsas vermir”.
 
Xatırladaq ki, Akif Çovdarov oktyabrın 25-i, saat 09:00-dan aclıq aksiyasına başlayıb. Buna səbəb kimi səhhətində yaranan problemlərin müalicəsinə süni problemlər yaradıldığını göstərib. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın