Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Siyasət / Eldar Mahmudovun generalları “8-ci kilometr bazarı” savaşından qalib çıxır

Eldar Mahmudovun generalları “8-ci kilometr bazarı” savaşından qalib çıxır

Hakim bazarın sahibi Salman Səfərovu həlledici mərhələdə məhkəmədən qovdu; generalın xanımı Nüşabə Əsədovanın söylədikləri unuduldu?
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir. Ötən prosesdə ifadə verənlərdən biri də sabiq nazir Eldar Mahmudovun müavini Hilal Əsədovun həyat yoldaşı olub. Hazırda 4 saylı uşaq poliklinikasında baş həkim işləyən Nüşabə Əsədova “səkkizinci kilometr bazarı”nın yağmalanması, zorla, şantajla sahiblərinin əlindən alınması epizodu üzrə ifadə verib.
“Vosmoy” bazarının sahiblərindən zorla alınması haqda məlumatlar yeni deyil. 2015-ci ildə MTN-də məlum həbslərdən illər öncə mətbuatda bu haqda məlumatlar olub. Detallı olmasa da, bilinirdi ki, bazarı sahiblərinin əlindən generallar alıb. Belə götürəndə elə indinin özündə də bazar düyününün tam açıldığını söyləmək olmaz.

Image result for Hilal əsədov
2015-ci ildə MTN-dəki məlum olaylardan cəmi 1 ay sonra N.Əsədova criminal.az saytına açıqlama vermişdi. Xanım Əsədovanın dediklərindən bir hissəyə diqqət edək.
Sitat: “Haradadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki, heç nəyimiz yoxdur”.
Hər şeyə şübhə ilə yanaşan istintaqçılar ittiham aktına generalın həyat yoldaşı N.Əsədovanın ifadəsini yazıblar. N.Əsədova da məhkəmədə deyib ki, ittiham aktında yazılanları təsdiqləyir. Baş həkim məhkəmədə də deyib ki, bazarı atası alıb, özü də həyat yoldaşından borc götürüb alıb və sonradan ona bağışlayıb. Yəni bu qədər sadə.
N.Əsədovanın mətbuatda yayılan və məhkəmədə söylədiyi ifadəsindən sitat:
“2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı. Sonra atam bazarı mənə bağışladı”.
2 həftə öncə “MTN işi”ndə eyni epizod üzrə – “Vosmoy” bazarının sənədli-sübutlu sahiblərindən olan Salman Səfərovun söylədiklərinə də diqqət edək.
S.Səfərov hakimlərin diqqətinə çatdırıb ki, bazar 2001-ci ilə qədər Çingiz Əsədov, Səftər və Abdulla adlı şəxslərin olub: “1995-ci ildən 1999-cu ilə qədər mən həmin bazarda meyvə-tərəvəzin topdansatışı ilə məşğul olmuşam. Həmin dövrdə qardaşlarım bazar işi ilə məşğul olmurdular. 1999-cu ilin sonlarında Çingiz Əsədov Əlisa Məhərrəmova və mənə təklif etdi ki, bazarı sizə icarəyə verim, işlədin. Razılaşdıq ki, bazarın 50 faizini bizə icarəyə verirlər. Çingiz bazarda otursa da, digər iki şəxs demək olar ki, bazara gəlmirdilər. Həmin gecə digər şəriklər- Səftər və Abdulla da bazara gəldilər, razılaşmada iştirak etdilər. Bundan 2-3 ay sonra Çingiz Əsədov bazarı tam olaraq bizə icarəyə verdi. 2001-ci ilin əvvəllərinə qədər Çingiz Əsədovun qardaşları Elşən, Əsrəddin, Fəxrəddin, Həbib, Vahid Əsədovlar da bazarda ayrı-ayrı işlərlə məşğul idilər. 2001-ci ilin əvvəlində Elşən Əsədov işlətdiyi dükanın icarə haqqını vermədiyinə görə Çingiz Əsədov onu özünün mühafizəçilərinə döydürdü. Bundan sonra Elşən Əsədov gedib Əsrəddinin dükanından yağ bıçağını götürüb Çingizi öldürməyə gəldi. Elşən onu sakitləşdirməyə çalışan mühafizəçi Azəri öldürdü. Mühafizəçi öləndən sonra Elşəni də, Çingizi də tutdular. Sonradan Ələddin adlı qardaşları Çingizi həbsdən azad etdirmək üçün hamımızdan pul yığdı. Çingiz Əsədov azad olunandan sonra borcları qaytarmaq məqsədilə, şəriklərinin adına xələl gəlməsin deyə bazardan uzaqlaşmaq istədiyini dedi. Hələ o dövrdə Çingiz Əsədova dedim ki, narahat olmasın, borc-xərci işləyib verəcəyik. Çingiz dedi ki, burada qala bilməz, şərikləri ilə də razılaşıb ki, bazarı satıb Moskvaya qayınlarının yanına gedir. 2001-ci ilin əvvəllərində bazarı 220 min dollara satırdı. Həmin vaxt biz təklif etdik ki, bazarın 50 faizini bizə sat, alaq. Çingiz Əsədov bizdən 120 min dollar aldı. Bundan sonra notariusa gedib tam ortaqlıqla bağlı razılığını bildirdi, qardaşım Cəfər Səfərov bazarın tam yarısına sahib oldu. 2002-ci ilin ortalarında Çingiz Əsədov dedi ki, qalan 50 faizi də satıram. İmkanımız yox idi, borc alıb, bazarı tam olaraq ondan aldıq. Çingiz Əsədovun ailə üzvləri də notariusa gəlib alqı-satqıya etiraz etmədiklərini bildirdilər”.
S.Səfərov deyir ki, 2005-ci il dekabrın 16-na qədər bazarda işləyiblər: “Həmin gün bazardakı ofisimizə MTN-çilər basqın etdi. Ofisdə qardaşım Qəhrəman, bazarın direktoru Əyyub Novruzov, mühasib Akif Əzimov, mən və başqa işçilər də vardı. Onlar Qəhrəmanı tutdular, məni soruşdular, dedim ki, burada idi, getdi. Oradan bazarın sıravi işçisi kimi çıxdım və qardaşım Cəfərə baş verənlər haqda xəbər verdim. Sonradan bildim ki, MTN-çilər Akif Əzimovu, Qəhrəmanı, Əyyub Novruzovu özləri ilə aparıblar. Bundan sonra Akif Çovdarov dövrəyə girdi və bazarı əlimizdən aldı. Həmin vaxt biz haqq səsimizi ölkə rəhbərliyinə çatdırmaq üçün yollar axtarırdıq. İstintaqa o dövrdə ölkə rəhbərliyinin adına, o dövrdə milli təhlükəsizlik nazir olan Eldar Mahmudovun adına vurduğum teleqramların surətini təqdim etmişəm. Həmin teleqramda bildirirəm ki, bizə məxsus bazarı general Akif Çovdarov mənimsəyib, zor gücünə, qardaşlarıma işgəncələr verməklə əlimizdən alıb. Həmin teleqramların surətini məhkəməyə də təqdim edirəm. Burada Akif Çovdarov, Hilal Əsədovun yaxınları elə danışırlar ki, sanki bazarı biz onların əlindən almışıq. Bu cinayət bizə qarşı törədilib”.

Image result for çovdarov
S.Salmanov hakimlərə üzünü tutaraq deyib: “Bu gün Hilal Əsədov öz ”KQB” üsullarından istifadə etməklə ictimai rəyi çaşdırmaq istəyir. Yalandan xəbər yayırlar ki, guya bizim Fərhad və Rafiq Əliyevlərlə əlaqəmiz olub. Başkəsən, cinayətkar bunlar yox, bizik. Əgər bizim cinayətimiz var idisə, bu illər ərzində bizi niyə həbs etməyiblər?”
S.Salmanov məhkəmədə vəsatətlə çıxış edərək bazarın keçmiş şəriklərindən olan Səftər və Abdulla adlı şəxslərin məhkəməyə şahid qismində çağırılmasını xahiş edib. Deyib ki, bazarın alqı-satqısı razılaşmasında hər 3 şərik – Səftər, Abdulla və bu gün məhkəmədə Akif Çovdarovun dediyi ilə hərəkət edən Çingiz Əsədov iştirak ediblər: “Çingiz Əsədov həmin razılaşmanı dana bilər, amma digər iki şəxs də var axı. Qoy onlar da məhkəməyə gəlsinlər, biz Səfərov qardaşlarının bazarın onlardan pul verib aldığımızı və ya başqa formada əllərindən alınıb-alınmamasını söyləsinlər. Onda bilinəcək ki, kim həqiqəti deyir, kim isə yalan danır”.

Image result for Eldar Mammudov
S.Səfərovun vəsatətindən sonra məhkəmədə ara qarışıb, ona məhkəməyə şahid qismində çağırılmasını xahiş etdiyi hər iki şəxsin hazırda böyük vəzifələr daşıdığını deyiblər. Özünü də məsuliyyətli olmağa çağırıblar. Qarışıqlıq vəsatətin təmin olunmaması ilə sonuclanıb. Yəni məhkəmə “Vosmoy” bazarı düyününü açmaq üçün şahidin təqdim etdiyi vəsatəti heç bir əsas göstərmədən təmin etməyib. Bu vəsatətin müəllifi olan S.Səfərovu sonrakı proseslərə ümumiyyətlə buraxmayıblar. Məhkəmə üçün son dərəcə vacib, həlledici məqamda Salman Səfərovu zaldan çıxarıblar və onu məhkəməyə buraxmırlar. Halbuki həqiqətin üzə çıxması üçün bu şəxsin ifadələri, digər şəxslərlə üzləşdirilməsi göydəndüşmə fürsətdir. Hakimlər isə bu fürsəti özlərindən uzaqlaşdırıblar. Niyəsini “Vasmoy” bazarındakı alverçilər bilir.
Belə bir vəziyyətdə generalların “Vosmoy” bazarı uğrunda savaşı, carpışması hazırda məhkəmə müstəvisində davam edir. Udan tərəfin Eldar Mahmudovun generallarının olacağına isə heç bir şübhə yoxdur.

Həmçinin oxuyun

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə …

Bir cavab yazın