Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / “Eldar Mahmudovun dustaqları” niyə buraxılmır?

“Eldar Mahmudovun dustaqları” niyə buraxılmır?

Bəhruz Bayramov: “Səbəb mənim üçün də qaranlıq olaraq qalır”
“MTN əməliyyatı”, onun ardınca baş verən proseslər, təyinatlar hələ də cəmiyyətdə müzakirə olunur. İctimai sektor, media camiyəsi üçünsə bu proseslərdə ən çox sual doğuran məqam sabiq MTN-çilərin keçirdikləri əməliyyatlar üzrə həbs edilən məşhurlardır.
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, eləcə də “Bizim Yol” qəzetinin əməkdaşı Pərvis Həşimli bu qəbildəndir. “MTN işi”ndən sonra onların azadlığa buraxılacağı ilə bağlı ümid vardı. Bəs niyə bu, baş vermədi? Hakimiyyət ifşa olunmuş “MTN çetesi”nin həbs etdiyi qələm adamlarını nə üçün türmədə saxlamağa davam edir?
P.Həşimlinin vəkili Bəhruz Bayramov bildirdi ki, bugünlərdə P.Həşimlinin işi ilə bağlı Ali Məhkəmənin plenumuna müraciət edəcəkər. Bir neçə günə müraciət sözügedən ünvana çatacaq. Müsahibimizin sözlərinə görə, MTN əməliyyatından sonra P.Həşimlinin azadlığa buraxılacağı ilə bağlı onun da ümidi vardı: “27 oktyabr 2015 tarixində, MTN əməliyyatından 10 gün sonra onun işinə baxırdılar. Həmin vaxt hesab edirdim ki, ədalətli hökm çıxaracaqlar. Amma bu, baş vermədi. Niyəsini anlamadım. Halbuki MTN-çilərin çoxu həbs olundu, işdən çıxarıldı. Əsas fiqurlardan biri olan İlqar intihar etdi. Amma qurama, saxta ittihamlarla həbs olunan Pərviz Həşimli hələ də türmədədir. Düzünü deyim ki, səbəbini özüm də bilmirəm”.
“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, bu məsələyə iki cür yanaşmaq olar. Onun fikrincə, indi əsas məsələ bu dustaqların Eldar Mahmudovun olub-olmaması ilə bağlı suala cavab tapmaqdır: “Birinci versiya budur ki, əgər bu dustaqlar həqiqətən də Eldar Mahmudovundursa, onlar mütləq tezliklə azadlığa buraxılmalıdır. Çünki onun dustaqlarıdır. Amma burda bir nüans ola bilər ki, bu azadlığa buraxılma qanun çərçivəsində olsun. Məhkəmə instansiyasına müraciət olunsun. Rauf Mirqədirovla bağlı apelyasiya şikayəti verilib. İndi məhkəmə şikayəti təmin edəcəksə, deməli, Rauf Mirqədirov Eldar Mahmudovun dustağıdır”.
E.Şıxlı bildirdi ki, hazırda E.Mahmudovun özü azadlıqdadırsa və bu dustaqlar azadlığa buraxılmırsa, deməli, bu dustaqlar onun deyil: “Bu işin uzanmasına görə həmin fərziyyəyə üstünlük verilir. Amma müəyyən söhbətlər, versiyalar var. Ümid etmək istəyirik ki, Rauf da, Pərviz Həşimli də onun dustaqlarıdır və azadlığa çıxacaqlar. Hər iki variantda ortada ciddi faciə var. Əgər onlar sabiq nazirin dustaqlarıdırsa, insanları hansısa nazirin məntiqinə görə tutmağın özü faciədən xəbər verir”. (musavat.com)

Həmçinin oxuyun

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi”

“1990-cı ilin yanvarında Bakıya qoşun yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə …

Bir cavab yazın