Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Eldar Mahmudovu kimlər qoruyur?

Eldar Mahmudovu kimlər qoruyur?

11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinin Avropada təxminən 100 milyon avroluq – 200 milyon manata yaxın biznes imperiyası qurduqları ortaya çıxıb. Araşdırma Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə “onun ailə üzvləri ilə əlaqəli şirkətlər və daşınmaz əmlak biznesləri” barədədir. Bu əmlak və şirkətlərin hamısı demək olar ki, Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovaya aiddir.

Beynəlxalq Araşdırmaçı  Jurnalistlər  Qrupunun sorğusuna cavab olaraq  Anar Mahmudov və Nərgiz Mahmudova vəkil vasitəsilə ailələrinin sərvətlərinin bir əcdadlarından, 19-cu əsrdə yaşamış sahibkar Aslan Aşurovdan miras qaldığını bildiriblər. Eldar Mahmudovun övladları Londonda məşhur “Harrods” dükanı yaxınlığında təxmini dəyəri 17.35 milyon funt sterlinqə (21,4 milyon dollar) alınmış bir ev də daxil olmaqla, dəbdəbəli mülklər əldə ediblər, təhqiqatda deyilir. Həmin mülkün – idman zalı, spa, kinoteatrlı dördmərtəbəli binanın Londonun varlı məhəllələrindən birində  yerləşdiyi bildirilir. Araşdırmada iddia olunur ki, bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Paul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Ofislərin ümumi dəyəri 13,5 milyon funt sterlinq (16, 7 milyon dollar) təşkil edib.

Anar Mahmudovun 2018-ci ilin yarısınadək Londonda bir restoran və barın sahibi olduğu da qeyd edilir. Araşdırma 2019-cu ilin noyabr ayında Man adasındakı Cayman Milli Bankının Ltd. (CNBIOM) ələ keçirilmiş və internetdə yayımlanmış müştəri sənədlərinə əsasən aparılıb. Bu bank sənədlərində bir şirkət vasitəsilə böyük məbləğdə pul köçürməsinin narahatlıq yaratdığı və buna görə araşdırma aparıldığı iddia olunub. Sənədlərdə deyilir ki, Cahangir Hacıyevin həbsi və Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra Cayman Milli Bankında Mahmudovla bağlı hesablar bağlanıb.

Eldar Mahmudovun London mülkləri üzə çıxandan sonra onun personasına baxış bir az da dəyişib. O, vəzifədə bir az da qalsaydı, nələr baş verə bilərdi? Onun indiyədək məlum olan həyat və iş tərzi nələri deməyə əsas verir?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudov siyasi hakimiyyətə can atırdı: “Onun təsəvvüründəki idarəçilik modeli qorxu və təhdid üzərində qurulmuş və özündə diktatura elementlərini də ehtiva edən kriminal-avtoritar sistem idi. 2010-cu ildən başlayaraq, onun bu istiqamətdəki səyləri sistemli xarakter almışdı: özü və şəcərəsi barəsində kitab çap etdirir, ölkənin siyasi dairələrində təmsil olunanlar haqda böyük həcmdə ifşaedici materiallar toplayır, özünün siyasi qurumunu gücləndirmək istiqamətində fəaliyyətini artırır,  beynəlxalq təşkilatların və xarici ölkələrin səfirlik və nümayəndəlikləri ilə əlaqələrini intensivləşdirir, xarici kəşfiyyatlara ölkədə geniş meydan verir, xaricdə siyasi mühacir statuslu agentura şəbəkəsi yerləşdirir və nəhayət, 2015-ci ilin parlament seçkilərində  Milli Məclisdə özünə loyal böyük deputat qrupu yaratmağa hazırlaşırdı”.

Ərəstun Oruclu bildirib ki, bunların hamısı siyasi hakimiyyətə can atmağın əlamətləridir: “Eldar Mahmudovun bir sıra xarici ölkələrin siyasi dairələri ilə əlaqələr qurmaq cəhdlərini də bura əlavə etsək, mənzərə tam aydınlaşır. Məqsədi öncə baş nazir postuna yiyələnmək, ardınca isə prezident postunu ələ keçirmək idi. Bu planlar barədə onun bəzi tərəfdaşları öz çevrələrində çəkinmədən danışırdılar”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun qayəsi, amalı pul yığmaq idi: “Bu adamı dövlətin təhlükəsizliyi maraqlandırmırdı. Baxmayaraq ki, rəhbərlik etdiyi qurumun adı Milli Təhlükəsizlik Nazirliyi idi. O qalsaydı daha çox pul yığacaqdı, üsyan olacaqdı. Üsyanı müxalifət yox, Eldar Mahmudovun pulunu aldığı nazirlər, komitə rəhbərləri və digər məmurlar edəcəkdilər. Onların küçəyə çıxacağını demirəm, gedəcəkdilər prezidentin qəbuluna, deyəcəkdilər ki, canımız boğazımıza yığılıb. Tağı Əhmədov sindromu bütün məmurları bürüyəcəkdi. Burada başqa məsələ də var. Pul çoxaldıqca, sadəcə, var-dövlət həvəsi qalmır, hakimiyyətin zirvəsinə qalxmaq həvəsi artır. Ola bilsin, Eldar Mahmudov elə bir tələ fikirləşərdi ki, hakimiyyətə keçsin. Gedişat ora aparırdı. Sərhədsiz pul toplamaq sərhədsiz hakimiyyətə həvəsi alovlandırır. Tarix belə faktlarla zəngindir”.

İlham İsmayıl deyir ki, Eldar Mahmudovun Londonda üzə çıxan mal-mülkü onun var-dövlətinin çox az bir hissəsidir: “Çovdarovun 2-3 əməliyyatı üzə çıxan həmin o var mal-mülkü əldə etməyə bəs edərdi. Eldar Mahmudov ”OBXSS” olanda dükançılardan 1 manat yığırdı. Necə olur ki, o, böyük sərvətlərə sahiblənib? Sovet hökuməti harada qalmışdı ki, Eldar Mahmudovun dədə-babasında o qədər pul, sərvət qoya? Onların Aşurovlarla bağlı söylədikləri yalan söhbətdir”.

İlham İsmayıl Eldar Mahmudovun böyük cinayətləri qarşısında onun barəsində tədbir görülməməsini təəccüblü sayır: “Özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Əvvəl deyirdilər ki, baş verənlər onun komandasının günahıdır, ona aidiyyəti yoxdur, pul yığmayıb. Bu da sizə əyani sübut! Buna sözünüz nədir? Eldar Mahmudov niyə yenə arağını içib kefini çəkir? Sübutlar ortadadır və yenə də Eldar Mahmudova toxunulmur”.

Həmçinin oxuyun

İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir

Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə …