Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudov vəzifədən niyə çıxarıldı? – Şərh

Eldar Mahmudov vəzifədən niyə çıxarıldı? – Şərh

Bütün bu islahatlar kifayət qədər ardıcıl və xüsusi bir əzmlə aparılır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, ilahatların MTN-dən başlaması kifayət qədər düşünülmüş addımın nəticəsidir:

“Əslində, ictimaiyyət üçün bir qədər gözlənilməz hadisə oldu. Eldar Mahmudov haqqında indiyə qədər heç bir kompromat, heç bir tənqid səslənməyib. Amma dövlət struktur və kadr islahatlarına artıq start verib. Bu islahatların Milli Təhlükəsizlik Nazirliyindən başlaması ictimaiyyət üçün bir qədər gözlənilməz olsa da, əsassız deyil. Əlbəttə, Azərbaycan təcavüzkar bir ölkə ilə müharibə şəraitində yaşayır, ölkəyə Yaxın Şərqdən müxtəlif terrorçu qrupların sızması halları baş verir. Eyni zamanda ölkəmizin milli siyasi quruluşuna uyğun olmayan baxışları yayan müxtəlif vəhhabi təriqətlərin və bu qəbildən olan digər dini təriqətlərin yayılması prosesi gedir. MTN bu istiqamətdə – İŞİD-dən qopub qaçanların, İŞİD-ə adam cəlb edənlərin, eləcə də ölkədə müxtəlif terrorçu qruplaşmaların ifşa edilməsində az rol oynamayıb. Amma görünüt, milli təhlükəsizliklə bağlı MTN üzərinə düşən funksiyanı tam yerinə yetirməyib. Burda başqa məqamlar da var”.

Korrupsiya və rüşvət hallarının son illər MTN-də də yayıldığını deyən politoloq islahatların davam edəcəyini proqnozlaşdırır:

“Prezident son müşavirədə korrupsiya və rüşvətə qarşı mübarizədə qəti iradə ortaya qoyduğunu bir daha nümayiş etdirdi. Etiraf edək ki, hər zaman bu çirkabdan uzaqda olan MTN-nin adı son illər neqativliklərdə hallanır. Rüşvətin MTN sisteminə yayıldığını müşahidə edə bilərik. Hər halda, MTN sistemində müəyyən adamların müxtəlif obyektlər tikdirməsi, Bakının ən səfalı yerlərində böyük villalar ucaltması halları var. Bu da nazirliyin yüksək ranqlı şəxsləri haqqında neqativ fikirlərin formalaşmasına gətirib çıxarıb. Əməliyyat xarakterli məsələlərdə, nazirlikdaxili mənəvi-psixoloji iqlimin təmin edilməsində, kadrların seçilib yerləşdirilməsində və bütövlükdə dövlətin bel sütunu sayıla biləcək bu təşkilatın işinin səmərəli təşkilində ciddi qüsurlara yol verildiyi etiraf olunmalıdır. Bu səbəblər Prezident İlham Əliyevin qəti addım atmasına gətirib çıxarıb”.

Qabil Hüseynli vurğuladı ki, bu addım Prezidentin müəyyənləşdirdiyi şəffaflıq siyasətində nə qədər böyük iradə ortaya qoyduğunun əyani sübutudur:

“Bu, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının social-iqtisadi yekunlarına həsr olunan 12 oktyabr müşavirəsində Prezidentin korrupsiya və rüşvət hallarına, neqativliyə qarşı ictimaiyyətə və komandasına ötürdüyü mesajın nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Ona görə də köklü islahatların davam edəcəyinə şübhə qalmadı. Prezident İlham Əliyev xalqın rifahı, ölkəmizin təhlükəsizliyi üçün ortaya böyük siyasi iradə qoyub və hamı bundan nəticə çıxarmalıdır”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov oktyabrın 17-də vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın