Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / Eldar Mahmudov keçmiş iş yoldaşının əmlakını necə ələ keçirib?

Eldar Mahmudov keçmiş iş yoldaşının əmlakını necə ələ keçirib?

Ləğv edilmiş MTN-in keçmiş rəhbəriyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşmanın sahibkarların əmlakını, biznesini quldurcasına ələ keçirdiyinə dair yeni faktlar aşkarlanır.

Cinayətkar qruplaşmanın əməlindən ziyan çəkənlərdən biri də Daxili İşlər Nazirliyinin (DİN) sabiq əməkdaşı, istefada olan polkovnik-leytenant Zaur Məmmədovdur.

Virtualaz.org saytına müraciət edən Zaur Məmmədov keçmiş nazir Eldar Mahmudov və Akif Çovdarov tərəfindən himayə olunan quldur dəstə tərəfindən aldadıldığını deyir: “Hadisə 2010-cu ildə baş verib. Qaynatamın Salyan şosesinin yaxınlığında “Qabil B” yanacaqdoldurma məntəqəsi vardı. Oğlum Teymur Məmmədov isə o zaman tələbə idi. Onun dərsdən sonra yanacaqdoldurma məntəqəsində çalışmasını məsləhət gördülər. Beləliklə o, yanacaqdoldurma məntəqəsində çalışmaqla iş həyatını öyrənəcəkdi”.

Z.Məmmədov deyir ki, Teymur neft bazasına yanacaq almağa gedəndə müəyyən şəxslərlə tanış olub. Həmin şəxslər Teymura yanacaq satacaqlarını vəd ediblər.

Beləliklə 20 yaşlı Teymur quldur dəstənin toruna düşüb. Onun bildirdiyinə görə, dəstə əvvəlcədən Teymurun kim olduğu, atasının hüquq-mühafizə orqanlarında çalışdığı haqda məlumatlar toplayıblar. Yəni bu plan bir neçə ay əvvəl qurulub. “Oğlum dərsdə olduğu zaman onun adından zəng edərək yanacaq sifariş veriblər. Bundan sonra Teymurun onlara 1 milyon manat borcu olduğunu deyiblər. Borcun əvəzində isə ondan yanacaqdoldurma məntəqəsini tələb ediblər. Bir sözlə, oğlumun təcrübəsizliyindən istifadə ediblər, ona fiziki və mənəvi təzyiq göstərilib,  yanacaqdoldurma məntəqəsini ələ keçirməyə çalışıblar. Amma yanacağın satılmasına dair heç bir sənəd, alqı-satqı müqaviləsi yoxdur”.

Z.Məmmədov həmin şəxslərin kommersiya fəaliyyəti ilə məşğul olmasını təsdiqləyən sənədin olmadığını söyləyir. “Oğlumun onlara borclu olmasını təsdiqləyən sənəd də yoxdur”-keçmiş polis əməkdaşı bildirir.

Şikayətçi bildirir ki, oğlu dəstənin təkidi ilə “Dəmirbank”dan kredit götürüb: “Mən yalnız bankdan kredit götürəndən sonra hadisədən xəbərdar olmuşam. Bundan sonra milli təhlükəsizlik naziri Eldar Mahmudova yazılı müraciət etmişəm. Eldar Mahmudovla DİN-də bir idarədə işləmişik. Buna görə də, ondan hadisənin obyektiv araşdırmasını istəyirdim. Lakin MTN-ə müraciətdən sonra həmin dəstə evimə hücum etdi. Sonradan bildim ki, Eldar Mahmudov nazir təyin ediləndən sonra reketçiliklə başqalarının əmlakını mənimsəməyə başlayıb”.

Zaur Məmmədovun MTN-ə ünvanladığı müraciətə cavab verilib. Məktubda göstərilir ki, bu işə baxılması nazirliyin səlahiyyətində deyil: “Bizə dedilər ki, yanacaqdoldurma məntəqəsinin sahibi özü gəlməlidir. Sözarası başa saldılar ki, pul vermək lazımdır”.

“Dəmirbank” İdarə Heyətinin sədri Akif Çovdarovun qudasıdır. Quldur dəstə toruna saldığı adamları məhz bu banka yönləndirib. Z.Məmmədov deyir ki, Akif Çovdarovun kürəkəni, yəni bankın idarə heyətinin sədrinin oğlu da MTN-də işləyib. İşə isə Akif Çovdarovun MTN-də çalışan bacısı oğlu baxıb: “Oğluma hədə-qorxu gəlib onu “Dəmirbank”a istiqamətləndiriblər. Deyiblər ki, orada tanışlarımız var, kredit götürməyə kömək edəcəklər. Oğlum bizə demədən bankdan 150 min, 100 min, sonradan isə 50 min manat kredit götürərək onlara ödəyib. Həmin pul oğluma heç bir zamin və ya girov olmadan verilib. Mən bu barədə hüquq-mühafizə orqanlarına şikayət etdim. Bu şikayətdən sonra bank yaşadığım mənzili girov kimi götürdü. Daha doğrusu, mənzili girov götürməyi təklif etdi. Mən faktın araşdırılacağı, işə obyektiv qərar veriləcəyini düşünərək etiraz etmədim. İndiyədək mənzilim girovdadır”.

Şikayət hüquq-mühafizə orqanları tərəfindən Baş Prokurorluğa təqdim edilib. Və beləliklə, fakt üzrə cinayət işi qaldırılıb.

Zaur Məmmədov söyləyir ki, 6 ay istintaq aparılıb. Sonradan isə heç bir əsas gətirlmədən işə xitam verilib. Oğlunun bu pulları kimə verdiyi bəlli olsa da heş kim cəzalandırılmayıb: “Onlardan biri istintaqda özünü qismən təqsirli bildi. Verdiyi ifadədə bildirib ki, oğlumdan 300 min manat deyil, 33 min manat alıb. Amma 33 min manatın nəyə görə alındığı araşdırılmadı. Heç bir sənəd olmadığına görə onları məsuliyyətə cəlb etmək lazım idi. İşə xitam veriləndə isə yazıldı ki, bu, mülki işdir, tərəflərin öz aralarında olan məsələdir”.

Zaur Məmmədov “Dəmirbank”a 45 min manat kredit ödəyib. Həmin vəsait isə faiz borcuna görə çıxılıb. Bank 65 min manatlıq kredit borcuna görə məhkəməyə müraciət edib. Şikayətçi söyləyir ki, neçə vaxtdır proses uzana-uzana gedir: “Bu pul Akif Çovdarovun sifarişi ilə iş görən quldur dəstənin cibinə gedib. Buna görə də, işə yenidən baxılmasını tələb edirəm. MTN-də araşdırma aparan Akif Çovdarovun bacısı oğlu olub. Bu fakt üzrə cinayət işi qaldırılmalıdır. Satılmayan yanacaq üçün süni yaradılmış borc dələduzluq hesab edilməlidir”.

Qeyd edək ki, cinayət işinin xətm olunması ilə bağlı Bakı Şəhər Prokurorluğunun qərarından şikayət edilib. Belə ki, qərarla bağlı Səbayel Rayon Məhkəməsində iddia qaldırılıb. Məhkəmə isə prokurorluğun qərarını qüvvədə saxlayıb. “Oğlum Teymura qarşı cinayət əməli törədənlərdən heç biri məsuliyyətə cəlb edilmədi. Ali Məhkəmədə onlardan soruşdular ki, “siz neft məhsulu satmısınız və borc yaranıb. Bəs kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün icazəniz, vergi qeydiyyatınız, müəssisələriniz varmı”.  Onlar heç bir müəssisə və sənədlərin olmadığını dedilər. Məhkəmə bu şəxslər arasında olan alqı-satqı əməliyyatında cinayət əlamətləri olduğuna dair qərar verdi”-deyə Z.Məmmədov əlavə edir.

İş yenidən Baş Prokurorluğa göndərilib. Baş Prokurorluq isə Ali Məhkəmənin xüsusi qərarını Vergilər Nazirliyinin vergi cinayətləri araşdırma departamentinə göndərib. Departament alqı-satqı əməliyyatlarının aparılmasında heç bir sənədin olmamasını əsas gətirərək vergi cinayəti olmadığını açıqlayıb.  Z.Məmmədovun sözlərinə görə,  həmin adamların müəssisəsi olmadığından, vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiklərindən Vergilər Nazirliyi vergidən yayınma halının olmadığına qərar verib.  Baş Prokurorluq isə məsələni araşdırmayıb.

Z.Məmmədov dələduzluq yolu ilə onları aldadan, pullarını mənimsəyənlərin cəzalandırılmasını, işə yenidən baxılmasını tələb edir.

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın