Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / “Elçibəy bizə YAP-ı yaradanları qorumağı tapşırırdı” – İsgəndər Həmidov

“Elçibəy bizə YAP-ı yaradanları qorumağı tapşırırdı” – İsgəndər Həmidov

Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş sədr müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev demokrat.az-a müsahibəsində bildirib ki, AXC hakimiyyəti dövründə Heydər Əliyevi müdafiə edənlərə təzyiqlər olurdu.

Hətta Əli İnsanovun rəhbərlik etdiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası hakimiyyət tərəfindən partladılmışdı: “Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda hamı aradan qaçırdı, əksəriyyəti Heydər Əliyevin adını çəkməkdən belə qorxurdu. Amma tibb elmləri doktoru, professor olan Əli İnsanov Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktoru olduğu Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanası Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılmışdı. Buna görə institut bir neçə gün soyuqda qaldı. Ancaq Əli İnsanov bu çətin günlərdə Heydər Əliyevi müdafiə etməkdən geri çəkilmədi”.

Xalq Cəbhəsi hakimiyyətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov “Yeni Müsavat”a bildirdi ki, Əli Nağıyev əsası olmayan açıqlamalar verib: “Əbülfəz Elçibəy hakimiyyəti dövründə nə Heydər Əliyev tərəfdarlarına, nə də ümumiyyətlə, başqa müxalifət təşkilatlarına təzyiqlər olub. Əli İnsanovun rəhbərlik etdiyi institutun partladıldığı barədə söhbətlər uydurmadır. O zamanlar da belə uydurmanı ortaya atmışdılar. Prezident Əbülfəz Elçibəyin şəxsi göstərişi ilə araşdırma aparıldı və heç bir təsdiqini tapmadı. O vaxtlar belə uydurmaları həm hakimiyyəti gözdən salmaq, həm də Naxçıvanda yaşayan Heydər Əliyevə yaltaqlanmaq, ona özlərinin əzabkeş olduğunu süni şəkildə göstərmək üçün ortaya atırdılar.

AXC hakimiyyəti dövründə heç bir müxalifətçiyə, müxalifət partiyasına təzyiq yox idi. Bir nəfər də olsun siyasi məhbus həbsə atılmamışdı. Yeni Azərbaycan Partiyası məhz Elçibəy hakimiyyəti zamanı təsis olundu, bütün qurultay və konfranslarını keçirməyə şərait yaradılmışdı. Fizika İnstitutunda YAP-ın yaradılması ilə bağlı yığıncaq keçirdilər. Əbülfəz Elçibəy şəxsən bildirdi ki, demokratiyadır, hər kəsin toplaşmaq, siyasi partiya yaratmaq hüququ var, onlara da bu hüququ tanımaq lazımdır. Əbülfəz Elçibəy bizə hətta YAP-ı yaradanları qorumağı da tapşırırdı”.

İ.Həmidov onu da bildirdi ki, Əbülfəz Elçibəy hətta hakimiyyətin mitinqində müxalifətçilərə çıxış üçün söz verirdi: “Hərbi paraddan sonra mitinq oldu, mitinqdə müxalifət təmsilçilərinə, məsələn, Nemət Pənahlıya prezident Əbülfəz Elçibəy çıxış üçün söz verdi. Onlar da çıxış edib hakimiyyəti sərt tənqid etdilər. Müxalifətçilərə bütün tədbirlərini keçirməyə şərait yaradılırdı. Dövlət televiziyasında gündə iki saat YAP-ın sədr müavini Siruz Təbrizlinin verilişi olurdu. Bütün veriliş boyu Siruz Təbrizli hakimiyyətin ünvanına tənqid söyləyirdi. Bütün bunlar hamısı tarixdir. Bir nəfər də olsun YAP üzvünə təzyiq yox idi, bir nəfər belə həbs edilməmişdi. Heydər Əliyevin qatı tərəfdarları kimi çıxış edən məşhur ”91-lər”in başında akademik Fərəməz Maqsudov dururdu. Fərəməz Maqsudov Əbülfəz Elçibəyin ən yaxın adamlarından, ən hörmət etdiyi alimlərdən biri idi. İndi Əli Nağıyev AXC dövründə Heydər Əliyev tərəfdarlarına hansı təzyiqlərdən danışır, başa düşülən deyil. Mən Əli Nağıyevi ağıllı adam bilirdim”.

AXC hakimiyyəti dövründə baş nazir işləmiş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, Əli İnsanovun Heydər Əliyevi açıq dəstəklədiyinə görə 1992-ci ildə direktor işlədiyi Azərbaycan Elmi-Tədqiqat Vərəm İnstitutunun qazanxanasının Xalq Cəbhəsi hakimiyyəti tərəfindən partladılması və buna görə institutun bir neçə gün soyuqda qaldığı haqqında sabiq nazir Əli Nağıyevin açıqlaması cəfəngiyyatdır, Xalq Cəbhəsi hakimiyyətinə qarşı böhtandır: “Ümumiyyətlə, hər kəsin istənilən hadisədən danışmaq hüququnu qəbul edərək, mən Əli İnsanov tərəfdarlarına, o cümlədən Əli İnsanovla Xalq Cəbhəsi hakimiyyətinin münasibətlərini təftişinə girməməyi tövsiyə edərdim. Həm də ona görə ki, həmin münasibətlər həqiqətən birmənalı olmamışdır və bunun indi xatırladılması və təftişi hesab etmirəm ki, onların xeyrinə olar”.

Həmçinin oxuyun

“Zəngilanın azadlığı, Xudafərində dövlət sərhəddimizin bərpası misilsiz hadisələrdir…”

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının …