Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Elə etməliyik ki, Laçınsızlığın, Şuşasızlığın 26-cı, 27-ci ildönümlərini də qeyd etməyə ehtiyac qalmasın

Elə etməliyik ki, Laçınsızlığın, Şuşasızlığın 26-cı, 27-ci ildönümlərini də qeyd etməyə ehtiyac qalmasın

Laçınsızlığın 25-ci ili də gəldi. Bu günə Laçınsızlıq günü də demək olar. Düz iyirmi beş ildir ki, bizim bir gözümüz ağlayır, o biri gözümüz isə… Yox,yox, o biri gözümüz gülmür, elə o da yol çəkir. El-oba həsrətli laçınlıların gözləri illər uzunudur ki, o yollara dikili qalıbdır. Vətən həsrəti hər bir insanımızı sızladır. Təkcə laçınlıları yox, bütün vətənpərvər insanlarımızı sızladır.
25 il az müddət deyil. El arasında deyildiyi kimi 25 il bir cavanın ömrüdür. Bu illər ərzində bütöv bir nəsil yetişib. Orta və yaşlı nəslin nümayəndələrindən fərqli olaraq indiki gənclər, uşaqlar Laçını görməyiblər. Onlar Laçın haqqında yalnız dərsliklərdən məlumat alıblar, ağızlardan eşidiblər. Bəzilərinin isə Laçın və işğal edilmiş digər yurd yerlərimiz haqda ümumiyyətlə, heç bir təsəvvürləri yoxdur. Odur ki, biz bu gün Laçın haqqında məlumatları, Qarabağı tanımağı, Şuşamızı sevməyi müxtəlif vasitələrlə uşaqlara və gənc nəsilə aşılamalıyıq. İmkan vermək lazım deyil ki, böyüməkdə olan nəsilin qan yaddaşında işğal altında olan yurd yerlərimizlə bağlı məlumat boşluğu yaransın, mənəvi əlaqələr qırılsın, gənclərimiz öz kökündən və adət-ənənələrindən ayrı düşsün.
Mən itirilmiş torpaqlarımıza, o cümlədən Laçınımıza qayıdacağımız günü səbirsizliklə gözləyirəm. Biz bir məsələni bilməliyik ki, ağlamaqla, sızlamaqla heç nə dəyişməyəcək. Biz ayaqda durmalıyıq, mübarizə aparmalıyıq, torpaqlarımızın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi işinə hər birimiz öz töhfəmizi verməyə çalışmalıyıq. Bu, təkcə dövlətdən, ordudan asılı olan bir iş deyil. Heç kəs düşünməsin ki, Qarabağı işğaldan azad etmək yalnız ordunun vəzifəsidir. Xeyr, bu kökündən yanlış düşüncədir. Qarabağ savaşı təkcə ordunun savaşı deyil. Bu savaş bütün azərbaycanlıların savaşıdır. Odur ki, hər birimiz əlimizdən gələni etməliyik. Elə etməliyik ki, Laçınsızlığın, Şuşasızlığın, Qarabağsızlığın 26-cı, 27-ci ildönümlərini də qeyd etməyimizə ehtiyac qalmasın.
 
Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın