Duqin sükutunu pozdu: bu, nəyə işarədir? – TƏHLİL

Politoloqlar özləri də iki qrupa bölünür: bir qismi politologiya ilə akademik peşə kimi məşğul olur. Onların müəyyən hadisələrə baxışları nə qədər mötəbər olsa da real və praktiki siyasətlə təmasları olmadığından son nəticədə sırf akademik yanaşma kimi də qarşılanır.

Elələri də var ki, akademizm sarıdan hətta ən öncüllərdən olmasalar da hakimiyyət mənsublarına çıxışları olduğu üçün onların fikir və mülahizələri daha çox diqqət çəkir.

A.Duqini məhz ikincilərə aid edərdik. Ona görə yox ki, bu rusiyalı politoloq akademizm sarıdan “axsayır”. Xeyr, sadəcə o səbəbdən ki, bəziləri onun təsirini həddən artıq şişirdərək bu adamı hətta “Kremlin ideoloqu” adlandırsalar da, hər halda, belə epitetlər tamam əsassız da deyil. Duqinin Kremllə ünsiyyətinin forma və üsulları bizə tamam bəlli olmasa da, biz də razılaşırıq ki, onun dediklərini və yazdıqlarını Moskvanın rəsmi siyasi kursuna bilavasitə dəxli olan bəyanatlar kimi qəbul etmək olar.

Doğrusu, uzun müddət idi ki, Duqinin Ermənistandakı olaylarla bağlı açıqlmalarını gözləyirdik. Lakin siyasi dövriyyədə olan digər politoloqlardan fərqli olaraq Duqin ya susurdu, ya da biz onun bu konteksdəki fikirlərini diqqətdən qaçırırdıq. Amma düşünürük ki, belə deyildi – ən azı, ciddi Azərbaycan mediası bu rusiyalı politoloqun bəyanatlarını diqqətdə saxlamağı bacarır.

Əslində Duqinin Ermənistan hadisələri ilə bağlı pauza saxlaması da bir daha onun real siyasətə yaxınlığına dəlalət edir – rəsmi Kremlin siyasət maşını İrəvanda cərəyan edən hadisələrə hələ açıq münasibət sərgiləmir – aydın məsələdir ki, hələ gözləyirlər…

Ancaq bu günlərdə A.Duqin də Azərbaycanda keçirilən bir siyasi foruma qatıldı. Açığı, forumun adı bir qərbçi insan kimi bizdə azacıq qıcıq yaratsa da, bütün hallarda hesab edirik ki, o, heç də uğursuz deyildi və müəyyən reallıqları əks etdirirdi. Həqiqətən Azərbaycan-Rusiya əlaqələri Cənubi Qafqazda ən yaxın və ən isti əlaqalər olmasa da, hər halda, ən stabil əlaqələrdir. Böyük siyasətdə isə stabil və dayanıqlı əlaqələr heç də isti və yaxın əlaqələrdən az önəm kəsb etmir, çünki burada müəyyənlik var: hər iki tərəf bilir ki, onlardan heç biri digərinə fors-major situasiya yaşatmayacaq, onu mürəkkəb və çətin vəziyyətdə qoymayacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, qonşularla münasibətlər onun üçün hər zaman ən prioritet məsələ olaraq qalır və demək olar ki, qonşuların da – istər Moskvanın, istərsdə də Tehranın bu bəyanatları dəfələrlə sınamaq imkanı olubdur.
Düşünürük ki, elə A.Duqinin də forumda “Azərbaycanla münasibətlər Moskva üçün ön plandadır” deməsi bunun etirafıdır və heç də ötücü bir siyasi konyukturadan qaynaqlanmır.

Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Cənubi Qafqazda həqiqətən də maraqlı proseslər yaşanır. Bir daha deyirik ki, Kreml rəsmiləri və onlara yaxın politoloqlar qiymətləndirmələrlə bağlı hələ tələsmirlər.Amma etiraf edirlər ki, “180 dərəcə dönüş baş verməsə də, hər halda, erməni inqilabının Qərbə meylliyi aşkardır”.

Bizə isə elə gəlir ki, “kartlar” hələ bir müddətdən sonra açılacaqdır: ölkədə növbədənkənar parlament seçkiləri siyasi müstəvidə hər şeyi yerbəyer edəndən sonra inqilabın da əsl rəngi bilinəcək, Ermənistan siyasətinin istiqaməti də. Düşünürk ki, Kremldə də bunu gözləyirlər.

Hərçənd daha məlumatlı Kreml əhlinin səbri başqa gümanlar üçün də əsas yaradır: əgər İrəvanda baş verənlər Moskva üçün sürpriz olsaydı, onlar N.Paşinyanın illərlə qurulmuş şəbəkəni necə sakitcə sökməsinə, kriminal Qarabağ siyasi klanını necə tərksilah etməsinə bu qədər sakit tamaşa etməzdilər.

Biz də bu konteksdə dəfələrlə qeyd etmişik ki, hətta Cənubi Qafqazın digər ilk liderlərindən fərqli olaraq heç L.Ter-Petrosyanın da Kremllə problemi yox idi; problem yalnız onda başladı ki, Petrosyan Qarabağ müstəvisində fərqli siyasət yürütmək istədi.

İndi də Kreml üçün iki amil əsasdır: İrəvanın gələcək geosiyasi oriyentasiyası və Dağlıq Qarabağ probleminə baxışı. Bunlardan hətta ikincisi belə mahiyyət etibarilə birinciyə tabedir: MDB, Avrasiya Birliyi və KTMT-dan uzaqlaşacağı təqdirdə İrəvan Qarabağı heç yuxuda belə görməyə cəsarət etməməlidir.

Hələlik erməni inqilabının bu tərəfi qaranlıq qalır və bir daha deyirik ki, “kartlar” seçkilərdən sonra açılacaq. Amma onu da dedik ki, Kreml əhli adi siyasi yazarlardan, hətta politoloqlardan daha çox bilirlər. Duqinin də “Rusiya üçün Azərbaycanla əlaqələr daha öndədir” deməsini ilkin mesaj kimi qəbul etmək olar. Məsələnin qalan tərəfi – bu fikri necə dəqiqləşdirmək və ondan hansı praktiki nəticələr çıxarmaq isə diplomat və siyasətçilərimizin işidir…

Zdrave universal kremi zdrave forte