Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Siyasət / Duqin nədə haqlıymış..

Duqin nədə haqlıymış..

İkinci Qarabağ savaşından bir az əvvəl rusiyalı politoloq Aleksandr Duqin yazmışdı ki, Qarabağ problemi yalnız regional müstəvidə həll oluna bilər.

Duqinin formuluna görə, bu prosesdə Rusiya neytral ölkə kimi, İran Ermənistan tərəfindən, Türkiyə isə Azərbaycanın müttəfiqi kimi çıxış etməli idi.

Doğrusu, bu məsələdə bir detal bizdə etiraz doğurdu. Yox, məsələ heç də Rusiyanın neytral ölkə kimi çıxış etməsində deyildi. Söhbət Duqinin İranı ermənipərəst ölkə kimi təqdim etməsində idi.

Amma zaman göstərdi ki, rusiyalı politoloq haqlı imiş. Son vaxtlarda biz bir daha əmin olduq ki, İran sözün əsl mənasında Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasında maraqlı deyilmiş. Sadəcə, zaman-zaman biz özümüzü aldatmaqla məşğul olmuşuq.

Düzdür, burada bir az dolaşıqlıq da vardı. Məsələ bundadır ki, Tehran dəfələrlə İrəvanı təcavüzkar dövlət kimi tanımışdı. Amma görünür, bu da kağız üstündə imiş. Reallıqda isə İran həmişə Ermənistanın tərəfində imiş.

Həm də məsələ təkcə İranda deyil. Eyni sözləri Fransa haqqında da demək mümkündür. Fransa ATƏT-in Minsk qrupuna həmsədr kimi təyin olunarkən hamı deyir və yazırdı ki, gəlin belə etməyək, bu ölkə ermənilərin ən çox yaşadığı ölkələrdən biridir, qatı ermənipərəst siyasət yürüdür. Amma təəssüf ki, bütün bunlar eşidilmədi. Deyilirdi ki, başqa dövləti Ermənistan qəbul etməyəcək. Yenə də yazırdıq və deyirdik ki, lap yaxşı – bu halda iki həmsədr olacaq, ABŞ və Rusiya. Amma Fransanı inandıracaqlarını, döndərəcəklərini düşündülər və nəticəsi də bu gün gördüklərimiz oldu…

Qərəz, indi çox gərgin bir məqamdır. Biz İran haqqında nəticə çıxarmağa tələsmirik, molla rejimi hələ ki dirəniş göstərir. Amma əlli gündən çox vaxt keçib, iki yüz əllidən çox adam həlak olub. İranlılar özləri deyir ki, ölkə heç bir halda əvvəlki kimi olmayacaq. Olsun. Biz də ümidliyik. Di gəl, nəticələrlə tələsmirik. Həm də öz təhlükəsizliyimiz barədə düşünməli–daşınmalıyıq. İran bizimlə həmsərhəd, qonşu ölkədir. Burada milyonlarla Azərbaycan türkü yaşayır.

Bütün bunlar bizi prosesləri diqqətdə saxlamağa vadar edir. Bakının on illər ərzində İrandakı dini rejimlə dialoqu alınmadı. Rəsmi Bakı Tehranı daim inandırmağa, onu əmin etməyə çalışdı ki, ona qarşı heç bir məkrli planı yoxdur. İndi də suyu bulandıran Tehranın özüdür. Bu səbəbdən də İrandakı etirazçılara öz mənəvi dəstəyimizi verməliyik. Əlbəttə ki, ehtiyatı da əldən verməməliyik – Tehran diqqəti ölkənin içindən yayındırmaq üçün hər cür təxribata əl ata bilər. Sözsüz ki, Azərbaycan tək deyil. Amma ən son hadisələr göstərdi ki, Qərb ölkələri bir çox münaqişələrə qarşı olsa da, onlarda tərəf kimi iştirak etməyə tələsmirlər.

Bunu Ukrayna hadisələrində də gördük. Tehran bu məsələdə öz seçimini edib. Onun Rusiyaya dronlar verdiyi iddia olunur. Qərb nə etməlidir? Düşünürük ki, o, Ukraynanı ən müasir hava hücumundan müdafiə sistemlərilə təmin etməlidir…

Ukrayna müharibəsi, İrandakı son hadisələr, ABŞ-ın “Biz İranı azad edəcəyik!” deməsi belə təsəvvür yaradır ki, dünya yenidən bölüşdürülür. İran, əlbəttə ki, nüvə dövləti olan Rusiya deyil və ABŞ, eləcə də digər Qərb ölkələri bu məsələdə daha qətiyyətli ola bilərlər.

İran məsələsində regionun ən maraqlı dövlətlərindən biri də Azərbaycandır. Burada hər iki ssenari –İranda dünyəvi dövlətin bərqərar olması, yaxud da ki, bu ölkənin bölünməsi bu və ya digər dərəcədə Azərbaycanın da maraqlarına toxunur. Biz prosesdə iştirak etməliyik, amma ehtiyatı əldən verməmək şərtilə…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …